Murat İkinci: 2023-cü ildən etibarən METE-ni əməliyyat meydanında uğurla görəcəyik

Murat İkinci: 2023-cü ildən etibarən METE-ni əməliyyat meydanında uğurla görəcəyik

Türkiyənin müdafiə sənayesi sahəsində raket və sursat istehsalçısı olan “Roketsan” şirkəti hərbi təyinatlı məhsulları ilə əhəmiyyətli ixracat uğurları qazanıb.

“Poliqon” xəbər verir ki, bunu “Roketsan” şirkətinin baş direktoru Murat İkinci “Anadolu Agentliyi”nə açıqlamasında söyləyib.

“Roketsan”ın hazırladığı məhsulların əsas olaraq Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə verildiyini deyən Murat İkinci ixracat sahəsində də vacib nəaliyyətlərin qazanıldığını bildirib.

Murat İkinci qeyd edib ki, şirkət gəlirlərinin 30 faizdən çoxu ixracatdan əldə olunur və bunun da böyük hissəsi Ar-Ge layihələrinin həyata keçirilməsinə yönəldilir: “Nə qədər çox məhsul ixrac etsək, həm ölkəmizin ixrac potensialının artırılması baxımından çox əhəmiyyətli iş görmüş, həm də inkişaf etdirdiyimiz sistemlər ilə hazırlayacağımız yeni texnologiyalar üçün əlavə resurs təmin etmiş və sürətimizi artırmış oluruq”.

“Roketsan”ın baş direktoru şirkətin 2022-ci ili gözləniləndən daha müvəffəqiyyətli şəkildə tamamladığını vurğulayıb: “Həm dövriyyə, həm də ixrac baxımından çox uğurlu layihələr həyata keçirmişik. Ümid edirəm ki, sonrakı mərhələlərdə də hamımız birlikdə artaraq davam edən bu uğurumuza şahid olacağıq. Bunun da izləri və ilkin göstəriciləri reallaşdırdığımız görüşlərdə və müqavilələrdə aydın görünür”.

Türkiyənin milli raketləri Uzaq Şərq bazarında

Murat İkinci bildirib ki, artıq Uzaq Şərq bazarının qapıları da Türkiyənin milli raket sistemləri üçün açılıb. Hətta bu çərçivədə İndoneziyanın ehtiyaclarını ödəmək üçün ixracat müqaviləsi də imzalanıb: “İndoneziyada iki böyük layihə üçün müqavilə imzaladıq. Onlardan biri hazırda ölkəmizin ən böyük ballistik sistemlərindən biri “Bora” raketinin ixrac versiyası olan “Xan”ın tədarükünə dair imzalanıb.

Eyni zamanda İndoneziya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə (HHM) ehtiyaclarını ödəmək üçün “TriSula” HHM sistemi ilə də bağlı müqavilə imzaladıq. “TriSula” əslində yeni hava hücumundan müdafiə sistemidir. “Roketsan”ın missiyası bu hava hücumundan müdafiə sistemi üçün istifadə olunacaq raketlərin inkişafını təmin etməkdir. Bunlar indiki raketlərimizlə eyni raketlər olmayacaq, fərqli raketlər olacaq. “Roketsan” hazırda bu raketlərin hazırlanması üzərində işləyir. Bu, İndoneziya Silahlı Qüvvələrinin ehtiyac və tələblərinə uyğunlaşdırılmış hava hücumundan müdafiə sistemi olacaq. “TriSula”-nın onlar üçün unikal layihə olacağını deyə bilərik”.
Murat İkinci həm İndoneziya, həm də Uzaq Şərq bazarı üçün daha çox ixracat uğurunun qazanılmasının hədəfləndiyini və şirkətin bunun üzərində çalışdığını qeyd edib.

Dünyanın öndə gələn Mini Ağıllı Sursatları – MAM ailəsi

Şirkətin baş direktoru vurğulayıb ki, dünyada Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarına (PUA) marağın artması “Roketsan”ın mini ağıllı sursatlarına da (Mini Akıllı Mühimmat – MAM) tələbatın çoxalmasına səbəb olub: “Bu baxımdan tələbatın çox sürətlə artdığını deyə bilərik. “Roketsan” bu tələbatı ödəmək üçün istehsal gücünü sürətlə artırır. Bu sahədəki investisiyalarımız hələ də davam edir. Hazırda deyə bilərik ki, həm Türkiyənin, həm də “Roketsan”ın istehhsal etdiyi yerli mini ağıllı sursatlar dünyadakı ən yaxşı sursat ailələri arasında yer alır. Bu məhsulların şaxələndirilməsi, onlara əlavə bacarıqların qazandırılması və PUA-ların vurucu gücünü təşkil edən bu məhsulların imkanlarını artıraraq Türkiyə Silahlı Qüvvələrinin əməliyyat qabiliyyətinə əlavə imkanların təmin edilə bilməsi üçün daha çox Ar-Ge fəaliyyətləri yerinə yetiririk.

Buradakı texnologiyaların bütün hamısını öz mühəndislərimiz və ya biznes tərəfdaşlarımızla həyata keçiririk. Bir çox partnyorumuzun töhfəsi ilə Türkiyənin sahib olduğu PUA-lar, eləcə də onlara vurucu güc verən silah-sursatlarımız dünyaca məşhurdur. Bu sursatların da imkan və bacarıqları artırılıb başda Türkiyə Silahlı Qüvvələri olmaqla dost və qardaş ölkələrə də təmin ediləcək. Biz bu işdə dayanmırıq. Çox funksiyalı və vacib texnologiyaların MAM ailəsinə inteqrasiya olunmasına davam edirik”.

Murat İkinci yeni məhsul ailələrinin hazırlandığını və onların sınaqlarının yekunlaşmasının ardından ictimaiyyət ilə paylaşılacağını bildirib. Şirkətin baş direktoru indiyə kimi nə qədər MAM sursatının hazırlandığının sayını açıqlamasa da, onların kifayət qədər istehsal edildiyini vurğulayıb.

METE raketi əməliyyat meydanına çıxmağa hazırlaşır

Son olaraq Murat İkinci METE idarəolunan mini-raketi və onun üzərində gedən işlərlə bağlı məsələlərə də toxunub. Şirkətin baş direktoru çox kiçik ölçülərə, təxminən 1 km mənzilə və 3 kq ağırlığa sahib METE-nin yerüstü döyüş robotlarından və kiçik PUA-lardan atılabiləcəyini, bunun üçün həmin pilotsuz platformaları hazırlayan şirkətlər ilə birgə işlərin aparıldığını diqqətə çatdırıb.

“Biz həmin vasitələri həm sərfəli, həm də çevik olan lazerlə idarə edilən raket sistemi ilə təmin edirik. METE-nin fərqli vasitələrə quraşdırıla biləcək buraxıcı qurğusu, komanda-idarəetmə infrastrukturu bir çox platformaya idarə olunan raketləri atma qabiliyyəti verəcək. Bu kiçik PUA-lara 1 kilometr mənzil içərisində hədəfləri dəqiqliklə məhv etmək imkanı təmin edəcək. Daha əvvəl idarə olunmayan döyüş sursatları ilə təcrübələr aparılıb. Ancaq METE ölçülərinə, çapına və idarə oluna bilmə qabiliyyətinə görə Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə ediləcək bu qəbildəki ilk sursat olacaq. METE-nin sınaqları tamamlanmaq üzrədir. 2023-cü ildən etibarən əməliyyat meydanında uğurla görəcəyik”, – deyə Murat İkinci qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS