
Modernləşdirilmiş ilk P-8A təyyarəsi ABŞ HDQ-yə təhvil verilib
“Boeing” şirkəti təkmilləşdirilmiş ilk P-8A “Poseidon” dəniz patrul təyyarəsini ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verib.
“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, təkmilləşdirmə nəticəsində təyyarə “Increment 3 Block 2” səviyyəsinə yüksəldilərək, sualtı qayıqlara qarşı mübarizə texnologiyası və imkanları daha da gücləndirilib.
Belə ki, yeni antenalar, sensorlar və bir sıra əsas təkmilləşdirmələr təyyarənin kompüter emalı və rabitə sistemlərini yaxşılaşdırmaqla, ekipajı dünyanın ən müasir sualtı qayıqlarını axtarmaq, aşkarlamaq və hədəfləmək imkanları ilə təmin edir.
P-8A “Poseidon”, “Boeing” 737-800ERX mülki sərnişin təyyarəsinin əsasında yaradılıb. ABŞ HDQ 2010-cu ilin avqustunda təyyarənin istehsalına icazə verib. O, 6 xarici və 5 daxili asma nöqtəsi ilə 9 tona qədər silah daşıya bilir. Bu asma nöqtələrinə gəmi əleyhinə və qanadlı raketlər, torpedalar, dəniz minaları və aviasiya bombaları quraşdırmaq mümkündür.
Əsas texniki xassələri: heyəti – 9 nəfər (2 pilot, 7 operator); uzunluğu – 39.47 m; qanad açıqlığı – 37.64 m; hündürlüyü – 12.83 m; qanadının sahəsi – 133.59 m²; boş vəziyyətdə kütləsi – 41 434 kq; maksimal uçuş kütləsi – 85 820 kq; daxili çənlərdəki yanacağın kütləsi – 34,096 kq; güc qurğusu – 2 ədəd CFM International CFM56-7B turboreaktiv mühərrik; dartqı qüvvəsi – 2 × 120 kN.
Əsas uçuş xassələri: maksimum uçuş sürəti – 907 km/saat; kreyser sürəti – 815 km/saat; patrulluq/axtarış sürəti – 60 m hündürlükdə 333 km/saat; döyüş radiusu – 3700 km; uçuş məsafəsi – 8,300 km; praktiki uçuş tavanı – 12500 m.