
Növbəti “Gripen E” döyüş təyyarəsi Braziliyaya çatdırlıb
İsveçin “Saab” şirkəti tərəfindən istehsal edilən FAB-4110 quyruq nömrəli 10-cu “Gripen E” döyüş təyyarəsi Braziliyaya çatdırlıb.
“Poliqon” “SA Defensa”ya istinadən xəbər verir ki, bu, Braziliya Hərbi Hava Qüvvələri üçün (HHQ) İsveçdə istehsal edilən son tək oturacaqlı “Gripen”dir.
Bildirilib ki, sifariş üzrə döyüş təyyarəsinin qalan hissəsi Braziliyada istehsal olunacaq.
“Saab” şirkəti Braziliya HHQ ilə 36 ədəd “Gripen” döyüş təyyarəsinin (28 ədəd “Gripen E” (tək oturacaqlı) və 8 ədəd “Gripen F” (tandem oturacaqlı)) alqı-satqısına dair müqaviləni 2014-cü ildə imzalayıb. Bu razılaşmanın əldə olunmasından sonra “Saab” Braziliyada “Gripen”lərin birgə istehsalı üçün yerli şirkətlərlə əməkdaşlıq imkanlarını dəyərləndirib və bu sahədə tərəfdaş kimi “Embraer”i seçib.
2023-cü ilin aprel ayında “Saab”, “Embraer” ilə aviasiya sahəsində birgə əməkdaşlığın göstərilməsinə dair anlaşma memorandumuna imza atıb. Bu memorandumda şirkətlərin “Jas 39 Gripen” qırıcısının təkmilləşdirilməsi, ona yeni imkanların qazandırılması və qlobal bazarda potensial müştərilərə tanıtdırılması baxımından birgə fəaliyyat göstərməsi nəzərdə tutulub.
İsveçdən kənarda fəaliyyət göstərən yeganə “Gripen E” istehsal xəttində Braziliya HHQ-nin “Saab”dan sifariş etdiyi 36 ədəd döyüş təyyarəsindən 15 ədədinin istehsalı həyata keçiriləcək və onların təhvil verilməsinə 2025-ci ildən etibarən başlanacaq.