
Mədət Quliyev Serbiyanın “Yugoimport” şirkətinin rəhbəri ilə görüşüb
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyətinin iştirak etdiyi Serbiyanın Belqrad şəhərində keçirilən “Partner-2021” Silah və Hərbi Texnika Sərgisinin ikinci günündə Serbiyanın prezidenti Aleksandr Vuçiçin iştirakı ilə açılış mərasimi baş tutub.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, açılış mərasimindən sonra Mədət Quliyev “Yugoimport” Müdafiə Sənayesi Kompleksinin rəhbəri Yuqoslav Petkoviç ilə görüşüb.
Görüşdə hər iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qeyd edək ki, “Partner-2021” Silah və Hərbi Texnika Sərgisi iki ildən bir Serbiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Sərgidə dünyanın müxtəlif ölkələrindən olan silah və hərbi texnika, artilleriya və raket kompleksi, müasir atıcı silahlar, döyüş sursatları, zirehli texnika, təyyarələr, xüsusi mühafizə vasitələri, müxtəlif növ trenajorlar və s. nümayiş etdirilir.
“Partner-2021” Silah və Hərbi Texnika Sərgisi öz işini oktyabrın 14-dək davam etdirəcək.