Kamboca Çindən 100-dən artıq hərbi texnika alıb

Kamboca Çindən 100-dən artıq hərbi texnika alıb

Kamboca Ordusu müttəfiqi olan Çindən 100-dən artıq hərbi maşın və digər texnikalar alıb.

“Poliqon” xəbər verir ki, Kamboca kütləvi informasiya vasitələrində paylaşılan şəkillərdə Çin istehsalı olan təkərli nəqliyyat vasitələrinin Kamponqçnanq (Kampong Chhnang) əyalətində yerləşən ordu şəhərciyinə çatdırılması əks olunub.

Şəkillərdə ABŞ-ın “AM General” şirkətinin istehsalı “Humvee” zirehli avtomobilinin Çin surəti olan “Dongfeng EQ205” zirehli avtomobilini, “Dongfeng EQ2102N” yük maşınlarını, komanda məntəqəsi və ya radioqovşaq olan 4×4 təkər formullu avtomobilləri, həmçinin NORINCO Syp SH4500AR Lynx 8×8 yüngül amfibiya yüksək keçidlikli nəqliyyat vasitələrini görmək mümükündür.

Göründüyü kimi “NORINCO Lynx” nəqliyyat vasitəsinin quruluşu Kanadanın yüksək keçidlikli “Argo” nəqliyyat vasitəsi ilə çox oxşardır. Onun yükqaldırma qabiliyyəti təxminən 600-900 kq-dır. Nəqliyyat vasitəsində sürücü və 5 sərnişin üçün oturacaqlar nəzərdə tutulub. Kiçik həcmli dizel turbomühərriki ilə təchiz edilib. Avtomobil maksimum 45 km/saat sürət yığa bilir, yanacaq üzrə maksimal gediş ehtiyatı isə 250 km-dir. 8 təkər üzərinə tırtıllar quraşdırıla bilər. O, həmçinin təkərlər sayəsində suda hərəkət edən, 300 kq-a qədər yükqaldırma qabiliyyəti olan bir amfibiyadır. Buna görə də, bu nəqliyyat vasitəsi Kambocanın bataqlıqlarına və cəngəlliklərinə çox yaxşı uyğun gəlir.

Qeyd etmək lazımdır ki, bu, tərəflər arasında ilk belə razılaşma deyil və Kamboca ilə Çin arasında hərbi əməkdaşlığın artmasından xəbər verir. Kamboca Kral Ordusu hazırda Çin istehsalı olan silah və texnikalarla geniş şəkildə təchiz olunub.

Xatırladaq ki, 2020-ci ildə Kamboca Çindən 290 ədəd hərbi yük maşını alıb. Bunlar “SAIC-Iveco Hongyan” şirkəti tərəfindən istehsal olunan “GENLYON” avtomobilləridir (Çin 290 ədəd hərbi yük maşını ixrac edib).

Bu ilin may ayında isə Çin Kambocaya 300 mm-lik PHL-03 yaylım atəşli reaktiv sistemlərinin (YARS) partiyasını təhvil verib. PHL-03 reaktiv yaylım atəş sistemi Sovet istehsalı BM-30 “Smerç” YARS-ın Çin versiyasıdır (Kamboca Çindən PHL-03 YARS partiyasını alıb).

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES