Milli Dəniz Topunun ilk partiyası Türkiyə HDQ-yə təhvil verilib

Milli Dəniz Topunun ilk partiyası Türkiyə HDQ-yə təhvil verilib

“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən inkişaf etdirilən Milli Dəniz Topunun ilk partiyası Türkiyə Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verilib.

Bu barədə “Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verib.

Bildirilib ki, əvvəlcə 76/62 mm-lik Milli Dəniz Topunun quru sınaqları keçirilib. Quru sınaqlarının uğurla tamamlamasının ardından Milli Dəniz Topu liman və dəniz testləri üçün Türkiyə HDQ-nin TCG BEYKOZ korvetinə inteqrasiya edilib. TCG BEYKOZ korveti ilə keçirilən sınaqlar da bitdikdən sonra Milli Dəniz Topu Türkiyə HDQ-nin silahlanmasına qəbul edilib və MKE şirkətinə müvafiq sifariş verilib.

Qeyd olunub ki, sifariş əsasında istehsal edilərək müştəriyə təhvil verilən Milli Dəniz Topları Türkiyə HDQ-nin yeni açıq dəniz patrul gəmilərində istifadə ediləcək.

Bundan başqa, MKE şirkəti MİLGEM layihəsi çərçivəsində inşa edilən 6-cı, 7-ci və 8-ci freqatların da Milli Dəniz Topu ilə təchiz olunması üçün Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) ilə müvafiq müqavilə imzalayıb və sözügedən silah sisteminin istehsalına başlayıb.

CATEGORIES