Kontr-admiral Abbas Qiyasov: Xəzər dənizində dövlət sərhədi fasiləsiz mühafizə olunur – MÜSAHİBƏ

Kontr-admiral Abbas Qiyasov: Xəzər dənizində dövlət sərhədi fasiləsiz mühafizə olunur – MÜSAHİBƏ

DSX Sahil Mühafizəsinin daim döyüş sıralarında olan sərhəd gözətçi gəmiləri istənilən çağırışa çevik reaksiya göstərmək imkanlarına malikdir

Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin sualtı imkanları təkmilləşdirilir

Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi müasir tələblərə cavab verən infrastruktur kimi formalaşıb. Sahil Mühafizəsinin Türkan bazası Xəzər dənizinin Azərbaycana mənsub bölməsində nəzarətin gücləndirilməsində mühüm rol oynayır. Yeni texniki müşahidə məntəqələri sayəsində dənizdə hədəflərin aşkarlanma imkanları artırılıb, xidməti ərazilər müasir radar, AİS və gecəgörmə kameraları ilə təchiz edilib. Dənizdə axtarışın təşkili və strateji obyektlərə havadan baxışların keçirilməsində helikopter və PUA-lardan istifadə olunur. Sahil Mühafizəsinin yaradılmasının ildönümü ərəfəsində POLİQON jurnalına müsahibə verən Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin qərargah rəisi, kontr-admiral Abbas Qiyasov bu və digər məsələlər barədə geniş söhbət açdı.

POLİQON: Cənab kontr-admiral, yaradılmasının 18-ci ildönümünü qeyd edən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi bu gün Xəzər dənizində dövlət maraqlarımızı yüksək səviyyədə təmin edən mükəmməl quruma çevrilib. Müsahibəmizə də məhz Sahil Mühafizəsinin yaranması və inkişafı tarixinə qısa nəzər salmaqla başlamaq istərdik.

14416327935127019289 750x500 1 — копия

Prezident İlham Əliyev DSX Sahil Mühafizəsinin yeni sərhəd gözətçi gəmisilə tanış olarkən

Kontr-admiral Abbas Qiyasov: Bu gün biz dəniz sərhədçiləri Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin yaradılmasının 18-ci ildönümünü xoş ovqat hissi ilə, yüksək əhval-ruhiyyə, xidmətdə qazanılmış uğurlarla qarşılayırıq.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dənizdə dövlət sərhədlərimizin mühafizəsi sisteminin təkmilləşdirilməsinə göstərdiyi ali diqqət və qayğısı nəticəsində, sərhəd gözətçi gəmilərimiz daim döyüş sıralarında olmaqla, dənizdə istənilən çağırışa çevik reaksiya göstərmək imkanlarına malikdir.

Fəaliyyət göstərdiyi müddət ərzində DSX-nin Sahil Mühafizəsi Xəzər dənizinin Azərbaycan Respublikasının mənsub bölməsində dövlət sərhədinin mühafizəsində, bioloji resursların, enerji ehtiyatların, sualtı neft-qaz boru kəmərlərinin və platformaların qorunması, Xəzər dənizində beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiya və qaçaqmalçılığa qarşı mübarizədə yüksək nəticələr əldə etmişdir.

İstəyirəm ki, bu məqamda Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin formalaşması ilə bağlı tarixi keçmişə nəzər yetirək.

Belə ki, Sovet İttifaqı dağıldıqdan sonra xəzəryanı regionda yaranmış hərbi-siyasi vəziyyət, Azərbaycan iqtisadiyyatının, xüsusilə neft sənayesinin sürətli inkişafı dəniz sərhədlərimizin etibarlı mühafizəsi zərurətini ortaya çıxarırdı.

Xəzər dənizi hövzəsində dövlət sərhədinin mühafizəsini təmin etmək məqsədi ilə 1992-ci ilin oktyabr ayının 6-da Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bağlanan müqavilənin şərtlərinə uyğun olaraq, 27 noyabr 1992-ci il tarixdə Əlahiddə Sərhəd Gözətçi Gəmilər Briqadası milli sərhədçilərimizin ixtiyarına verildi. Lakin bütün gəmilər, silah-sursat, avtomobil və digər texnika ölkəmizdən çıxarılaraq Həştərxana aparılmışdı. Azərbaycanda yalnız iki ədəd xidmətə yarasız gəmi qalmışdı. Əlahiddə Sərhəd Gözətçi Gəmilər Briqadasından qalmış digər miraslar da yararsız halda idi. Belə ki, 1938-1948-ci illərdə inşa edilmiş xidməti binalar qəza vəziyyətində idi. 1948-ci ildə düzəldilmiş, istismara yarasız bir ədəd üzən tərsanə, 1939-cu ildə tikilmiş, qəza vəziyyətində olan və avadanlıqları sıradan çıxmış bir gəmi təmiri emalatxanası gözətçi gəmilər briqadasının hərbi mülkiyyətini təşkil edirdi. Gözətçi Gəmilər Briqadasında qəbul edilən vaxt cəmi 32 hərbi qullquçu, onlardan 5 zabit, 3 miçman, 4 starşina və 20 matros var idi. Beləliklə, Gözətçi Gəmilər Briqadası fəaliyyətə sıfırdan başlamışdır.

Yalnız 22 iyun 1993-cü il tarixdə Hərbi Dəniz Qüvvələrinin gəmi təmiri zavodunda təmir edilmiş 625-ci gəmi ilə dəniz sərhədçiləri ilk dəfə müstəqil Azərbaycan Respublikasının Dövlət Bayrağı altında Xəzər dənizində dövlət sərhədlərimizin mühafizəsinə çıxmış və 4 gün xidmətdə olmuşlar.

Dəniz sərhədlərinin mühafizəsində əsaslı dönüş, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaranmışdır.

Ölkəmizin təhlükəsizliyini və dövlət sərhədlərimizin etibarlı mühafizə edilməsi məsələlərini daim ciddi nəzarətdə saxlayan böyük dövlət xadimi Heydər Əliyevin 1996-cı ildə imzaladığı sərəncamla Hərbi Dəniz Qüvvələrinin tərkibindən 3 gəmi, 2002-ci ildə isə Dövlət Neft Şirkətinin balansından 2 ədəd “Neftqaz” və 1 ədəd “Vixr” layihəli gəmi DSX-nin balansına verilmişdir. Həmçinin həmin ərəfədə, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və dəniz sərhədlərinin gücləndirilməsi ilə bağlı beynəlxalq proqram çərçivəsində Sərhəd Gözətçi Gəmilər Briqadasına 1 gəmi və 4 gözətçi kateri hədiyyə olunmuşdur.

Ulu Öndərin milli sərhəd strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində bu xidmət keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, məhz cənab Prezidentin 18 fevral 2005-ci ildə imzaladığı 197 nömrəli Fərmanla sərhəd gözətçi gəmilər dəstəsinin əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi təsis edilmiş və bunun sayəsində Xəzər dənizində milli maraqlarımızın yüksək səviyyədə qorunması və dəniz sərhədlərinin etibarlı mühafizəsi üçün daha geniş imkanlar yaranmışdır.

Qısa zaman dənizdə sərhəd mühafizəsinin təşkili üzrə irəliləyişlərə nail olunmuş, bu sahədə beynəlxalq təcrübədən istifadə etməklə Xəzər dənizində səmərəli sərhəd mühafizə sisteminin formalaşdırılması istiqamətində mühüm işlər görülmüşdür.

Tam peşəkar heyətlə komplektləşdirilmiş DSX-nin Sahil Mühafizəsi hazırda Xəzər dənizində dövlət maraqlarımızın qorunmasını, dəniz sərhədlərinin mühafizəsini, strateji əhəmiyyət kəsb edən neft-qaz enerji infrastrukturu və obyektlərinin təhlükəsizliyini təmin edən müasir silah və texnika ilə təchiz edilmiş mükəmməl birləşməyə çevrilmişdir.

Hazırda Sahil Mühafizəsi vəzifələrini uzunluğu 713 km olan sahil, 955 km sektor xətti üzrə və 74.460 kilometr kvadratda rejimli sahəni əhatə edən sərhəd sularında icra edir.

Sahil Mühafizəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində dövlət sərhədinin, hidrotexniki qurğuların (neft-qaz çıxartma platformaları və boru kəmərlərinin) mühafizəsini və toxunulmazlığını təmin etmək, səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycanın sərhəd sularında təbii və bioloji sərvətlərin qorunmasında iştirak etmək üçün təyinatlıdır.

IMG 3777 — копия

Sahil Mühafizəsinin taktiki təlimlərində S-306 “Şahdağ” və S-203 “Tufan” tipli sərhəd gözətçi gəmiləri

Sahil Mühafizəsi öz təyinatına uyğun olaraq aşağıdakı əsas vəzifələri yerinə yetirir:

  • Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində dövlət sərhədinin mühafizəsi və toxunulmazlığını təmin edir;
  • Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində dövlət sərhədinin, hidrotexniki qurğuların, neft-qaz boru kəmərlərinin mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirir;
  • sərhəd sularında dövlət sərhəd rejiminə və sərhədboyu rejimə nəzarəti həyata keçirir;
  • Azərbaycana məxsus gəmiləri və ölkə vətəndaşlarını onlara qarşı yönəlmiş təhlükələrdən müdafiə edir;
  • sərhəd sularında təbii və bioloji sərvətlərin qorunması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirir;
  • narkotik vasitələrin, psixotrop maddələrinin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrinin və qurğuların, odlu silah və döyüş sursatının, bioloji və digər kütləvi qırğın silahlarının, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların dəniz sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq üçün tədbirlər görür;
  • zəruri hallarda Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində xilasetmə işləri aparır;
  • zəruri hallarda Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində qəzaya uğramış gəmi və təyyarələrə və ya helikopterlərə, onların heyət üzvlərinə, sərnişinlərə köməklik göstərir.

POLİQON: “Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakının Türkan qəsəbəsində inşa edilmiş Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin bazanın imkanları barədə nələri deyə bilərsiniz?

Kontr-admiral Abbas Qiyasov: Yuxarıda da qeyd etdiyim kimi, DSX-nin Sahil Mühafizəsi 18 fevral 2005-ci il tarixdə Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı” çərçivəsində yaradılmışdır.

Azərbaycanın dəniz sərhədlərinin mühafizəsi vəzifəsini həyata keçirəcək bazanın inşasına 2007-ci il iyun ayının 29-da başlanılmış və 2008-ci il noyabr ayının 8-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə açılış mərasimi həyata keçirilmişdir.

Həmin il noyabr ayının 7-də dənizdə fırtınalı hava şəraiti oldu, gün ərzində güclü şimal-qərb küləyi əsirdi. Sahil Mühafizəsinin sərhəd gözətçi gəmi və katerlərinin inşası yekunlaşan yeni bazaya köçürülməsi barədə göstəriş verildi. Ölkə başçımızın açılış mərasimində iştirakını nəzərə alaraq, dəniz sərhədçiləri gecə saatlarında dalğalı və qaranlıq hava şəraitində yüksək peşəkarlıq nümayiş etdirdi və Türkan bazasına gəmi və katerlərin yerləşdirilməsi tapşırığını icra etdilər.

İnşa edilmiş bazaya komanda-idarəetmə, təlim-tədris mərkəzləri, Heydər Əliyev ideoloji mərkəzi, klub, Sahil Mühafizəsinin muzeyi, matros yeməkxanası, helikopter meydançaları, gəmi təmiri emalatxanası, dənizdə təlim poliqonu, yanalma körpüləri və yaşayış kompleksi daxidir.

Yeni baza Xəzər dənizinin Azərbaycana mənsub bölməsində nəzarətin gücləndirilməsində, dəniz sərhədlərinin, neft-qaz platformalarının və boru kəmərlərinin daha etibarlı mühafizəsinin təmin olmasında mühüm rol oynayır.

POLİQON: Ali Baş Komandan tərəfindən 2008-ci ildə DSX-nin Sahil Mühafizəsinin yeni bazasının, 2014-cü ildə Gəmi İnşası və Təmiri Mərkəzinin istifadəyə verilməsi bu quruma xüsusi dövlət diqqətinin olduğunu bir daha göstərdi. Bunlara əlavə olaraq 2021-ci ildə DSX Sahil Mühafizəsinin Mərkəzi Regional Şöbəsinin yeni inzibati binası istifadəyə verilib. Hazırda müasir tələblərə cavab verən yeni infrastrukturların yaradılması istiqamətində hansı işlər görülür?

5ubpywrn9z 012

DSX rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Prezidentinə DSX arsenalına yeni qəbul edilən silah, texnika və avadanlıqlar haqqında məlumat verib

Kontr-admiral Abbas Qiyasov: Dəniz sərhədçisi olaraq böyük qürur və iftixar hissi ilə qeyd etmək istərdim ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə ümumillikdə 8 dəfə səfər etmişdir.

İlk dəfə 8 noyabr 2008-ci ildə DSX Sahil Mühafizəsinin yeni bazasının açılış mərasimində, daha sonra 18 iyul 2014-cü il tarixində Gəmi İnşası və Təmiri Mərkəzinin açılışında, habelə 7 sentyabr 2015-ci il, 13 iyun 2016-cı il, 13 yanvar 2017-ci il, 24 avqust 2017-ci il, 30 aprel 2018-ci il və 10 yanvar 2019-cu il tarixlərində yeni inşa edilmiş sərhəd gözətçi gəmilərinin DSX Sahil Mühafizəsinin döyüş sıralarına daxil edilməsi mərasimlərində iştirak etməsi şəxsi heyətin məsuliyyət hissini artırmış, sərhədlərimizin mühafizəsi işinin daha yüksək səviyyədə təşkil olunmasına ruhlandırmışdır.

Cənab Ali Baş Komandanın dövlət sərhədlərimizin mühafizəsi işinə göstərdiyi yüksək diqqət və qayğıya əməli işlə cavab vermək üçün şəxsi heyət bütün imkanlarını səfərbər etmiş, xidməti vəzifələrinin icrasına daha məsuliyyətlə yanaşmışdır.

O cümlədən, dəniz təhlükəsizliyinə vahid baxış müstəvisində, DSX-nin rəhbərliyi tərəfindən qəbul edilmiş qərar nəticəsində, sahilboyu ərazidə dislokasiya olunmuş bölmələrin Sahil Mühafizəsinin tabeliyinə verilməsi, sahil mühafizə bölmələrinin texniki təchizatının təkmilləşdirilməsi, yeni infrastrukturun yaradılması istiqamətində 2021-ci ilin may ayının 25-də Sahil Mühafizəsinin Mərkəzi Regional şöbəsinin inzibati binasının açılışı Xəzər dənizində və sahilboyu ərazilərdə rejim qaydalarına nəzarətin yüksək səviyyədə təşkil olunmasına önəmli tövhə vermişdir.

Bundan başqa, müasir tələblərə cavab verən yeni infrastrukturların yaradılması istiqamətində 2022-ci il ərzində uzaq mənzilli radar, Avtomatlaşdırılmış İnformasiya Sistemləri və gecəgörmə kameraları ilə təchiz edilmiş yeni texniki müşahidə məntəqələri inşa olunaraq istismara verilmişdir. Yeni texniki müşahidə məntəqələrinin imkanlarının tətbiqi nəticəsində dənizdə kiçik, orta və böyük həcmli hədəflərin aşkarlanma imkanları artırılmışdır.

Eyni zamanda texniki müşahidələr nəticəsində əldə olunmuş məlumatların Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi ilə fasiləsiz mübadiləsi həyata keçirilməkdədir.

POLİQON: Sahil Mühafizəsinin müxtəlif mövzularda döyüş və taktiki təlimlərinin keçirilməsi DSX-də artıq ənənə halı alıb. Bu təlimləri izləyərkən ilk dəfə nümayiş olunan silah, texnika və avadalıqların şahidi oluruq. Bunlardan, 2021-ci ilin sentyabr ayında Xəzər dənizində keçirilən taktiki təlimlər zamanı “Iquana” amfibiya kateri və “Ocean Pearl” sualtı aparatı xüsusi qeyd etmək istərdim. Sahil mühafizə bölmələrinin texniki təchizatının müasirləşdirilməsi istiqamətində daha hansı yeniliklər var?

Xәzәrdә keçirilәn taktiki tәlimlәr zamanı DSX rəhbərliyi “Ocean Pearl” sualtı aparatına baxış keçirib

Kontr-admiral Abbas Qiyasov: Dövlət Sərhəd Xidməti rəisi tərəfindən təsdiq edilmiş illik döyüş hazırlığı planına əsasən Xəzər dənizində Azərbaycanın maraqlarının qorunması, neft-qaz platformaları, boru kəmərlərinin mühafizəsi zamanı yaranmış təhdidlərin dəf edilməsi, qarşılıqlı əlaqənin təşkili, dənizdə hüquq-mühafizə funksiyalarının həyata keçirilməsinin və qurumlararası məlumat mübadiləsinin təkmilləşdirilməsi, şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi istiqamətində praktiki vərdişlərin artırılması, zabit heyətinin bilik və bacarığının təkmilləşdirilməsi, o cümlədən müxtəlif hava şəraitlərində sərhəd axtarışı, raket-artilleriya atışların keçirilməsi üzrə şəxsi heyətin praktiki vərdişlərinin mükəmməlləşdirilməsi məqsədi ilə hər il geniş miqyaslı müxtəlif mövzulu taktiki təlimlər həyata keçirilir.

Sahil Mühafizəsinin bölmələrinin dənizdə mümkün təhdidlərə qarşı birgə xidməti-döyüş və əməliyyat taktiki hərəkətlərinin işlənilməsi və təkmilləşdirilməsi məqsədi ilə keçirilən geniş miqyaslı taktiki təlimlərdə Sahil Mühafizəsinin gəmi və katerlərində quraşdırılmış silah sistemlərin və texniki vasitələrinin, o cümlədən son illər ərzində Sahil Mühafizəsinin balansına qəbul edilmiş müasir texnikanın tətbiqi nümayış olunmaqla dəniz sərhədçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsində xüsusi əhəmiyyət kəsb edir.

Təlimlər zamanı Azərbaycanın dəniz tarixində ilk dəfə olaraq raket-artilleriya silahlarında gecə atışları yüksək dəqiqliyi ilə icra edilmiş, gəminin göyərtəsinə helikopterlərin enişi yerinə yetirilmişdir.

Dövlət və beynəlxalq proqramlar çərçivəsində Sahil Mühafizəsinin balansına çox təyinatlı katerlərin, itisürətli qayıqların, pikap və kvadrasikl tipli nəqliyyat vasitələrin, müasir sualtı aşkaretmə naviqasiya sistemlərin, döyüş üzgüçülərinin daşınması üçün sualtı aparatların, qapalı dövriyyəli dalğıc avadanlığı və dalğıc geyim dəsti, gəmi və dalğıc arasında kommunikasiya, radiasiya və kimyəvi maddələri aşkar edən cihaz və detektorların qəbul edilməsi Xəzər dənizində dövlət maraqlarımızın yüksək səviyyədə qorunması və dəniz sərhədlərinin etibarlı mühafizəsi üçün daha geniş imkanlar yaranmışdır.

POLİQON: Cənab kontr-admiral, dəniz sərhədlərinin daha müasir və səmərəli mühafizə sistemi ilə təmin edilməsi istiqamətində hansı işlər görülüb? Sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkanları haqqında nələri deyə bilərsiniz?

4 — копия

DSX Sahil Mühafizəsinin qərargah rəisi, kontr-admiral Abbas Qiyasov POLİQON jurnalına müsahibə verərkən

Kontr-admiral Abbas Qiyasov: Xəzər dənizində Azərbaycanın milli maraqlarının təmin olunması və mövcud təhdidlərə qarşı zəruri tədbirlərin həyata keçirilməsi üçün dənizin Azərbaycana mənsub bölməsində neft və qazın hasilatı, enerji resurslarının nəqli dəniz sektorunda effektiv dəniz təhlükəsizlik sisteminin yaradılmasını tələb edir.

Sahil Mühafizəsi tərəfindən aparıcı dövlətlərinin Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizələrinin təkmilləşdirmə təcrübəsi öyrənilir, beynəlxalq sərhəd əməkdaşlıq formatları genişləndirilir, “Azərbaycan Respublikası Dəniz Təhlükəsizliyi Strategiyası”ndan irəli gələn vəzifələrin icrasının təmin edilməsi, həmçinin dənizdə dövlət sərhədlərinin daha etibarlı mühafizəsinin təşkili üzrə təkliflər DSX rəisi tərəfindən təsdiq olunaraq Sahil Mühafizəsinin xidməti-döyüş fəaliyyətində tətbiq olunur.

Hazırda Xəzər dənzinin Azərbaycan Respublikasına mənsub olan bölməsində dövlət əhəmiyyətli və kritik enerji infrastrukturunun yerləşdiyi ərazilərdə sərhəd gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsi təmin olunmaqla üzmə vasitələrinin nəzarətdə saxlanılması üzrə zəruri tədbirlər həyata keçirilir.

Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərin sualtı imkanlarının təkmilləşdirilməsi ilə bağlı məqsədyönlü tədbirlərin görülməsi nəticəsində gəmilərə qapalı və açıq dövriyyəli avadanlıqları istifadə edən sualtı təxribat qüvvələrinin və sualtı üzmə vasitələri aşkar edən yeni müasir sonar sistemləri quraşdırılmışdır. Həmçinin, müxtəlif şəraitlərdə heyətimizin taktiki vərdişlərinin təkmilləşdirilməsi, sualtı və suüstü üzgüçülük, qəza-xilasetmə, davamlılıq uğrunda mübarizə və digər növ sualtı əməliyyatlarının yerinə yetirilməsi məqsədi ilə dalğıc poliqonunun və xüsusi qüllənin (helikopterdən və gəmidən enmə-qalxma meydançaları ilə birlikdə) inşası istiqamətində, o cümlədən Sahil Mühafizəsinin xüsusi bölmələrinin ştat üzrə müasir dalğıc, silah, sualtı üzmə vasitələr, nəqliyyat texnikası, səhra və digər avadanlığın əldə edilməsi istiqamətində zəruri tədbirlər görülür.

Həmçinin, Sahil Mühafizəsinin döyüşçü-dalğıclarının döyüş hazırlığının artırılması məqsədi ilə müntəzəm səhra təlimləri keçirilir, habelə sualtı fəaliyyət aparılır, dənizdə yerləşən hidrotexniki qurğuların və liman infrastrukturların sualtı hissələrinə dalğıc baxışları təşkil edilir.

POLİQON: Cənab kontr-admiral, bir qədər də Sahil Mühafizəsinin Tədris Mərkəzində keçirilən təlimlər və kurslar haqqında oxucularımıza məlumat verməyinizi istərdik… Xarıci ölkələrdə keçirilən kurslar və birgə təlimlər barəsində fikirlərinizi bizimlə bölüşə bilərsinizmi?

DSC8004 — копия

Pakistan nümayəndə heyəti Sahil Mühafizəsində olub

Kontr-admiral Abbas Qiyasov: Sahil Mühafizəsinin qarşısında qoyulmuş vəzifələrinin icrasına peşəkar heyətin hazırlanması, dəniz sərhədçilərinin bilik və təcrübəsinin artırılmasında xüsusi rol oynayan Tədris Mərkəzi mövcuddur.

Əsas istiqamətlərdən biri şəxsi heyətin ixtisaslar üzrə hazırlığıdır. Sahil Mühafizəsinin Tədris Mərkəzində yaradılmış ixtisasllar siniflərində naviqasiya, artilleriya, rabitə, elektromexanika, təminat, davamlılıq uğrunda mübarizə kimi ixtisaslar üzrə kurslar keçirilir.

Tədris prosesi zamanı zabit-miçman heyətinə dəniz, sərhəd, atəş, sıra, tibbi və nizamnamə hazırlığı üzrə məşğələlər həyata keçirilir. Həmçinin zabit-miçman heyətinin ingilis dilinin öyrənilməsinə, dənizdə xilasetmə əməliyyatlarının aparılmasına və dalğıc heyətinin hazırlanmasına xüsusi diqqət yetirilir. Belə ki, Tədris Mərkəzində bu fənlər üzrə müvafiq məşğələ və məşqlər müvafiq proqramlar əsasında həyata keçirilir.

Həmçinin, Tədris Mərkəzində baxış, qəza qruplarının və kater heyətinin hazırlanması nəzərə alınmışdır.

Sahil Mühafizəsinin heyətinin bilik səviyyəsinin dəqiqləşdirilməsi üçün nəzarət sistemi mövcuddur. Belə ki, Sahil Mühafizəsinin bütün zabit-miçman heyətindən hər tədris dövrünün sonunda fənlər üzrə imtahanlar qəbul olunur, o cumlədən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində Sahil Mühafizəsinin qarşısında qoyulan tapşırıqların yerinə yetirilməsinə hazırlıq səviyyəsini yoxlamaq üçün genişmiqyaslı taktiki təlimlər keçirilir.

Əlavə olaraq, DSX Sahil Mühafizəsinin xarici dövlətlərin Sahil Mühafizələri ilə sıx əlaqələri movcuddur və bu əlaqələr inkişaf etdirilməkdədir.

Belə ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında qarşılıqlı əməkdaşlığa dair Tədbirlər Planı çərçivəsində DSX Sahil Mühafizəsinin hərbi qulluqçuları Türkiyədə keçirilən “Dənizdə axtarış və xilasetmə”, “Baxış qrupu”, “İtisürətli qayıqların idarəetməsi”, “Xilasetmə və ilk yardım”, “Beynəlxalq dalğıc hazırlığı”, “Sualtı və suüstü minalar üzrə istehkamçı hazırlığı”, “Helikopterdən tullanma və toplama mütəxəssisliyi hazırlığı”, “Qabaqcıl səviyyəli yanğın ilə mübarizə”, “Aşağı tezlikli sonar təhlili, passiv sonar qiymətləndirilməsi və sualtı akkustik prinsiplər” mövzularında müxtəlif kurslarda iştirak edirlər.

Hər iki dövlətin Sahil Mühafizələrinin əməkdaşları tərəfindən Türkiyə və Azərbaycan sərhəd gəmilərində “Gəmilərdə təcrübəyə qatılması” üzrə fəaliyyətlər icra olunur, o cümlədən, DSX Sahil Mühafizəsinin “Baş komanda-nəzarət” və Türkiyə Sahil Mühafizəsinin “Hərəkət və axtarış-xilasetmə” mərkəzlərində təcrübə mübadiləsi aparılır.

Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında Tədbirlər Planı çərçivəsində hər iki tərəfin qüvvə və vasitələrinin iştirakı ilə “Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, qeyri-qanuni miqrasiya, silah, partlayıcı maddələr və ölkə ərazisinə gətirilməsi və çıxarılması qadağan olmuş digər mal və yüklərin qaçaqmalçılığına qarşı mübarizənin aparılması” mövzusunda birgə sərhəd təlimləri keçirilir, həmçinin sərhəd gözətçi gəmilərinin dostluq səfərləri təşkil edilir.

Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti arasında Birgə Tədbirlər Planı çərçivəsində Qazaxıstan Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi Azərbaycana dostluq səfəri etmişdir.

Səfər və təlimlər zamanı əlaqələrin vəziyyəti və perspektivlərinə dair fikir mübadilələri aparılır, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi və bioloji resursların qorunması, qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsi məsələləri müzakirə olunur.

20220511 165430

DSX Sahil Mühafizәsinin qәrargah rәisi beynəlxalq sərgidə sualtı avadanlıqlarla tanış olarkən

Dənizdə dövlət sərhədlərinin mühafizəsinin təkmilləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldiliməsi, yeni texnologiyaların mənimsənilməsi və tətbiqi, həmçinin, qabaqcıl beynəlxalq təcürəbinin öyrənilməsi məqsədi ilə Sahil Mühafizəsinin hərbi qulluqçuları Yaponiya Sahil Mühafizəsi və “Nippon” fondunun dəstəyi ilə təşkil edilmiş “Sahil Mühafizəsi Qlobal Zirvə” toplantılarında, Pakistan və Türkiyədə keçirilmiş “Aman-2019”, “Dəniz Aslanı-2022” və “Efes-2022” beynəlxalq təlimlərdə, həmçinin Fransa, Türkiyə və Qətərdə keçirilmiş “Euronaval-2012”, “IDEF-2021” və “DIMDEX-2022” beynəlxalq müdafiə sərgilərində iştirak ediblər.

2015-2019-cu illərdə isə Sahil Mühafizəsinin hərbi qulluqçuları Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hərbi Dəniz Qüvvələri və Britaniya Şurası ilə əməkdaşlıq sahəsində razılaşdırılmış tədbirlər çərçivəsində ingilis dilinin öyrənilməsində iştirak etmişlər.

Qeyd etmək istəyirəm ki, beynəlxalq tədbirlər zamanı əldə edilmiş bilik və təcrübə əməkdaşlarımız tərəfindən xidməti-döyüş fəaliyyətlərində yüksək məharətlə tətbiq edilir.

POLİQON: Son illərdə dəniz sərhədlərimizin daha etibarlı qorunması məqsədilə bir sıra struktur dəyişiklikləri həyata keçirilib. Mümkünsə, bir qədər də bu barədə danışaq…

Kontr-admiral Abbas Qiyasov: Dənizdə və sahildə nəzarətin gücləndirilməsi, həmçinin eyni istiqamətdə xidmət aparan bölmələrin vahid idarəetməyə cəmləşdirilməsi məqsədilə zəruri struktur dəyişikliklər edilmiş, dəniz sərhəd zastavaları və sahil bölmələri Sahil Mühafizəsinin tabeçiliyinə verilərək Regional sahil nəzarəti şöbə və bölmələr yaradılmışdır.

Dənizdə Sahil Mühafizəsinin gəmiləri tərəfindən dövlət sərhədlərinin mühafiəzəsi üzrə vəzifələrin daha keyfiyyətlə təşkil edilməsi, gəmilərin taktiki-texniki göstəricilərini, fırtınalı hava şəraitində üzmə qabiliyyətini, muxtariyyətini, müxtəlif maddi-texniki təminat normaları ilə təchiz olunmasını və idarə etmənin daha səmərəli təşkil edilməsini nəzərə alaraq həyata keçirilmiş ştat dəyişiklərinə əsasən Sahil Mühafizəsinin sərhəd gəmilərinin təşkilatı olaraq 2-ci və 3-cü dərəcəli gəmilər divizionlarına cəmləşdirilmişdir.

Azərbaycan Prezidentinin 11.09.2013-cü il tarixli 3130 №-li sərəncamına əsasən “Azərbaycan Respublikasının Dəniz Təhlükəsizliyi Strategiyası”nın müddəalarına müvafiq olaraq Xəzər dənizində texniki müşahidənin təşkilinin təkmilləşdirilməsi məqsədi ilə radar əhatəsində mövcud olan çatışmazlıqların (boşluqların) aradan qaldırılması və texniki müşahidə imkanlarının tələb olunan səviyyəyə çatdırılması üzmə vasitələrinin aşkarlanması, hərəkətlərin nəzarətdə saxlanılması məqsədi ilə son illərdə sahilboyu ərazidə əlverişli sahələrin seçməklə DSX Sahil Mühafizəsinin xidməti ərazisində müasir radar, AİS və gecəgörmə kameraları təchiz edilmiş yeni texniki müşahidə məntəqələri inşa olunmuşdur.

POLİQON: Dəniz sərhədlərinin mühafizəsində aviasiya qüvvələrinin də rolu böyükdür. Bu barədə oxucularımıza qısa da olsa məlumat verməyinizi xahiş edirik.

DSX-nin Xəzər dənizində taktiki təlimində təxribat qruplarının zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması məşq edilib

Kontr-admiral Abbas Qiyasov: Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili, neft-qaz yataqlarının və boru kəmərlərin təhlükəsizliyinin təmin olunması, baş verə biləcək təxribatlara qarşı çevik reaksiyanın verilməsi, həmçinin dənizdə xilasetmə əməliyyatların aparılması məqsədi ilə DSX Sahil Mühafizəsinin gəmiləri Xüsusi Hava Əməliyyatları Qüvvələrinin helikopter və pilotsuz uçuş aparatları ilə qarşılıqlı əlaqədə birgə tədbirlər həyata keçirir.

Əlavə olaraq, dənizdə axtarışın təşkili, o cümlədən dalğalı hava şəraitində neft-qaz enerji infrastrukturun obyektlərinə havadan baxışların keçirilməsində helikopter və pilotsuz uçuş aparatları tətbiq olunur.

Bu günə qədər keçirilmiş birgə uğurlu əməliyyatlar nəticəsində dənizdə qaçaqmalçılıqla məşğul olan üzmə vasitələri saxlanılmış, həmçinin nəzarətdə olan obyektlərin movqeyi dəqiqləşdirilmişdir.

POLİQON: Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xəzər dənizində fəaliyyət göstərən hansı dövlət orqanları ilə əməkdaşlıq edir və bu əməkdaşlığın üstünlükləri nədən ibarətdir?

Kontr-admiral Abbas Qiyasov: Yuxarıda qeyd etdiyimAzərbaycan Respublikasının Dəniz Təhlükəsizliyi Strategiyası”nın məqsədlərinə uyğun olaraq Azərbaycanın milli təhlükəsizliyi və milli maraqları əleyhinə yönəlmiş, dənizdə mövcud olan və gələcəkdə ehtimal olunan təhdidlərin qarşısının alınması üçün bütün səylər birləşdirilir.

Strategiyanın 4-cü maddəsində dəniz təhlükəsizliyinin təmin olunmasında iştirak edən qurumlar və vəzifələr əksini tapmış, 5-ci maddəsində dənizdə əlaqələndirmə, beynəlxalq və dövlətdaxili qarşılıqlı fəaliyyət, 6-cı maddəsində isə qurumların vəzifələri çərçivəsində fəaliyyət istiqamətləri müəyyən edilmişdir.

Azərbaycan Prezidentinin 2002-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “İxrac boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsinə dair Kompleks Tədbirlər Planı”nın icrası ilə əlaqədar “MN-nin HDQ-nin və DSX-nin SM-nin Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft və qaz çıxarma rayonlarını və ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmini üzrə birgə Əməliyyat Planı”nın icrası Sahil Mühafizəsinin gəmi, katerləri, sahil bölmələri və texniki müşahidə məntəqələri tərəfindən təmin olunur.

Dənizdə yerləşən neft-qaz infrastrukturunun təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyətin təmin olunması üzrə Dövlət Sərhəd Xidməti və Dövlət Neft Şirkəti arasında qarşılıqlı fəaliyyət planı imzalanaraq icrası Sahil Mühafizəsinin gəmiləri və sahil bölmələri tərəfindən həyata keçirilir.

Панорама без названия1

DSX-nin Хəzər dənizinin Azərbaycan sektorunda dəniz təhlükəsizliyinin təmin оlunmasi taktiki təlimlərindən

“Dəniz Təhlükəsizliyi Strategiyası”nın tələblərinin yerinə yetirilməsi və dövlət qurumlarının müvafiq idarələri ilə informasiya mübadiləsinin təmin edilməsi məqsədi ilə DSX Sahil Mühafizəsinin hərbi qulluqçuları Vahid Əlaqələndirmə Qrupu heyətinə cəlb edilmiş, həmçinin qurumlararası yeni qarşılıqlı əlaqə və əməliyyat planları hazırlanaraq icrası təmin olunur.

Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində balıq və digər su bioresursların mühafizəsi sahəsində nəzarətin gücləndirilməsinə dair Daxil İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Dövlət Sərhəd Xidməti arasında imzalanmış Plana əsasən zəruri tədbirlər həyata keçirilməkdədir.

Eyni zamanda Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində neft-qaz platformalarının, boru kəmərlərinin və dəniz sərhədlərinin mühafizəsi, kiçikhəcmli üzmə vasitələri, vahid yanalma körpüləri, tikililər ilə qapadılmış ərazilərlə bağlı problemlərin həlli məqsədi ilə Azərbaycan Nazirlər Kabinetinin tapşırığı əsasında yaradılmış işçi qrupu (Daxil İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Təhlükəsizliyi, Prezidentin Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətləri, Dəniz və Liman Agentliyi) tərəfindən qanunvericilikdə dəyişiklərin edilməsinə dair təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi üçün sahilyanı dövlətlər tərəfindən 2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə Protokol imzalanmışdır. Protokolun 3-cü maddəsinə müvafiq olaraq, həmçinin təsdiq edilmiş illik Birgə Planlara əsasən Xəzər dənizinin akvatoriyasında sərhəd təhlükəsizliyinin təmin olunması üzrə əməkdaşlığın genişləndirilməsi, qeyri qanuni fəaliyyətlərin qarşısının alınması istiqamətində qarşırıqlı əlaqənin inkişaf etdirilməsi, bioloji resursların mühafizəsi məqsədi ilə Azərbaycan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi, Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidməti və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidməti Regional Sahil Mühafizələri arasında hər il iki mərhələdə Tərəflərin sektor hüdudlarında iki və ya üç tərəfli birgə əməliyyat-profilaktik tədbirləri həyata keçirilir.

POLİQON: “Azərbaycan Respublikasının Dəniz Təhlükəsizliyi Strategiyası” əsasında bu gün DSX Sahil Mühafizəsində hansı işlər görülür və qarşıda duran vəzifələr nələrdir?

Kontr-admiral Abbas Qiyasov: “Dəniz Təhlükəsizliyi Strategiyası”nın icrasının təmin edilməsi ilə əlaqədar Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəniz sərhədləri və enerji infrastrukturunun mühafizəsi sisteminin inkişafına dair Tədbirlər Planı”na əsasən zəruri tədbirlərin həyata keçirilməsi təmin edilir.

“Dəniz Təhlükəsizliyi Strategiyası”nın 6-cı bəndinin icrası ilə bağlı və Xəzər dənizində mümkün təhdidlərin qarşısının alınması üzrə qüvvə və vasitələrin gücləndirilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər sırasında, əvvəl də  qeyd etdiyim kimi, 2014-cü ildə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin yeni Gəmi İnşası və Təmiri Mərkəzi istifadəyə verilmiş, açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə mərkəzin imkanları nümayiş etdirilmişdir.

Qeyd edilən Mərkəzdə 2014-2019-cu illərdə Dövlət Sərhəd Xidməti tərəfindən görülmüş müvafiq tədbirlər nəticəsində itisürətli və yüksək üzmə qabiliyyətli müasir naviqasiya, rabitə-radiotexniki avadanlıqlar və raket-artilleriya silah, gecə-gündüz müşahidə və aşkaretmə sistemləri ilə təchiz edilmiş 6 ədəd 2-ci dərəcəli “Tufan” və 6 ədəd 3-cü dərəcəli “Şahdağ” sərhəd gəmilərin inşası həyata keçirilmişdir.

“Dəniz Təhlükəsizliyi Strategiyası”na müvafiq olaraq Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Azərbaycanın dövlət sərhədinin mühafizəsini həyata keçirilməsi, qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətləri daxilində sərhəd münaqişələrinin nizama salınması üçün tədbirlərin görülməsi, sərhəd rejimi və üzmə vasitələrinin hərəkətinə nəzarəti və onların təhlükəsizliyini, habelə Xəzər dənizinin Azərbaycana mənsub hissəsində neft-qaz platformaları və onların infrastruktur obyektlərinin təhlükəsizliyini təmin edilməsi kimi vəzifələr göstərilmişdir.

Vəzifələrin icrası ilə bağlı DSX-nin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizində dövlət sərhədinin, neft-qaz infrastrukturunun fasiləsiz mühafizəsi təmin edilir, xəzəryanı dövlətlərə məxsus hərbi və qeyri-hərbi gəmilərin, həmçinin Rusiya Federasiyasına məxsus elmi-tədqiqat gəmilərin hərəkətləri nəzarətdə saxlanılır.

Həyata keçirilmiş qoşun, kəşfiyyat-axtarış tədbirləri və qabaqlayıcı əməliyyat məlumatı əsasındasərhəd gözətçi gəmiləri və sahil nəzarəti bölmələri tərəfindən qarşılıqlı əlaqədə dövlət sərhədinin pozulmasının qarşısı alınmışdır.

Habelə, sərhəd rejiminə nəzarətin həyata keçirilməsi zamanı xarici dövlətlərə və Azərbaycana məxsus gəmi və qayıqlara baxış keçirilmiş, rejim qaydalarını pozduğuna görə üzmə vasitələr heyətlə birlikdə saxlanılaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Rejim tədbirlərin keçirilməsi zamanı bir necə halda narkotik vasitə və psixotrop maddə aşkar olunaraq dəniz yolu ilə Azərbaycana gətirilməsi cəhdlərinin qarşısı alınmışdır. Dənizdə batma təhlükəsi ilə üzləşmiş üzmə vasitəsinin heyət üzvləri xilas edilməsi üzrə əməliyyat həyata keçirilmişdir.

IMG 2515 — копия

“TEKNOFEST Azərbaycan” tədbirində Sahil Mühafizəsinin sərhəd gəmiləri iştirak edib

Bundan başqa, Xəzər dənizinin akvatoriyasında brakonyerlik fəaliyyətinin qarşısının alınması, əlverişli üzmə rejiminin qorunub saxlanılması üzrə Azərbaycan və Rusiya Sərhəd Xidmətləri tərəfindən birgə əməliyyat-profilaktik tədbirləri həyata keçirilmişdir. Dənizə, sahil xəttinə və adalara baxış, həmçinin rejim sularında keçirilmiş axtarış tədbirlərinin nəticəsində müxtəlif növ silah-sursat, habelə əlvan və qara metal, yanacaq-sürtkü, spirtli içki, buy və rabitə vasitəsi aşkar edilmişdir. Ekoloji mühit və bioresursların qorunması məqsədilə həyata keçirilmiş profilaktik tədbirlər zamanı gəmi və katerlər və sahil nəzarəti bölmələri tərəfindən qanunsuz balıq ovlama vasitələri olan tor, qarmaq yığılmış sahibsiz qayıq aşkar olunaraq müvafiq tədbirlər görülmüşdür.

2022-ci ildə Bakı şəhərində keçirilmiş “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalınında Sahil Mühafizəsinin sərhəd gəmilərinin iştirakı təmin edilmişdir.

POLİQON: DSX-nin digər hərbi birləşmələri ilə yanaşı, Sahil Mühafizəsinin hərbi qulluqçuları da Zəfər savaşında qəhrəmancasına vuruşdular. Sərhədçilərin Vətən Müharibəsində iştirak etdikləri döyüşlər, göstərdiyi şücaət və qəhrəmanlıqları barədə nə deyə bilərsiniz?

Kontr-admiral Abbas Qiyasov: Qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı nəticəsində ərazi bütövlüyümüzün bərpa olunması uğrunda gedən döyüş əməliyyatlarında Sahil Mühafizəsinin heyətindən 204 hərbi qulluqçu iştirak etmişdir.

Döyüşlər zamanı Cənub regional şöbəsinin “Vel” sahil nəzarəti bölməsinin nəzarətçisi kiçik gizir Sultan Mikayıl oğlu İbrahimov Zəngilan şəhərinə düşmənin əks-hucumunun qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Kiçik gizir Sultan Mikayıl oğlu İbrahimov ölümündən sonra Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Sahil Mühafizəsinin digər 8 hərbi qulluqçusu yaralanmış, 3 hərbi qulluqçusu müxtəlif dərəcəli xəsarətlər almışdır.

Döyüş əməliyyatları zamanı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən, rəşadət və yüksək şücaət nümayiş etdirimiş 97 hərbi qulluqçumuz ölkə başçısı tərəfindən müxtəlif orden və medallarla təltif olunmuşdur.

POLİQON: Cənab kontr-admiral, dəyərli vaxtınızı ayırdığınız üçün sizə təşəkkür edirik. Sonda əlavə etmək istədiyiniz fikirlər varmı?

Kontr-admiral Abbas Qiyasov: Müsahibəmizin sonunda sizi əmin etmək istəyirəm ki, Vətəninə, dövlətinə, Prezidentinə xidmət etmək qürurun daşıyıcısı olan hər bir dəniz sərhədçisi bundan sonra da əzmlə xidmət edəcək, doğma Azərbaycanımızın təhlükəsizliyi və inkişafı naminə səy və bacarığını əsirgəməyəcək! PJ

Müsahibə POLİQON hərbi-texnoloji jurnalının yanvar-fevral 2023-cü il tarixli 1 (63) saylı buraxılışında yayımlanıb

Zaur Babaşov

CATEGORIES
TAGS