Kəlbəcərin işğaldan azad edilməsindən iki il ötür
Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən iki il ötür.
“Poliqon” xatırladır ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altındakı torpaqlarımızı azad etmək üçün Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatlarının nəticəsində Ermənistan məğlub oldu.
Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu başa düşən Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.
Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirib.
Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələri 2020-ci il dekabrın 1-dən Laçın rayonunu tərk edib.
Azərbaycan Prezidenti İlham Əliyev 25 noyabr 2020-ci ildə televiziya ilə müraciətində Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.
Kəlbəcərin işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olunub.
Prezident İlham Əliyevin Sərəncamı ilə Kəlbəcərin işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.