İsveçrə Hərbi Hava Qüvvələrini gücləndirir

İsveçrə qırıcıların və hava hücumundan müdafiə (HHM) sistemlərinin alınması üçün müqavilələr imzalayıb.
“Poliqon” xəbər verir ki, İsveçrənin Müdafiə Satınalmaları Federal İdarəsinin (Armasuisse) mətbuat xidməti F-35 qırıcıları və “Patriot” zent raket sistemləri üçün sövdələşmələrin təfərrüatlarını açıqlayıb.
Məlum olub ki, qırıcılar və HHM sistemləri İsveçrə Silahlı Qüvvələrinə planlaşdırıldığından daha ucuz başa gələcək. Beləliklə, 36 ədəd F-35A qırıcısı üçün 6,035 milyard İsveçrə frankı ödəyəcək, bunun 3,828 milyardı təyyarələrin özləri üçündür. Məbləğin qalan hissəsi isə logistika, ehtiyat hissələri, silahlar və təlim xərclərindən ibarətdir.
Bir ABŞ dolları üçün 0,95 İsveçrə frankı kursu ilə Armasuisse ilkin planlaşdırılan xərclərdən təxminən 300 milyon İsveçrə frankı qənaət edəcək. Sifariş edilən 5 ədəd “Patriot” HHM sistemi İsveçrəyə 1,987 milyard İsveçrə frankına başa gələcək. Bununla belə, silahların ölkənin Müdafiə Nazirliyinə çatdırılma vaxtı açıqlanmır.
İsveçrə Müdafiə Nazirliyi bu ilin iyun ayında “Air2030” tenderindən sonra F-35 qırıcısını və “Patriotu” HHM sistemini seçib. O dövrdə bildirilib ki, F-35A qırıcısı ən yaxşı döyüş qabiliyyətini nümayiş etdirərək və xeyli ucuzlaşaraq bütün rəqiblərini ötüb keçib.

Əhəd Əzizov




