“Moog” şirkəti hərbçilərin silah növünü seçə biləcəyi RIwP döyüş modulu hazırlayıb
Böyük Britaniyanın “Moog” şirkəti texnika heyətinin əməliyyat tapşırığı üçün silah növünü seçəcək RIwP (Reconfigurable Integrated-weapons Platform) döyüş modulunu təqdim edib.
“Poliqon” “European Defence Review” nəşrinə istinadən xəbər verir ki, şirkət ölkənin Yerüstü Hava Hücumundan Müdafiəsi (Ground Based Air Defence – GBAD) tələblərinə cavab olaraq RIwP yenidən konfiqurasiya edilə bilən inteqrasiya edilmiş silah platformasını Böyük Britaniyaya gətirmək üçün çalışır.
Şirkət, “Defence Vehicle Demonstration” sərgisində “Ridgeback” zirehli avtomobilinə quraşdırılmış və qısa mənzilli hava hücumundan müdafiə (HHM, Short range air defense – SHORAD) sistemi konfiqurasiyasında olan döyüş modulunu nümayiş etdirib.
RIwP açıq və modul sistem, həmçinin sensorlardan, silahlardan və nəqliyyat vasitələrindən asılı olmayan bir sistem kimi layihələndirilib. Bu isə son istifadəçilərə seçdikləri silahı onun üzərinə quraşdırmaq, lazım olduqda əlavə etmək və dəyişdirmək imkanı verir.
Sərgidəki modul özündə yüksək sürətli raket (High Velocity Missile – HVM) və yüngül çoxməqsədli raket (Lightweight Multirole Missile – LMM) üçün konteynerlər, eləcə də təkmilləşdirilmiş atıcı nişangahını ehtiva edirdi.
Bundan başqa, RIwP döyüş modulu 30×113 mm-lik avtomatik top və 7,62 mm-lik M240 pulemyotu ilə silahlanmışdır ki, bu da tərtibatçının fikrincə, xüsusiyyətlərini itirmədən raketlərlə eyni qüllədə yerləşdirilə bilər.
Yaradıcılar bildirirlər ki, “Bu, istifadəçilərə lazım olduqda silah və sensorları əlavə etməyə və dəyişməyə imkan verən unikal silah sistemidir”.
Raketlərdən modul ABŞ istehsalı zenit idarə olunan FIM-92 “Stinger”, “Hydra 70”, tank əleyhinə idarə olunan BGM-71 TOW (Tube-launched Optically-tracked Wire-guided), FGM-148 “Javelin”, aviasiya idarə olunun AGM-114 “Hellfire”, DAGR (Direct Attack Guided Rocket, “Hydra 70” raketinin idarə olunan versiyası) raketləri, eləcə də onların digər ölkələrdən olan analoqları ilə təchiz oluna bilər. “Moog” şirkəti həmçinin RIwP modulunu Böyük Britaniyanın “Battle Group Organic Anti-Armour Programme” üçün iştirakçı kimi nəzərdən keçirir, bunun üçün dörd “Brimstone” raketi ilə təchiz oluna bilər.
Qeyd edildiyi kimi, RIwP döyüş modulu artıq həm qısa mənzilli HHM vasitəsi, həm də pilotsuz uçuş aparatlarına (PUA) qarşı kompleks kimi fəaliyyət göstərərək ABŞ Ordusunda silahlanmadadır. Hazırda bu döyüş modulu ilk dəfə olaraq xarici müştəriyə – Böyük Britaniya Ordusuna təklif olunur.
RIwP, demək olar ki, hər hansı bir orta ağırlıqlı silahla yenidən konfiqurasiya oluna və zirehli avtomobilə quraşdırıla bilən stabilləşdirilmiş moduldur. Konstruksiyanın məqsədi odur ki, istifadəçi təhlükədən asılı olaraq RIwP tərəfindən daşınan silahları dəyişdirə bilsin.
Əhəd Vahidoğlu