
“Kalaşnikov” konserni “Vixr” tank əleyhinə idarəolunan raketini pilotsuz uçuş aparatlarına (PUA) qarşı istifadə üçün təkmilləşdirib.
“Poliqon” xəbər verir ki, bunu “Kalaşnikov” konserninin baş direktoru Alan Luşnikov TASS informasiya agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, “Vixr” raketi əvvəlcə Ka-52 hücum helikopterləri üçün “hava-yer” tipli tank əleyhinə raket kimi hazırlanıb. Raket 2023-cü ildə Ukraynanın əks-hücumu zamanı zirehli texnikaya qarşı döyüşlərdə effektivliyini nümayiş etdirib.
A.Luşnikov bildirib ki, döyüş meydanında PUA-lardan, o cümlədən fiber-optik kabellə idarəedilən dronlardan istifadənin genişlənməsi zirehli texnikanın əvvəlki qədər aktiv görünməməsinə səbəb olub və bununla əlaqədar “Kalaşnikov” raketi yeni məqsədlər üçün uyğunlaşdırıb: “Biz onu öz təşəbbüsümüzlə və öz vəsaitimiz hesabına təkmilləşdirdik, kontaktsız hədəf sensoru quraşdırdıq. İndi raket “hava-hava” prinsipi ilə işləyir”.
O vurğulayıb ki, təkmilləşdirilmiş raket artıq döyüş şəraitində tətbiq olunur. Raket lazer şüası üzrə idarə olunur, operator isə hədəfi müşayiət edərək onun tuşlanmasını təmin edir.
Konsern rəhbərinin sözlərinə görə, nəticədə Rusiya ərazisinin dərinliklərində yerləşən obyektlərə zərbə endirə bilən PUA-lara qarşı effektiv vasitə əldə edilib. Eyni zamanda, “Vixr” istənilən “yer-hava” tipli zenit raketdən əhəmiyyətli dərəcədə ucuzdur.
Raketin helikopterdən buraxılmasının üstünlüklərindən danışan A.Luşnikov, qeyd edib ki, PUA-ları aşkarlayıb müşayiət edə bilən helikopter raketin tətbiqi zamanı daha yüksək mobillik və tuşlama üçün əlverişli şərait yaradır.
“Vixr” raketlərinin iri PUA-lardan buraxılması imkanına münasibət bildirən konsern rəhbəri bunun xüsusi praktiki əhəmiyyət daşımadığını deyib. O bildirib ki, qarşı tərəfin PUA-larının həm Rusiya ərazisində, həm də digər ərazilərdə məhv edilməsinin zəruriliyi nəzərə alınmaqla, bu vəzifənin helikopterlərlə yerinə yetirilməsi daha sadə və etibarlı hesab olunur.




