Kontr-admiral: Sahil Mühafizəsi müasir tələblərə cavab verən infrastruktur kimi formalaşıb

Kontr-admiral: Sahil Mühafizəsi müasir tələblərə cavab verən infrastruktur kimi formalaşıb

Bu gün dəniz sərhədçiləri Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılmasının 18-ci ildönümünü xoş ovqat hissi ilə, yüksək əhval-ruhiyyə, xidmətdə qazanılmış uğurlarla qarşılayır.

Bunu Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin qərargah rəisi, kontr-admiral Abbas Qiyasov POLİQON jurnalına müsahibəsində deyib.

Kontr-admiral Abbas Qiyasov Sahil Mühafizəsinin yaranması və inkişafı tarixinə qısa nəzər salıb: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dənizdə dövlət sərhədlərimizin mühafizəsi sisteminin təkmilləşdirilməsinə göstərdiyi ali diqqət və qayğısı nəticəsində, sərhəd gözətçi gəmilərimiz daim döyüş sıralarında olmaqla, dənizdə istənilən çağırışa çevik reaksiya göstərmək imkanlarına malikdir.

Fəaliyyət göstərdiyi müddət ərzində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xəzər dənizinin Azərbaycan Respublikasının mənsub bölməsində dövlət sərhədinin mühafizəsində, bioloji resursların, enerji ehtiyatların, sualtı neft-qaz boru kəmərlərinin və platformaların qorunması, Xəzər dənizində beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiya və qaçaqmalçılığa qarşı mübarizədə yüksək nəticələr əldə edib.

İstəyirəm ki, bu məqamda Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin formalaşması ilə bağlı tarixi keçmişə nəzər yetirək. Belə ki, Sovet İttifaqı dağıldıqdan sonra xəzəryanı regionda yaranmış hərbi-siyasi vəziyyət, Azərbaycan iqtisadiyyatının, xüsusilə neft sənayesinin sürətli inkişafı dəniz sərhədlərimizin etibarlı mühafizəsi zərurətini ortaya çıxarırdı.

O vaxt Azərbaycan Sərhəd Qoşunlarının balansına verilmiş 7-ci Əlahiddə Sərhəd Gözətçi Gəmilər Briqadası, xidmətə yararsız 2 sərhəd gözətçi gəmisi və 32 hərbi qulluqçu ilə fəaliyyətə başlayıb və yalnız 22 iyun 1993-cü il tarixdə Hərbi Dəniz Qüvvələrinin gəmi təmiri zavodunda təmir edilmiş 625-ci gəmi ilə dəniz sərhədçiləri ilk dəfə Azərbaycan Respublikasının dövlət bayrağı altında Xəzər dənizində dövlət sərhədlərimizin mühafizəsinə çıxıb və 4 gün xidmətdə olublar”.

Qərargah rəisi bildirib ki, dəniz sərhədlərinin mühafizəsində əsaslı dönüş Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaranıb.

“Ölkəmizin təhlükəsizliyini və dövlət sərhədlərimizin etibarlı mühafizə edilməsi məsələlərini daim ciddi nəzarətdə saxlayan böyük dövlət xadimi, dahi Öndərimiz Heydər Əliyevin 1996-cı ildə imzaladığı sərəncamla Hərbi Dəniz Qüvvələrinin tərkibindən 3 gəmi, 2002-ci ildə isə Dövlət Neft Şirkətinin balansından 2 ədəd “Neftqaz” və 1 ədəd “Vixr” layihəli gəmi Dövlət Sərhəd Xidmətinin balansına verilib. Həmçinin həmin ərəfədə, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və dəniz sərhədlərinin gücləndirilməsi ilə bağlı beynəlxalq proqram çərçivəsində Sərhəd Gözətçi Gəmilər briqadasına 1 gəmi və 4 gözətçi kateri hədiyyə olunub.

Ulu Öndərin milli sərhəd strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində bu xidmət keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, məhz cənab Prezidentin 18 fevral 2005-ci ildə imzaladığı Fərmanla sərhəd gözətçi gəmilər dəstəsinin əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi təsis edilib və bunun sayəsində Xəzər dənizində milli maraqlarımızın yüksək səviyyədə qorunması və dəniz sərhədlərinin etibarlı mühafizəsi üçün daha geniş imkanlar yaranıb.

Qısa zaman dənizdə sərhəd mühafizəsinin təşkili üzrə irəliləyişlərə nail olunub, bu sahədə beynəlxalq təcrübədən istifadə etməklə Xəzər dənizində səmərəli sərhəd mühafizə sisteminin formalaşdırılması istiqamətində mühüm işlər görülüb.

Tam peşəkar heyətlə komplektləşdirilmiş Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi hazırda Xəzər dənizində dövlət maraqlarımızın qorunması və təhlikəsizliyin təmin edilməsi üçün mükəmməl və müasir tələblərə cavab verən infrastruktur kimi formalaşıb”, – kontr-admiral A.Qiyasov vurğulayıb.

Qərargah rəisi qeyd edib ki, hazırda Sahil Mühafizəsi vəzifələrini uzunluğu 713 km olan sahil, 955 km sektor xətti üzrə və 74.460 kilometr kvadratda rejimli sahəni əhatə edən sərhəd sularında icra edir.

Onun sözlərinə görə, Sahil Mühafizəsi Xəzər dənizinin Azərbaycan Respublikasının mənsub olan bölməsində dövlət sərhədinin, hidrotexniki qurğuların (neft-qaz çıxartma platformaları və boru kəmərlərinin) mühafizəsini və toxunulmazlığını təmin etmək, səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının sərhəd sularında təbii və biolojı sərvətlərin qorunmasında iştirak etmək üçün təyinatlıdır.

Sahil Mühafizəsi öz təyinatına uyğun olaraq aşağıdakı əsas vəzifələri yerinə yetirir:

  • Xəzər dənizinin Azərbaycan Respublikasının mənsub olan bölməsində dövlət sərhədinin mühafizəsi və toxunulmazlığını təmin edir;
  • Xəzər dənizinin Azərbaycan Respublikasının mənsub olan bölməsində dövlət sərhədinin, hidrotexniki qurğuların, neft-qaz boru kəmərlərinin mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirir;
  • sərhəd sularında dövlət sərhəd rejiminə və sərhədboyu rejimə nəzarəti həyata keçirir;
  • Azərbaycan Respublikasına məxsus gəmiləri və ölkə vətəndaşlarını onlara qarşı yönəlmiş təhlükələrdən müdafiə edir;
  • sərhəd sularında təbii və bioloji sərvətlərin qorunması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirir;
  • narkotik vasitələrin, psixotrop maddələrinin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrinin və qurğuların, odlu silah və döyüş sursatının, bioloji və digər kütləvi qırğın silahlarının, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların dəniz sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq üçün tədbirlər görür;
  • zəruri hallarda Xəzər dənizinin Azərbaycan Respublikasının mənsub olan bölməsində xilasetmə işləri aparır;
  • zəruri hallarda Xəzər dənizinin Azərbaycan Respublikasının mənsub olan bölməsində qəzaya uğramış gəmi və təyyarələrə və ya helikopterlərə, onların heyət üzvlərinə, sərnişinlərə köməklik göstərir.

Poliqon.az

CATEGORIES
TAGS