Laçının işğaldan azad olunmasından bir il ötür

Bu gün Laçın rayonunun işğaldan azad olunmasından bir il ötür.
“Poliqon”un məlumatına görə, 2020-ci il sentyabrın 27-də Ermənistan Ordusunun bütün cəbhə boyu törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusunun başladığı uğurlu əks hücum əməliyyatları həmin il noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı bəyanatla başa çatdı.
44 gün davam etmiş hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Tərtər rayyonunun Talış kəndini və Suqovuşan qəsəbəsini, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonunu, Şuşa şəhərini və Xocavənd rayonunun bir hissəsini işğaldan azad etdi. İmzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu və dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi.
Əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tağı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə verib. “Laçın” sözü “məğrurluq” mənasındadır. 1 şəhər, 1 qəsəbə, 125 kəndidən ibarət olan rayonun ümumi sahəsi 1835 kvadrat kilometrdir.
Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi mineral yataqları daha böyük ehtiyatlara malikdir.
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı bölmələri tərəfindən işğal olunmuşdu. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil oldu. Laçın Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdı. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. Rayonun əhalisi 79,1 min nəfər olmaqla, respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. İşğal nəticəsində rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirilib.
İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozaraq, Laçında coğrafi adları dəyişdirib, rayonun təbii resurslarını talan edib, qeyri-qanuni məskunlaşma siyasəti aparıb və demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub.
Prezident İlham Əliyev fevralın 14-də Laçın rayonuna səfəri zamanı Güləbird kəndində Azərbaycan bayrağını qaldırıb. Artıq Laçına həyat yenidən qayıdır. Hazırda Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir. Eyni zamanda, Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır.
Laçında inşa edilən hava limanı işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə gediş-gəlişi asanlaşdıracaq.




