Kəmaləddin Heydərov Qırğızıstanın fövqəladə hallar naziri ilə görüşüb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov iki ölkə arasında sıx dostluq münasibətlərinin mövcud olduğunu diqqətə çatdırıb. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti haqqında geniş məlumat verən nazir fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqmətində iki ölkənin müvafiq qurumları arasındakı mövcud əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev 16 dekabr – Azərbaycan Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə təbriklərini çatdırıb. Hər iki nazirlik arasında mövcud münasibətlərin inkişaf etdirilməsinin vacibliyini önə çəkən B.Ajikeev əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu bildirib, birgə əməkdaşlığın perspektivlərindən danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşün yekunu olaraq “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyi arasında 2022-2025-ci illər üçün perspektiv əməkdaşlıq Planı” imzalanıb.
Sonra qonaqlar Azərbaycan FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi və Əməliyyat zallarının, İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Daha sonra Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutunun Bakı şəhərində yerləşən Sertifikat-Sınaq Mərkəzinin fəaliyyəti ilə tanış olub, “Materialların yanğın təhlükəsizliyi”, “Fiziki-kimyəvi analiz” və “Təbii və keramik divar daşları, üzlük materialları” laboratoriyalarının açılışını ediblər.
Məlumat verilib ki, İnstitut müasir avadanlıq və sınaq texnologiyalarından istifadə etməklə tikintidə mövcud olan inşaat materiallarının müayinə-sınaq işlərini, müxtəlif təyinatlı bina və qurğuların müayinəsini, eləcə də onların seysmik dayanıqlığının qiymətləndirilməsini, materialların yanğın təhlükəsizliyinin təyini, geoloji-axtarış və bu kimi digər işləri aparır. İnstitutun laboratoriyaları AZS İSO/İEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” beynəlxalq standartlarına uyğun akkreditasiya olunub. Yeni yaradılan “Materialların yanğın təhlükəsizliyi” laboratoriyasının əsas fəaliyyəti material və məhsulların yanğına dayanıqlılığının öyrənilməsindən və standart üsullarla müəyyən olunmuş tələblərə uyğunluğun dəqiq sınaq nəticələrini təqdim etməkdən ibarətdir. “Fiziki-kimyəvi analiz” laboratoriyasında quraşdırılan optik-emissyon və rentgen spektrometrləri metaldan, metal ərintisindən, filizdən, sementdən, çınqıldan, gildən, qumdan, gipsdən və s. materiallardan olan nümunələrin sınağını həyata keçirməklə, nəticədə materialın kimyəvi tərkibi haqqında dəqiq məlumat alınmasına imkan verir. İnstitutun “Təbii və keramik divar daşları, üzlük materialları” laboratoriyasında gil və təbii dağ süxurlarından olan daşlar üzərində elmi-tədqiqat işləri həyata keçirilməklə, onların fiziki xassələri araşdırılır.
Laboratoriyalar Türkiyə və Avropanın qabaqcıl ölkələrinin istehsalı olan avadanlıqlar və cihazlarla təchiz olunub.
Məlumatda o da qeyd olunub ki, Azərbaycana səfəri çərçivəsində Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeevin rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan bir sıra digər qurumların fəaliyyəti ilə də yaxından tanış olacaq.





