Ötən il Azərbaycanda 4 hərbi şirkət yaradılıb

Onlardan ikisi Türkiyə, biri CAR, biri isə Belarus şirkətidirÖtən il Azərbaycanda müdafiə və təhlükəsizlik sektorunda fəaliyyət göstərən 4 xarici şirkətin nümayəndəliyi və ya onların iştirakı ilə birgə müəssiə yaradılıb. “AzeriDefence” saytının məlumatına görə, onlardan ikisi nümayəndəlik, ikisi isə birgə müəssisə olub. Bundan başqa, İsrail şirkətinin iştiraskı ilə yaradılmış müəssisə istehsal prosesinə başlayıb.

Azərbaycanda nümayəndəlik açanlar Türkiyə, birgə müəssisə yaradanlar isə CAR və Belarus şirkətləridir.

2011-ci ilin əvvəlində Azərbaycanda nümayəndəlik olaraq müstəqil şirkət yaratmış Türkiyənin “Ekin Technology” şirkəti Bakıda “Təhlükəsiz Şəhər” və Bakı Metropolitenində kamera-nəzarət sisteminin qurulmasında iştirak edib. “Ekin Technology” Azərbaycandan başqa Türkiyə, Almaniya, bir sıra Yaxın Şərq ölkələrində layihələr reallaşdırıb və sahəsində dünyada tanınmış şirkətlərdəndir. Şirkət dünyada ilk dəfə olaraq Bakıda metro qatarlarında hərəkət halında belə izləmə imkanlarını verən sistemi quraraq istifadəyə verib. “Ekin” eyni zamanda hərbi sahədə də bəzi layihələri hıyata keçirir.

Digər Türkiyə şirkəti isə bu ölkənin enerji və müdafiə sənayesi sektorunda fəaliyyət göstərən “Anel Elektrik Proje Taahhüt və Ticarət” firmasıdır. Sentyabr ayında Azərbaycanda qeydiyyata alınmış “Anel” şirkəti 2008-ci ildən etibarən müdafiə sektorunda fəaliyyətə başlayıb. Şirkət Türkiyənin “MilGem”, “GENESİS”, “Mina-Tral Gəmisi” kimi layihələrində yer alıb.

Xarici firmalarla yaradılmış iki birgə müəssisənin Azərbaycan tərəfdən təsisçisi qismində “Azairtechservice” şirkəti çıxış edib. “Aztechengineering Co.” adlanan bu müəssisələrdən biri CAR-ın “ATE Group” (Advanced Technologies & Engineering) şirkəti ilə birgə yaradıb. Oktyabrın 24-də dövlət qeydiyyatına alınmış müəssisənin hərbi aviasiya sahəsində fəaliyyət göstərəcəyi bildirilib. Məlumat üçün bildirək ki, “ATE Group” şirkəti bundan əvvəl Ukraynanın “Aviakon” firması ilə birgə Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş helikopterlərinin modernləşdirilməsi proqramına qatılıb və “Mi-24” helikopterlərini modernləşdirib. “ATE Group”un tərəfdaşları arasında dünyanın müdafiə sənayesinin «Thales», MBDA, EADS, «Eurocopter», «BAE Systems», «Safran», «Rosoboronexport», «Rosvertolyot» kimi tanınmış şirkətləri yer alır.

İkinci birgə müəssisə isə Belarusun hərbi sənaye kompleksinə daxil olan «Tetraedr» şirkəti ilə birgə dekabr ayında yaradılıb və «Tetraedr Techservice» adlanır. Qeyd edək ki, indiyədək «Tetraedr» şirkəti Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının inventarındakı 2 batereya (8 döyüş maşını) S-125 («Peçora») «yer-hava» tipli raket komplekslərini modernləşdirib.

CATEGORIES