“Lockheed Martin” şirkəti 700-cü F-35 qırıcısını buraxıb

“Lockheed Martin” şirkəti 700-cü F-35 qırıcısını buraxıb

ABŞ hər üç gündə bir stels-qırıcı buraxır. Artıq 700-cü F-35 Lightning II təyyarəsi yığım xəttindən çıxıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Lockheed Martin Corporation” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin məlumatında “700-cü F -35, 21-ci əsrin müharibə memarlığının ən inkişaf etmiş qovşağının kritik böyüməsini qeyd edən bir mərhələdir”, deyə bildirilib.

Bildirək ki, F-35 qırıcıları on dörd ölkə tərəfindən özünün silahlı qüvvələri üçün alınır. İndiyə qədər “Joint Strike Fighter” (Vahid zərbə qırıcısı) proqramı çərçivəsində 1 460-dan çox pilot və 11 025 nəfər personal təlim keçib və F-35 qırıcılarının ümumi uçuş müddəti 430 000 saatı ötüb. “Lockheed Martin” şirkəti bu qırıcılardan cari ilin sonuna qədər daha 133-139 ədəd, 2022-ci ildə 151-153 ədəd, 2023-cü ildən etibarən isə hər il 156 ədəd qırıcının istehsal edilməsi planlaşdırılır.

Xatırladaq ki, F-35 Lightning II qırıcıları üç modifikasiyada hazırlanıb: F-35A (yerüstü qırıcı (CTOL – conventional takeoff and landing, adi uçuş və eniş), F-35B (STOVL — Short take-off and vertical landing, qısa uçuş və şaquli eniş) və F-35C (aviadaşıyıcıdan havaya katapultla qalxır, aerofinişerdən istifadə edərək enir, CV).

F-35B modifikasiyası ilkin döyüş hazırlıq səviyyəsinə 2015-ci ildə, F-35A modifikasiyası 2016-cı ildə çatıb. F-35C modifikasiyası isə ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasına 2019-cu ildə daxil olub.

Qırıcı təyyarənin 500-cü nümunəsi 3 mart 2020-ci il tarixində istehsal edilib.

Qeyd edək ki, qırıcının bir ədədinin 2019-cu il üçün qiyməti: F-35A – 83,4 milyon ABŞ dolları, F-35B – 108,1 milyon ABŞ dolları və F-35C – 93,3 milyon ABŞ dolları təşkil edir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS