QuruXəbərlər

İsveçrə Ordusu köhnə M109 ÖAQ-larını yeni nəsil artilleriya sistemləri ilə əvəzləyəcək

İsveçrənin Federal Silahlanma İdarəsi Almaniyanın “KNDS Deutschland” şirkəti ilə yeni artilleriya sistemlərinin tədarükünə dair satınalma müqaviləsi imzalayıb.

“Poliqon” İsveçrə Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “KNDS Deutschland” şirkətinin AGM (“Artillery Gun Module”) artilleriya modulu İsveçrənin “GDELS-Mowag” şirkətinin istehsalı olan “Piranha IV” təkərli platformasına inteqrasiya ediləcək.

Yeni sistem 1960-cı illərdən etibarən istismarda olan M109 özüyeriyən artilleriya qurğularını (ÖAQ) əvəz edərək İsveçrə Ordusunun dolayı atəş dəstəyi imkanlarını modernləşdirəcək. Layihə çərçivəsində 1 ədəd prototip və 32 ədəd seriyalı istehsal olunacaq ÖAQ satın alınacaq.

Müqavilə yalnız artilleriya sistemlərini deyil, həmçinin ehtiyat hissələrini, texniki xidmət avadanlıqlarını, sursat logistika vasitələrini, təlim və simulyasiya sistemlərini də əhatə edir.

Bundan başqa, yeni nəsil artilleriya mərmilərinin, partladıcı başlıqların və barıt yüklərinin ilk partiyası da tədarük olunacaq. Bu sursatlar hazırda istifadə edilən döyüş sursatları ilə müqayisədə hədəfə təsir gücünü artıracaq və artilleriyanın atəş məsafəsini genişləndirəcək.

İsveçrə Ordusu üçün nəzərdə tutulan yekun konfiqurasiyalı prototipin 2027-ci ildə hazır olması, 2028-ci ildə isə sınaq və sertifikatlaşdırma mərhələsindən keçməsi planlaşdırılır. Seriyalı istehsal olunan artilleriya sistemlərinin İsveçrə Ordusuna təhvil verilməsinə 2031-ci ildən başlanacaq.

AGM Almaniyanın “KNDS Deutschland” şirkəti tərəfindən hazırlanmış artilleriya moduludur. Sistem 155 mm/L52 çaplı NATO standartlarına (JBMoU) uyğun əsas topla təchiz edilib və müxtəlif təkərli və ya tırtıllı platformalara inteqrasiya oluna bilir.

AGM-in əsas üstünlüklərindən biri yüksək avtomatlaşdırma səviyyəsidir. Artilleriya modulu uzaqdan idarəolunur və mərmilərin, eləcə də atəş yığımlarının doldurulması tam avtomatik həyata keçirilir. Sistem 30 ədəd hazır mərmi və 144 ədəd modul atəş yığımı daşıya bilir. AGM dəqiqədə 9 atəş açmaq qabiliyyətinə malikdir.

155 mm/L52 topundan istifadə edən AGM müxtəlif növ NATO sursatlarını tətbiq edə bilir. Sistem baza mərmilərlə 40 kilometrə, V-LAP mərmiləri ilə isə 54 kilometrədək məsafədəki hədəfləri vurmağa qadirdir. Bundan əlavə, “Vulcano” və “Excalibur” kimi idarəolunan yüksək dəqiqlikli mərmilərdən istifadə etməklə daha böyük atəş məsafələrinə nail olmaq mümkündür.

AGM 360 dərəcə sektor üzrə atəş aça bilir və silah platformasının yüksək dayanıqlığı sayəsində bütün yüksəklik bucaqlarında tam döyüş yüklə atəş aparmaq imkanına malikdir. Sistem, eyni zamanda “Shoot and Scoot” (atəş aç və mövqeni dəyiş) və MRSI (Multiple Round Simultaneous Impact – müxtəlif trayektoriyalarla atılan bir neçə mərminin eyni anda hədəfə çatması) imkanlarını dəstəkləyir.

Sistemin mühüm xüsusiyyətlərindən biri hərəkətdə olan hədəflərə atəş açmaq qabiliyyətidir. Avtonom naviqasiya və rəqəmsal atəşi idarəetmə sistemi AGM-ə yüksək dəqiqlik və sürətli reaksiya imkanı verir.

Back to top button