“Nurol Makina” Estoniya Ordusunu NMS 4×4 zirehli maşınları ilə təchiz edəcək

“Nurol Makina” Estoniya Ordusunu NMS 4×4 zirehli maşınları ilə təchiz edəcək

Tallinndə Türkiyənin “Nurol Makina” şirkəti ilə Estoniyanın Müdafiə İnvestisiyaları Mərkəzi (ECDI) arasında 100 ədəd NMS 4×4 zirehli maşınının tədarükü üçün müqavilə imzalanıb.

Bu barədə “Poliqon”a “Nurol Makina” şirkətindən məlumat verilib.

Bildirilib ki, müqaviləni “Nurol Makina” adından şirkətin baş direktoru Engin Aykol, Estoniya adından isə ECDI-nin baş direktoru Maqnus Valdemar Saar imzalayıb. İmza mərasimində Türkiyənin milli müdafiə naziri Yaşar Güler ​​və Müdafiə Sənayesi (SSB) başqanı Prof. Dr. Haluk Görgün də iştirak edib.

İmza mərasimində çıxış edən Engin Aykol “Nurol Makina”nın qlobal bazarda öz sinfində ən rəqabətli oyunçulardan biri olduğunu vurğulayıb.

“Nurol Makina”nın baş direktoru, ECDI-nin öz sinfinin ən yaxşı 4×4 avtomobilini almaq üçün tender prosesini çox şəffaf şəkildə həyata keçirdiyini və NMS 4×4-ün bu əhatəli tender prosesindən öz seqmentində ən yaxşı vasitə kimi çıxmasından qürur duyduğunu söyləyib.

Müqavilə çərçivəsində ilk maşınlar 2024-cü ildə Estoniya Müdafiə Qüvvələrinin 2-ci Piyada Briqadasına təhvil veriləcək və bütün tədarüklər iki il ərzində tamamlanacaq.

Təxminən iki il davam edən tender prosesində altı fərqli ölkədən doqquz şirkət iştirak edib. Qiymət, performans və cədvəl qiymətləndirmələri nəticəsində NMS 4X4 rəqibləri arasında ən yüksək xalı yığıb. Bununla da Estoniya “Nurol Makina”nın Macarıstandan sonra ikinci NATO və Aİ (Avropa İttifaqı) üzvü istifadəçisi olub.

“Nurol Makina”nın ən yeni dizaynı olan 4×4 təkər formullu NMS zirehli maşını V şəkilli monokok gövdəyə malikdir. Təkmil güc aqreqatı avtomobili kənd və şəhər tipli yerlərdə sürət və yüksək manevr qabiliyyəti ilə təmin edir. Onun aşağı çəkisi və yüksək qoruyucu xüsusiyyətləri ən çətin və asimmetrik təhlükələr qarşısında istifadəçiyə əməliyyat üstünlüyü və yüksək çeviklik qazandırır.

O, hüquq-mühafizə orqanları və hərbi bölmələrin istifadəsi üçün nəzərdə tutulub. NMS 4×4 modul dizaynı sayəsində yüksək intensivlikli münaqişə mühitlərində döyüş maşını, zirehli transportyor, hava hücumundan müdafiə və kəşfiyyat kimi müxtəlif istifadə imkanları təqdim edir.

CATEGORIES
TAGS