KF-21 “Boramae” qırıcısına IRIS-T raketi inteqrasiya edilib

KF-21 “Boramae” qırıcısına IRIS-T raketi inteqrasiya edilib

Cənubi Koreyada Almaniyanın yaxın mənzilli IRIS-T (air-to-air missile AIM-2000) “hava-hava” sinif aviasiya raketinin KF-21 “Boramae” qırıcısına inteqrasiyası üzrə işlər başa çatıb.

“Poliqon” “Diehl BGT Defence” şirkətinə istinadən xəbər verir ki, inteqrasiya işləri sınaqlar zamanı hava hədəfini məhv edən IRIS-T raketinin uğurla buraxılması ilə yekunlaşıb.

Hədəfin məhv edilməsi mərhələli şəkildə həyata keçirilib – əvvəlcə təyyarə hədəfi aşkar etmək üçün bort radiolokasiya stansiyasından istifadə edərək müvafiq məlumatları raketə daxil edib. Bütün prosedurlardan sonra pilot raketi buraxıb və o, hava hədəfini uğurla məhv edib. Sınaqlar 2024-cü il may ayının əvvəlində baş tutub.

Bu ayın uğurlu atışı KF-21 “Boramae” təyyarəsində IRIS-T qiymətləndirmələrinin əvvəlki uğurlarını izləyir. Belə ki, təyyarənin 2023-cü ilin əvvəlində ilk uçuşundan cəmi bir neçə ay sonra, 2023-cü ilin may ayında uçuş zamanı idarə olunmayan raket atılaraq təhlükəsiz ayırma sınağı aparılıb. İndi isə 2024-cü ilin may ayında raket bortdakı aktiv fazalı antena şəbəkəsi (active electronically scanned array – AESA) radiolokasiya stansiyası tərəfindən təyin edilib və hədəf pilotsuz uçuş aparatı (PUA) uğurla vurulub. Bu kompleks sınaq qırıcının ilkin hava-hava qabiliyyətini sübut edir və IRIS-T raketinin üstün xüsusiyyətlərini bir daha vurğulayır.

Bildirilib ki, bu mərhələ çox vacibdir, çünki müvafiq proqram təminatının yaradılması və inteqrasiya işlərinin həyata keçirilməsi təyyarəyə etibarlı silah idarəetmə sistemini quraşdırmağa imkan verir.

Xatırladaq ki, Almaniyanın “Diehl BGT Defence” və Cənubi Koreyanın “Korea Aerospace Industries” (KAI) şirkətləri arasında əməkdaşlıq 2017-ci ildə başlayıb. O zaman KAI Avropa aviasiya silahlarını təyyarəyə inteqrasiya etmək qərarına gəlmişdir, çünki istehsal etdikləri KF-21 “Boramae” qırıcısı gələcəkdə bütün dünyaya ixrac üçün təklif olunacaq.

İnfraqırmızı özütuşlama başlıqlı aviasiya raketləri ilə yanaşı, hazırda təyyarənin silah sistemində əsas radiolokasiya raketinə çevrilməli olan “Meteor” (MBDA) raketi ilə inteqrasiya işləri aparılır. Daha əvvəl məlumat verdiyimiz kimi, KF-21 “Boramae” təyyarəsinin ikinci prototipindən “Meteor” “hava-hava” sinif idarəolunan aviasiya raketi ilə buraxılış həyata keçirilib. Bununla da KF-21 “Boramae” “Eurofighter”, “Rafale” və “Gripen” qırıcılarından sonra “Meteor” raketi ilə atış sınağı həyata keçirmiş dördüncü döyüş təyyarəsi olub.

Üçüncü KF-21 “Boramae” prototipi qırıcıya quraşdırılmış 20 mm-lik aviasiya topundan 100 mərmi atıb. Qırıcı “General Dynamics Ordnance and Tactical Systems” şirkəti tərəfindən istehsal olunan 20 mm-lik M61A2 “Gatling” silahı ilə silahlandırılıb.

Qeyd olunub ki, sözügedən sınaqlar Cənubi Koreyanın cənub sahilləri yaxınlığında baş tutub. Təyyarələr Seuldan 300 km aralıda yerləşən Saçondakı Hərbi Hava Qüvvələri (HHQ) bazasının 3-cü Aviasiya Təlim Qanadından havaya qalxıb.

KF-21 “Boramae” qırıcısından uğurlu döyüş atışı həm də IRIS-T proqramının xidmət siyahısında mühüm mərhələdir. KF-21 “Boramae” təyyarəsinə inteqrasiya ilə IRIS-T həm köhnə, həm də müasir döyüş təyyarələri ilə uyğunluğunu bir daha sübut edir. Demək olar ki, 2024-cü ilin fevral ayında KAI və “Diehl BGT Defence” şirkətləri IRIS-T raketinin KAI şirkətinin FA-50 təyyarəsinə  inteqrasiyasına başlamaq barədə razılığa gəliblər. Bortunda IRIS-T raketinin olması ilə hər iki platforma – həm KF-21 “Boramae”, həm də FA-50 mürəkkəb döyüş tapşırıqlarının icrasına hazır olacaq.

KF-21 “Boramae” qırıcısı Cənubi Koreyanın KAI şirkəti tərəfindən “stealth” texnologiyası əsasında yaradılıb, 4++ nəsilə aiddir və iki mühərriklə təchiz edilib. Ancaq KAI zamanla döyüş təyyarəsini təkmilləşdirərək 5-ci nəsil seqmentinə tam şəkildə uyğunlaşdırmağı planlaşdırır.

Təyyarə, gövdə uzunluğu 16,9 m, eni 11,2 m və hündürlüyü 4,7 m olmaqla, F-18 qırıcısına bənzəyir. Maksimum uçuş sürəti 2200 km/saat, məsafəsi isə 2900 km-dir. Faydalı yükünün kütləsi 7,7 tondur.

Cənubi Koreya cari il ərzində KF-21 “Boramae” qırıcılarının kütləvi istehsalına başlayacaq və ilkin mərhələdə 20 ədəd döyüş təyyarəsi istehsal ediləcək. İstehsal olunacaq KF-21 “Boramae” qırıcıları hazırda Cənubi Koreya HHQ-nin silahlanmasındakı köhnəlmiş F-4 və F-5 döyüş təyyarələrini əvəz edəcək.

Qeyri-rəsmi məlumatlara görə, bir KF-21 “Boramae” qırıcısının dəyəri 130-140 milyon ABŞ dolları arasında dəyişir. Müqayisə üçün bildirək ki, hazırda bir F-35B qırıcısının təxmini qiyməti 110 milyon (F-35A 85 milyon və F-35C 95 milyon) ABŞ dolları, Türkiyənin KAAN milli döyüş təyyarəsinın isə 100 milyon ABŞ dolları təşkil edir.

IRIS-T (Infra Red Imaging System Tail/Thrust Vector-Controlled) həm “hava-hava”, həm də “yer-hava” modifikasiyalarında istehsal edilən soyudulan infraqırmızı özütuşlama başlıqlı qısa və orta mənzilli raketdir.

Raket 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində o zaman bəzi NATO ölkələri tərəfindən istifadə edilən AIM-9 “Sidewinder” aviasiya raketini əvəz etmək üçün infraqırmızı özütuşlama başlıqlı qısa və orta mənzilli “hava-hava” sinif aviasiya raketinin inkişafı üçün Almaniyanın rəhbərlik etdiyi proqram çərçivəsində hazırlanıb. Proqramın məqsədi AIM-9 “Sidewinder” raketini buraxa bilən istənilən təyyarənin IRIS-T raketini də buraxa bilməsidir.

Raketin “hava-hava” modifikasiyası silahlanmaya 2005-ci ildə qəbul edilib. Raketin “yer-hava” modifikasiyası isə daha sonra yaradılıb: qısa mənzilli IRIS-T SLS sistemi 2015-ci ildə, orta mənzilli IRIS-T SLM sistemi isə 2022-ci ildə silahlanmaya qəbul edilib.

Qeyd edək ki, Almaniya tərəfindən Ukraynaya verilən bir IRIS-T SLM batareyası yük maşınına quraşdırılmış səkkiz raket daşıyan (40 km mənzilli) üç buraxma qurğusundan və 20 km-ə qədər məsafədə yerləşə bilən ayrıca komanda maşınından ibarətdir.

Komanda maşını özündə çoxsaylı radiolikasiya şüalanma mənbələrini birləşdirir və eyni vaxtda 24 raketin hamısını buraxmaq və izləmək qabiliyyətinə malikdir. IRIS-T SLM “hava-yer” sinif raketlərə və qanadlı raketlərə, o cümlədən “Kalibr” kimi alçaqdan uçan, gizli raketlərə qarşı dura bilir.

Raketin əsas taktiki-texniki xassələri:

– uzunluğu – 2936 mm

– diametri – 127 mm

– qanad açıqlığı – 350 mm

– start kütləsi – 87,4 kq

– həm ön, həm də arxa yarımkürədə buraxılış məsafəsi – ~25 km

– tavanı – 20 km-ə qədər

– uçuş sürəti: 3 Mach-a qədər (1020 m/s və ya 3672 km/saat)

– döyüş başlığı – qəlpəli-fuqas

– döyüş başlığının kütləsi – 11,4 kq

– partladıcının növü – aktiv radiolokasiya

– mühərrik qurğusu – bərk yanacaqlı raket mühərriki

İndiyədək IRIS-T raketi “Panavia Tornado”, “Eurofighter Typhoon”, SAAB JAS-39 “Gripen”, F-16 “Fighting Falcon”, F/A-18 “Hornet” və F-5 “Freedom Fighter” kimi əsas döyüş təyyarələri platformalarına inteqrasiya olunub. Sistem bir neçə NATO ölkəsi, eləcə də Braziliya, Tayland, Səudiyyə Ərəbistanı və Cənubi Afrika HHQ-də silahlanmadadır və ya sifariş olunub.

Əhəd Vahidoğlu

CATEGORIES