Narkotiklərin ölkəyə keçirilməsi hallarına cəhdlər daha çox İranla dövlət sərhədində qeydə alınır

Azərbaycan dünya narkotacirlərinin marşrutunda yerləşən ölkələrdən biridir. Narkotiklərin ölkəyə keçirilməsi hallarına cəhdlər daha çox İranla dövlət sərhədində qeydə alınır.
“Poliqon” xəbər verir ki, bu fikirləri Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında söyləyib.
General-leytenant Abbas Xəlilov bildirib ki, DSX tərəfindən ictimaiyyətə zaman-zaman narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tərəfindən sərhəd naryadlarına silahın tətbiq olunmasına dair faktlar çatdırılır.
“Azərbaycan torpaqları işğal altında olan zaman Cəbrayıl və Zəngilan rayonu istiqamətindəki dövlət sərhədindən narkotik vasitələrin daşınması işlərində aktiv şəkildə istifadə olunub. Ərazilərimizi işğaldan azad etdikdən sonra biz bu istiqamətdə çox böyük işlər görmüşük. Ancaq buna baxmayaraq, bu qüvvələr oradan yenə istifadə etmək niyyətindədirlər. Hazırda həmin ərazilərdə dövlət sərhədinin mühafizəsi ən yüksək səviyyədə təşkil olunur. Bu gün sərhədçilərimiz vətənimizin keşiyində ayıq-sayıq dayanırlar. Onlar istənilən pozuculuq işlərinə qarşı qətiyyətlə cavab verməyə hazırdılar”, – deyə general-leytenant Abbas Xəlilov vurğulayıb.




