Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilib

Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilib

Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, anma mərasimində çıxış edənlər Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək Milli Qəhrəmanın göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıblar.

Vətən yolunda canından keçməklə gənclərə örnək olacaq bir addım atan qəhrəman Mübariz İbrahimovun döyüş ruhunun, vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb.

Mübariz İbrahimovun göstərdiyi rəşadətin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi xüsusi vurğulanıb.

Mərasimdə Vətənin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, məzarları üzərinə tər güllər düzülüb.

Həmin gün Milli Qəhrəmanın doğulub boya-başa çatdığı Biləsuvar rayonundakı evi də bir qrup hərbi qulluqçu tərəfindən ziyarət olunub.

Poliqon.az

CATEGORIES