Kahramanmaraşda fəaliyyət göstərən Azərbaycan Ordusunun hərbi tibb personalı təltif olunub

Kahramanmaraşda fəaliyyət göstərən Azərbaycan Ordusunun hərbi tibb personalı təltif olunub

Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərmək məqsədilə qardaş ölkəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı müdafiə nazirinin müvafiq əmrinə əsasən təltif olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, martın 29-da Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında təltif olunan hərbi qulluqçuların təqdimat mərasimi keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun tibb personalının təltif olunması ilə bağlı müvafiq əmri oxunub.

Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Firudin Nəbiyev çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunan tibb heyətinin fəaliyyəti qardaş ölkədə də yüksək qiymətləndirilib.

Qeyd olunub ki, hərbi tibb personalı Kahramanmaraşda Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə, ümumilikdə 81 cərrahi əməliyyat icra edib, 517 nəfərə isə ambulator yardım göstərib.

Tədbirdə Azərbaycan Ordusunun hərbi həkimlərinin Vətən müharibəsində də peşəkarlıq nümayiş etdirdiyi və Azərbaycan Prezidenti, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyi xüsusi vurğulanıb.

Tədbirin sonunda ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalına növbəti hərbi rütbə, medal və fəxri fərmanlar təqdim olunub.

Poliqon.az

CATEGORIES