DünyaXəbərlər

NATO ölkələri Ankarada yeni müdafiə təşəbbüslərini elan edib

NATO ölkələri Ankarada keçirilən NATO Sammitinin Müdafiə Sənayesi Forumu çərçivəsində Alyansın müdafiə imkanlarının gücləndirilməsinə yönəlmiş bir sıra yeni təşəbbüslər açıqlayıblar.

“Poliqon” xəbər verir ki, NATO baş katibinin müavini Radmila Şekerinska tərəfindən təqdim olunan təşəbbüslər kosmos və müşahidə, zərbə imkanları, eləcə də inteqrasiya olunmuş hava və raketdən müdafiə sahələrini əhatə edir.

Kosmos və müşahidə istiqamətində səkkiz müttəfiq ölkə yüksək sürətli rabitə, kəşfiyyat məlumatlarının toplanması və raketlərin izlənilməsi imkanlarını artıracaq HALO adlı meqa peyk qruplaşmasının yaradılması üzrə layihəyə start verib. Bununla yanaşı, İspaniya NATO-nun “Alliance Persistent Surveillance from Space” (APSS) təşəbbüsünə qoşularaq proqramın 19-cu iştirakçısı olub.

Forumda həmçinin Türkiye tərəfindən yüksək ayırdetmə qabiliyyətinə malik iki yeni Yer müşahidə peykinin hazırlanacağı açıqlanıb. Almaniyanın “Isar Aerospace” şirkəti isə Kanadanın “Maritime Launch Services” şirkəti ilə buraxılış meydançasından istifadə imkanlarını təmin edən müqavilə imzalayıb.

Zərbə imkanlarının inkişafı çərçivəsində NATO ölkələri standart 155 mm-lik NATO sursatının hazırlanması, 155 mm-lik artilleriya mərmiləri və süzən sursatların istehsalının artırılması, həmçinin uzaqmənzilli zərbə sistemlərinin inkişafı üzrə birgə layihələrə başlayacaqlar.

Bundan əlavə, Türkiyə “Roketsan” şirkəti tərəfindən istehsal edilən xeyli sayda KARA ATMACA uzaqmənzilli qanadlı raketlərini tədarük etməyi planlaşdırdığını açıqlayıb.

İnteqrasiya olunmuş hava və raketdən müdafiə sahəsində isə pilotsuz uçuş aparatları və qanadlı raketlər kimi aşağı hündürlükdən gələn təhdidlərə qarşı imkanların artırılması, eləcə də passiv hava müşahidə sistemlərinin gücləndirilməsi məqsədilə yeni əməkdaşlıq layihələri təqdim olunub.

NATO-nun NATO Dəstək və Satınalma Agentliyi (NSPA) 700 ədəd PAC-2 və 200 ədəd PAC-3 tutucu raketini satın alacaq. Eyni zamanda, Belçika və Niderland hökumətlərarası əsasda hava hücumundan müdafiə sistemlərinin birgə tədarükü üçün Anlaşma Memorandumu imzalayıblar. Türkiyə isə yerli hava hücumundan müdafiə sənayesinin istehsal imkanlarının genişləndirilməsinə böyük həcmdə investisiya yatıracağını bəyan edib.

Radmila Şekerinska bildirib ki, elan olunan təşəbbüslər NATO müttəfiqlərinin kollektiv müdafiənin gücləndirilməsi istiqamətində birgə fəaliyyətinin real nümunəsidir. Onun sözlərinə görə, transatlantik və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi sayəsində Alyans daxilində yeni “Made in NATO” hərbi imkanları formalaşdırılacaq.

Back to top button