Macarıstan ilk 155 mm-lik “PzH-2000” ÖAQ alıb
Almaniya istehsalı ilk 155 mm-lik “PzH-2000” (“Panzerhaubitze 2000”) özüyeriyən artilleriya qurğuları (ÖAQ) Macarıstana çatdırılıb.
Bu barədə “Poliqon” “Honvedelem”ə istinadən məlumat verib.
İlk qurğu avqustun 10-na keçən gecə, ikincisi isə 2022-ci il avqustun 17-də axşam saatlarında çatdırılıb. Haubitsalarla birlikdə onlara texniki qulluq üçün avadanlıqlar olan konteynerlər də gətirilib.
Bildirilir ki, çatdırılma altı ay gecikib. İlkin olaraq, ilk “PzH-2000” ÖAQ-ın 2022-ci ilin fevralında təhvil veriləcəyi ehtimal edilirdi.
Qeyd olunur ki, 19 dekabr 2018-ci il tarixində Almaniyanın “Krauss-Maffei Wegmann” (KMW) şirkəti Macarıstan hökuməti ilə 44 ədəd “Leopard 2A7HU” (“Leopard 2A7+” tankının uyğunlaşdırılmış versiyası) əsas döyüş tankı və 24 ədəd yeni “PzH-2000” ÖAQ tədarükü barədə müqavilə bağlandığını elan edib.
Müqavilənin ümumi dəyəri 160 milyard forint və ya 565 milyon ABŞ dolları təşkil edib.
Müqavilə həmçinin təlim tapşırıqlarının yerinə yetirilməsi üçün KMW anbarlarında saxlanılan müvafiq avadanlıqların və bərpa edilmiş 12 ədəd “Leopard 2A4HU” tankının tədarükünü də nəzərdə tutur.
Macarıstan Müdafiə Nazirliyi bildirib ki, bu proqramın həyata keçirilməsi sovet dövründə gətirilən 30 ədəd T-72 tankını və onlarla 152 mm-lik D-20 top-haubitsasını əvəz etməyə imkan verəcək.
Beləliklə, Macarıstan “Leopard 2” tankının 19-cu müştərisi və “PzH-2000” ÖAQ-ı seçən səkkizinci ölkə olub.
Xatırladaq ki, Macarıstan təlimatçılarının “PzH-2000” ÖAQ-da təlimi 2020-ci ilin sonlarında başlayıb.