İsveç Ukraynaya “Archer” ÖAQ verməklə hərbi dəstəyini gücləndirir

İsveç Ukraynaya “Archer” ÖAQ verməklə hərbi dəstəyini gücləndirir

İsveç hökuməti Ukrayna Silahlı Qüvvələrinə 155 mm çaplı FH77 BW “Archer” (“Oxatan”) özüyeriyən artilleriya qurğuları (ÖAQ) verməklə hərbi dəstəyini gücləndirmək istəyir.

“Poliqon” “Expressen” nəşrinə istinadən xəbər verir ki, “Archer” ÖAQ göndərilməzdən əvvəl ehtiyatlardan çıxarılacaq və modernləşdiriləcək.

Belə ki, onlar uzun müddət saxlancda saxlanılıb. Bir çox hərbi mütəxəssislər “Archer” ÖAQ-ı “cərrahi” zərbələr endirmək üçün dəqiq alət adlandırırlar.

Qeyd edək ki, hələ ötən il oktyabrın sonunda isveçli polkovnik-leytenant Peter Liden “Archer” ÖAQ-ın Ukraynaya verilə biləcəyindən danışıb. İsveç Ukraynaya 48 artilleriya sistemindən 12-ni göndərə bilər.

“Archer” ÖAQ nəyə qadirdir?

155 mm çaplı “Archer”, Volvo A30D 6×6 şassisinə əsaslanan özüyeriyən artilleriya qurğusudur. O, “BAE Systems” konserni tərəfindən yaradılıb. İlk artilleriya qurğusu 2010-cu ildə üzə çıxarılıb və 2016-cı ildə “Archer” ÖAQ İsveç ordusunun silahlanmasına daxil edilib.

Özüyeriyən qurğu 155 mm-lik FH 77 BW L52 haubitsası ilə təchiz olunub, lüləsinin uzunluğu 52 çapdır. Atəşi idarəetmə sistemi kompüterləşdirilib. Atəşi idarəetmə sistemi bir neçə mərmi ilə bir zərbə (Multiple Round Simultaneous Impact – MRSI) atəş rejimini təmin edir. Məlumat üçün qeyd edim ki, MRSI rejimi bir neçə mərmi ilə (üçdən beşə qədər) hədəfə elə hücum etməyə imkan verir ki, onların hamısı eyni anda hədəfə çatsın.

Hədəfi maksimal məhvetmə məsafəsi adi qəlpəli-fuqas mərmilərlə 30 km, özütuşlanan döyüş elementli “Bonus” mərmilərlə 35 km, aktiv-reaktiv HHER (ERFB-BB) mərmilərlə 40 km, yüksək dəqiqlikli M982 “Excalibur” tipli mərmilərlə 60 km-ə qədərdir. Şossedə maksimal hərəkət sürəti saatda 70 km-ə qədərdir və yanacaq üzrə gediş ehtiyatı 500 km-dir. Döyüş vəziyyətində kütləsi 30 ton, heyəti 3 nəfərdən ibarətdir.

Qurğunun daşınan döyüş dəsti 21 dəst atəş yığımından ibarətdir. Atəş yığımları doldurma avtomatında daşınır. Atəş tezliyi dəqiqədə 9 atışa bərabərdir. Tam döyüş dəstini yaşayışsız qüllədəki tam avtomatik maqazinlərdən 2,5 dəqiqə ərzində atmaq mümkündür.

Mütəxəssislər bildirirlər ki, avtomatlaşdırma “Archer”i “manevr-atəş-manevr” rejimində kontr-batareya döyüşü və “cərrahi” zərbələr üçün dəqiq alətə çevirir.

Qurğu güllə, qəlpə və mina əleyhinə zirehli müdafiəyə sahibdir. Qurğunun lülə irəli olmaqla uzunluğu 14,1 m, eni 3,0 m və hündürlüyü 3,3-4,0 m-dir.

Qurğu əlavə olaraq ikinci silah kimi “Lemur” məsafədən idarə olunan döyüş modulunda 40 mm avtomatik qumbaraatan və ya 12,7 mm pulemyotla silahlandırıla bilir.

Hazırda “BAE Systems” konserni Böyük Britaniyanın “Mobile Fire Platform” layihəsi üçün 8×8 təkər formuluna malik RMMV (Rheinmetall Man Military Vehicles) HX2 şassisində “Archer” ÖAQ təklif edir.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş