MSN-də son 6 ayda müdafiə təyinatlı məmulatların yaradılması üzrə 13 mərhələ yerinə yetirilib
Bu ilin birinci yarısında Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində müdafiə təyinatlı məmulatların yaradılması üzrə 13 mərhələ yerinə yetirilib, o cümlədən, 4 mövzu tam başa çatdırılıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə MSN-in mətbuat xidməti məlumat yayıb.
2012-ci ilin birinci yarısında nazirliyin müəssisələrində istehsal olunmuş məhsulların ümumi həcminin 68,3 faizini müdafiə və xüsusi təyinatlı, 31,7 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 25% artıb.
İyulun 23-dən 31-dək nazirliyinin tabeli müəssisələrində 2012-ci ilin birinci yarısının yekunlarına həsr edilmiş səyyar kollegiya iclasları keçirilib.
Nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda nazirliyin birlik və müəssisələrin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib. Bildirilib ki, aparılan məqsədyönlü işlər nəticəsində hesabat dövründə nazirliyin müəssisələrində müvafiq proqramlar əsasında müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün yeni istehsal sahələrinin yaradılması işləri davam etdirilib.
Hesabat dövründə respublikanın güc strukturlarının sifarişləri üzrə 2012-ci ildə nəzərə tutulan tədbirlərin icrası davam etdirilib. Bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib.
İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənildi. Kollegiya iclaslarında nazir Yavər Camalov hesabat dövrü ərzində tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini bildirib.
Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş geniş içlasında dövlət başçısının ölkənin sənaye infrastrukturunun inkişafı ilə bağlı söylədiyi yüksək fikirləri və tapşırıqları iclas iştirakçılarına xatırladan nazir Ali Baş Komandan tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi üçün müəssisələrin rəhbərlərinə xüsusi göstərişlər verib.