
Rusiyanın “Kalaşnikov” konserni 40 mm-lik QP-34 lüləaltı qumbaraatanlarının böyük həcmli partiyasını yerli müştəriyə təhvil verib.
“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, cari il üzrə istehsal həcmi yüksək səviyyədə olan QP-34 hazırda xüsusi hərbi əməliyyat zonasında Rusiya Ordusunun bölmələri tərəfindən istifadə olunur.
QP-34 canlı qüvvənin və zirehsiz texnikanın qəlpəli-fuqas və termobarik qumbaralar vasitəsilə 400 metrədək məsafədə məhv edilməsi üçün nəzərdə tutulub. Bundan əlavə, o, hüquq-mühafizə fəaliyyətlərində qeyri-ölümcül döyüş sursatları, işıqlandırıcı və siqnal təyinatlı VOG-25 tipli atışlarla xüsusi tapşırıqların yerinə yetirilməsinə imkan verir. Qumbaraatandan həm düz, həm də asma trajektoriyalı atəş açmaq mümkündür.
Qumbaraatan öz seqmenti üçün xarakterik olan lülədən doldurulan klassik konstruksiyaya malikdir. Bu quruluş yüksək atəş tempi, rahat doldurma və boşaltma imkanları təmin edir. Müasir, lülə uzunluğu 415 mm olan “Kalaşnikov” avtomatlarına, o cümlədən AN-94 “Abakan” avtomatına quraşdırıla bilən QP-34, 20 ildən artıqdır ki, Rusiya Ordusunun və Daxili İşlər Nazirliyinin silahlanmasındadır.
Əsas xüsusiyyətləri:
- Məhvetmə məsafəsi – 400 m;
- Atəş rejimi – tək atış;
- Atəş tempi – dəqiqədə 5-6 atış;
- Quraşdırma dəsti olmadan kütləsi – 1,4 kq.




