“Milrem Robotics” Estoniya Ordusunun CV90 PDM-ni təkmilləşdirir

“Milrem Robotics” Estoniya Ordusunun CV90 PDM-ni təkmilləşdirir

“Milrem Robotics” şirkəti Estoniya Ordusunun CV90 piyadanın döyüş maşınlarının (PDM) təkmilləşdirilməsində iştirak edəcək.

Bu barədə “Poliqon” “Milrem Robotics” şirkətinə istinadən məlumat verib.

Estoniyanın əsasən pilotsuz yerüstü nəqliyyat vasitələrinin hazırlanması və istehsalı ilə məşğul olan “Milrem Robotics” şirkəti Estoniya Ordusunun CV9030N PDM-lərinin istismar dəstəyi və təkmilləşdirilməsi proqramında iştirak edəcəyini açıqlayıb.

“Milrem Robotics” şirkəti proqramın həyata keçirilməsinə məsul olan “Go Craft” və “Scania Estonia” şirkətlərinin rəhbərlik etdiyi konsorsiuma qoşulacaq.

37 köhnə Norveç CV9030N PDM-i üzərində işlər bu ilin iyun ayında Estoniya Müdafiə İnvestisiya Mərkəzi tərəfindən sifariş verilib.

Müqavilənin dəyəri 29,3 milyon avrodur, ümumilikdə 37 döyüş maşınının hamısının təkmilləşdirilməsini və onlardan 31-inin müxtəlif növ köməkçi zirehli maşınlara (mühəndis, tank əleyhinə və s.) çevrilməsini əhatə edir.

“Milrem Robotics” mühəndislik proqramında iştirak edəcək və fərdi ixtisaslaşdırılmış nəqliyyat vasitələrinin prototipləşdirilməsini, eləcə də onlardan istifadə və texniki xidmət üzrə sənədlərin və təlimatların hazırlanmasını idarə edəcək. Şirkət təlim xidmətlərinin göstərilməsindən də məsul olacaq.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS