Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı münasibəti ilə tədbirlər keçirilib
7 dekabr – Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) işçilərinin peşə bayramı günü ilə əlaqədar tədbirlər keçirilib.
MSN-in Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə müdafiə sənayesi naziri Vüqar Mustafayev və Nazirliyin əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da unudulmaz xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Peşə bayramı tədbiri geniş tərkibdə Beynəlxalq Muğam Mərkəzində davam etdirilib. Tədbirin rəsmi hissəsi Ulu Öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Dövlət himni səsləndirilib. Sonra MSN-in fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.
Müdafiə sənayesi naziri Vüqar Mustafayev çıxış edərək peşə bayramı münasibətilə kollektivi təbrik edib, əməkdaşlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.
2024-cü ilin ölkəmiz üçün siyasi müstəvidə çox önəmli tarixi hadisələrlə zəngin olduğunu bildirən nazir, bu il Azərbaycanın müstəqillik dövründə ilk dəfə bütün suveren ərazimizdə fevralın 7-də növbədənkənar Prezident seçkilərinin, sentyabrın 1-də isə VII çağırış Milli Məclisə növbədənkənar seçkilərin keçirildiyini qeyd edib. V.Mustafayev sentyabrın 20-də “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il ötdüyünü, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycanın müstəqilliyini möhkəmləndirdiyini, uzunmüddətli və davamlı iqtisadi inkişafını təmin etdiyini diqqətə çatdırıb. Bu strateji kurs cənab Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun olaraq məharətlə və qətiyyətlə davam etdirilərək, ölkəmizin inkişafının, iqtisadi gücünün və siyasi nüfuzunun yüksəlməsini, xalqımızın rifahının artmasını təmin edib.
Nazir bu ili əlamətdar edən növbəti hadisənin Azərbaycanın dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a müvəffəqiyyətlə ev sahibliyi və sədrliyi etməsi olduğunu deyib.
V.Mustafayev 2024-cü ilin Azərbaycanın müdafiə sənayesi üçün də uğurlarla yadda qaldığını qeyd edib. O, MSN-in təşkilatçılığı və Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən “ADEX 2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-сü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin regionun ən böyük müdafiə sənayesi sərgisi olduğunu, həcminə görə isə ölkə tarixində keçirilən ən böyük sərgi statusunu qazandığını bildirib. Cənab Prezident İlham Əliyevin sərgidə nümayiş etdirilən hərbi məhsullarla bilavasitə tanış olması dövlətin müdafiə sənayesi sahəsinə və hərbi quruculuq məsələlərinə xüsusi diqqətinin əyani və bariz göstəricisidir.
Azərbaycanın müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin yaradıldığını diqqətə çatdıran nazir qurumun ölkənin iqtisadi gücünün artırılmasına da layiqli töhfələr verdiyini deyib. V.Mustafayev son iki ildə dövlət müdafiə sifarişinin həcminin və icrasının 5 dəfədən çox artdığını, bunun müdafiə sənayesinin yüksələn xətlə inkişafının əyani nümunəsi olduğunu vurğulayıb.
Dövlət başçısı İlham Əliyevin Müdafiə Sənayesi Nazirliyinin qarşısında mühüm vəzifələr qoyduğunu bildirən nazir, bu vəzifələrin müdafiə sənayesinin möhkəmləndirilməsi və şaxələndirilməsi istiqamətində zəruri kompleks tədbirlərin həyata keçirilməsini tələb etdiyini diqqətə çatdırıb.
V.Mustafayev bu ildə, həmçinin MSN-in tabeliyində olan Milli Aerokosmik Agentliyinin (MAKA) yaranmasının 50 illik yubileyinin qeyd olunduğunu bildirib, yarıməsrlik inkişaf yolu keçmiş qurumun əməkdaşlarını təbrik edərək, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
MAKA-nın baş direktoru Natiq Cavadov çıxış edərək Agentliyin yaranma tarixindən və qurumun əldə etdiyi uğurlardan danışıb. O, MSN rəhbərliyi tərəfindən göstərilən diqqət və dəstək sayəsində MAKA-nın yubiley tədbirlərinin yüksək səviyyədə qeyd olunduğunu bildirib.
MSN-in məsul əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev Nazirliyin müəssisələrində istehsal edilən silah və hərbi texnikanın Vətən müharibəsi zamanı əldə olunmuş tarixi qələbənin qazanılmasında, düşmənin torpaqlarımızdan qovulmasında xüsusi rolunu qeyd edib.
Tədbir bədii proqramla davam etdirilib.