“Meteksan Savunma”nın AESA texnologiyalı radarı ilk dəfə IDEF-2023-də nümayiş olunacaq

“Meteksan Savunma”nın AESA texnologiyalı radarı ilk dəfə IDEF-2023-də nümayiş olunacaq

“Meteksan Savunma” şirkəti “Retinar AESA” radarını ilk dəfə 25-28 iyul tarixlərində Türkiyədə keçiriləcək IDEF-2023 sərgisində nümayiş etdirəcək.

“Meteksan Savunma”dan “Poliqon”a verilən məlumata görə, “Retinar AESA”, şirkət tərəfindən inkişaf etdirilən, daxili və xarici bazarlarda ixrac uğurlarına imza atan “Retinar” radar ailəsinin yeni üzvüdür.

“Retinar AESA” radarının imkanları:

  • Yeni nəsil aktiv elektron skan və MIMO strukturu;
  • Bir radar paneli ilə 90 x 90 dərəcə əhatə dairəsinə nəzarətin təmin edilməsi;
  • Dörd radar panellərinin istifadəsi ilə yarımkürəvi (90 x 360 dərəcə) əhatə dairəsinə nəzarət imkanın verilməsi;
  • Genişlənmiş hədəf dəsti ilə eyni vaxtda uzun məsafələrdən hava və quru hədəflərinin aşkar edilməsi;
  • Yüksək yeniləmə tezliyi ilə artan izləmə performansı;
  • Aşağı sürət həssaslığı ilə yüksək performanslı hədəf təsnifatı;
  • 3D yüksək keyfiyyətli radar görüntüləmə qabiliyyəti.

İstehsalçının bildirdiyinə görə, sözügedən radar çalışma tezliyi və hava şəraitinin təsirinə məruz qalmamaq imkanları ilə təhlükəsizlik bölmələrinə böyük güc qatacaq. O, təkcə mini/mikro pilotsuz uçuş aparatlarını deyil, kamikadze və taktiki PUA-ları da aşkarlaya və izləyə biləcək.

“Retinar AESA” dizayn quruluşu və aşağı enerji istehlakı sayəsində həm kritik obyektlərin və sərhədlərin qorunması üçün stasionar şəkildə, həm də nəqliyyat vasitələrinin üzərinə quraşdırılaraq səyyar formada istifadə oluna bilər.

“Retinar AESA” haqqında danışan “Meteksan Savunma” Radar Sistemləri baş direktorunun müavini İzzet Adil Baktır, onun yeni nəsil təhdidlərə cavab verməsi üçün təhlükəsizlik qüvvələrinin ehtiyaclarına uyğun şəkildə xüsusi olaraq dizayn edildiyini söyləyib: “Ölkəmizdə uzun müddətdir haqqında danışılan AESA texnologiyasını qısa müddətdə üstün mühəndislik işi ilə “Retinar” ailəsinə qazandırmaqdan qürur duyuruq. Xüsusilə son dövrdə barəsində çox danışılan kamikadze PUA-ları da aşkarlaya biləcək quruluşda olan “Retinar AESA”nı MIMO texnologiyası ilə inkişaf etdirmişik. “Retinar AESA”nın əməliyyat meydanında fəaliyyətə başlamasını və bu ailəyə yeni uğurlar qazandırmasını səbirsizliklə gözləyirik”.

Poliqon.az

CATEGORIES
TAGS