Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyində dəyişikliklər gözlənilir
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) rəhbərliyində dəyişikliklər planlaşdırılır. Bu barədə “AzeriDefence” hökumətdəki mənbələrə istinadən məlumat verib.Məlumatda qeyd olunub ki, nazir Yavər Camalovun səhhəti ilə əlaqədar olaraq istefa üçün müraciəti gözlənilir. Nazirin bir ay əvvəl belə bir müraciəti şifahi şəkildə ölkə rəhbərliyinə çatdırılıb.
MSN-in mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova isə məlumatın əsassız olduğunu deyib.
Artıq müdafiə sənayesi naziri postuna irəli sürülmüş namizədlərdən birinin adı da bəlli olub. Hazırda bu posta Azərbaycanın müdafiə sənayesi sektorunda fəaliyyət göstərən və “ikinci MSN” adlanan “Azairtechservice” şirkətinin rəhbəri Fuad Seyidəliyevin namizəd olduğu bildirilir. Gəncə Aviatəmir və Sumqayıt Aviatəmir zavodlarını idarə edən “Azairtechservice” şirkəti indiyədək xarici şirkətlərlə bir yerdə Azərbaycan Hərbi Hava Qüvvələrinin Mi-24 tipli helikopterlərinin, S-125 “Peçora” zenit-raket sistemlərinin modernləşdirilməsi layihələrində, həmçinin aviatəmir işlərində uğurla iştirak edib. Hazırda adıçəkilən şirkət CAR-ın “ATE Group” və Belarusun “Tetraedr” şirkətləri ilə birgə müəssisələri mövcuddur.