Mədət Quliyev BƏƏ-nin Baş nazirinin müavini ilə görüşüb

Azərbaycanın Müdafiə sənayesi naziri Mədət Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini, Prezident işləri naziri Şeyx Mənsur bin Zayed Əl Nəhyan ilə Əbu-Dabidə keçirilən “IDEX-2021” beynəlxalq müdafiə sərgisində görüşüb.
Bu barədə “Poliqon”a Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Şeyx Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin qardaş ölkə olduğunu vurğulayaraq hər bir sahədə qarşılıqlı əməkdaşlığın faydalarından danışıb, hər iki ölkə arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.
Mədət Quliyev Baş nazirin müavinindən Prezident İlham Əliyevin salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nahyana çatdırmasını xahiş edib. Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.




