Norveç ABŞ-dan MH-60R “Seahawks” helikopterləri alır
ABŞ hökuməti 1 milyard dollar dəyərindəki MH-60R “Seahawks” çoxməqsədli helikopterlərin Norveçə satışını təsdiqləyib.
“Poliqon” xəbərr verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Bildirilib ki, bu sifarişə 6 ədəd MH-60R helikopterinin, 15 ədəd T-700-GE-401C mühərrikinin, 9 ədəd Link 16 MIDS JTRS (Multifunctional Information Distribution Systems Joint Tactical Radio Systems) rabitə sisteminin, 6 ədəd ALFS (Airborne Low Frequency Sonars) sonarının və digər sistemlərin satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sifariş ilə bağlı baş podratçı rolunda ABŞ-ın “Lockheed Martin” şirkətinin törəməsi olan “Lockheed Martin Rotary və Mission Systems” çıxış edəcək.
“Lockheed Martin”in tərkibindəki “Sikorsky” şirkəti tərəfindən istehsal edilən MH-60R “Seahawk”, UH-60 “Black Hawk” helikopterinin dəniz missiyalarının yerinə yetirlməsi və bu platformalara enib-qalxması üçün nəzərdə tutulan versiyasıdır.
MH-60R “Seahawk” helikopteri suüstü və sualtı qayıqlara qarşı döyüş tapşırıqlarını yerinə yetirmək qabiliyyəti ilə yanaşı, axtarış və xilasetmə, o cümlədən ikinci dərəcəli missiyaları da icra edə bilir.
Ağırlığı 6895 kq, maksimum qalxma çəkisi isə 10659 kq olan helikopter, “Hellfire” raketləri və “Mark 54” sualtı torpedaları ilə silahlandırılıb.
Qeyd edək ki, bundan başqa ABŞ hökuməti Norveç Silahlı Qüvvələrinin C-130J hərbi nəqliyyat təyyarələrinə 166 milyon dollar dəyərindəki təmir, texniki xidmət, ehtiyyat hissə və logistika dəstəyinin göstərilməsi ilə bağlı sifarişi də təsdiqləyib.