
Xəzər dənizindəki “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin (DSX) 7 gəmisi və 6 helikopteri tərəfindən Fövqəladə Hallar Nazirliyinin helikopterləri ilə qarşılıqlı əlaqədə həyata keçirilir. Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Hazırda yanğın baş vermiş özüldən 100-150 km-dək məsafədə, həmçinin gündəlik olaraq havadan və qurudan sahilboyu ərazilərdə axtarış işlərinin aparılması təmin edilib.
Həyata keçirilən axtarış tədbirləri nəticəsində yanan platformaya aid əşyalar, xilasedici jiletlər və dairələr, xilasedici qayığın hissələri aşkar olunub. Axtarışlar vaxtı aşkar edilmiş əşyaların yerləri, dənizdə sualtı axınların, həmçinin küləyin istiqaməti nəzərə alınmaqla işlər davam etdirilir.
Preziden İlham Əliyevin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının müvafiq qərarları rəhbər tutulmaqla mütəmadi olaraq bilavasitə hadisə yerində yaradılmış qərargahda real vəziyyət qiymətləndirilməklə zəruri tədbirlər icra edilməkdədir.
Dekabrın 10-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov helikopterlə hadisə baş verən əraziyə və axtarış rayonuna baxış keçiriblər. Daha çox qüvvə və vasitələr cəlb edilməklə axtarış ərazisinin genişləndirilməsi barədə qərar qəbul edilib.










