Müdafiə Nazirliyi: Ermənistan hərbçiləri təşviş içində mövqelərini tərk edir

Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi Azərbaycan hərbçiləri tərəfindən dəf edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, qarşı tərəfin dövlət sərhədi boyunca istənilən döyüş aktivliyi Azərbaycan Ordusunun bölmələri tərəfindən izlənilir.
Bildirilib ki, erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir.
“Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır. Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb. Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir”, – deyə Nazirlikdən bildirilib.
Müdafiə Nazirliyi bir daha bəyan edib ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.




