İsveç və Finlandiya Britaniyadan 57 mm-lik 3P proqramlaşdırılan sursatlar alır
İsveç və Finlandiya Böyük Britaniyanın “BAE Systems” şirkətindən 57 mm-lik 3P proqramlaşdırılan sursatları alır.
“Poliqon” xəbər verir ki, bu barədə “BAE Systems” şirkəti məlumat yayıb.
Məlumatda bildirilib ki, 3P sursatının alqı-satqısı üçün şirkət İsveçin Müdafiə Avadanlıqları İdarəsi (FMV) ilə 18 milyon və Finlandiya Müdafiə Qüvvələri Logistika Komandanlığıyla (FDF LOG COM) 14 milyon ABŞ dolları dəyərində müqavilələr imzalayıb.
Müqavilənin şərtinə görə sursatın istehsal olunması və təhvil verilməsi ilə bağlı bütün işlər şirkətin İsveçdə yerləşən “BAE Systems Bofors” müəssisəsi tərəfindən həyata keçiriləcək.
3P sursatı həm Finlandiya, həm də İsveç Hərbi Dəniz Qüvvələrinin gəmilərinin silahlanmasında yer alan 57 mm-lik Mk110 (qlobal bazardakı adı “Bofors 57 Mk3”) dəniz topu tərəfindən istifadə edilir. Çoxməqsədli 3P atəş yığımı pilotsuz uçuş vasitələrinin, raketlərin, helikopterlərin, quru hədəflərinin, suüstü gəmilərin və sürü halında fəaliyyət göstərən düşmən qayıqlarının zərərsizləşdirilməsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Bofors 40 Mk4” top sistemindən atılabilməsi üçün 3P-nin 40 mm-lik variantı da istehsal olunur.