Mülki yivli atıcı silahlar üçün plastik gilizli patronlar istifadə olunacaq

ABŞ Ordusu üçün hazırlanmış yüngülləşdirilmiş patronlar artıq mülki bazarda da əlçatan olacaq.
“Poliqon” xəbər verir ki, “The Fire Arm” portalı “True Velocity” şirkətinin kompozit gilizli patronların satışına başladığını bildirib.
Əvvəllər plastik gilizli patronlar yalnız hamar lüləli silahlar üçün istifadə olunurdusa, indi bu “imtiyaz” yivli lüləli silah sahibləri üçün də əlçatandır. Metal gilizli analoqlarından 30% daha yüngül olan ilk yeni gilizli patronları .308 Win çaplı silah sahibləri sınaqdan keçirə biləcəklər.
Nəşrin məlumatına görə silah sahibləri yenilik üçün əlavə pul ödəməli olacaq. Belə ki, ABŞ-da “True Velocity” şirkətinin plastik gilizli .308 Win patronlarının pərakəndə satış qiyməti 20 patronluq bir paket üçün 70,00 ABŞ dollar, yəni bir patron 3,50 ABŞ dolları təşkil edir.
Xatırladaq ki, yivli atıcı silahlar üçün plastik gilizli patronlar, yeni nəsil atıcı silahlar yaratmaq məqsədi ilə ABŞ Ordusu tərəfindən qəbul edilmiş proqram çərçivəsində hazırlanmışdır. Hələ 2004-cü ildə ABŞ Ordusunun silahlarını standartlaşdırmaqdan ötrü başladılan Atıcı Silahlar üzrə Birgə Proqram (Joint Service Small Arms Program – JSSAP) çərçivəsində Yüngül Atıcı Silah Texnologiyalarının (Lightweight Small Arms Technologies – LSAT) inkişafı başladılıb. LSAT proqramının məqsədi, bu gün ABŞ Ordusunun silahlanmasında olan modellərdən daha yüngül və daha kompakt olacaq prinsipial yeni döyüş sursatları və atıcı silahlar hazırlamaqdır. O da məlumdur ki, artıq ABŞ Xüsusi Əməliyyat Qüvvələri tədricən plastik gilizli patronlara keçir.

Əhəd Əzizov




