Mədət Quliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib

Azərbaycan müdafiə sənayesi naziri Mədət Quliyev Belarusun Azərbaycandakı səfiri Ravkov Andrey Alekseyeviçi qəbul edib.
Bu barədə “Poliqon”a Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinən məlumat verilib.
Nazir səfirə iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib. Mədət Quliyev Azərbaycan və Belarus arasında qarşılıqlı hörmət və etimadın mövcudluğunu, istər siyasi-iqtisadi, istərsə də hərbi sahələrdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. Nazir dövlət başçıları arasındakı səmimi dostluq və qarşılıqlı etimaddan qaynaqlanan ikitərəfli əməkdaşlığın təkcə iki ölkənin deyil, bütövlükdə regionun gələcək tərəqqisi üçün səmərəli olacağından əminliyini ifadə edib.
Daha sonra Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib. Nazir səfirin diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb. M.Quliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açıb, Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində dəyən zərərlər barədə qonağı məlumatlandırıb.
Səfir Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnunluğunu qeyd edərək, Azərbaycan və Belarus arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.
Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.




