Ötən il Azərbaycanda yaradılmış 20 məmulat silahlanmaya tövsiyə edilib
Müdafiə sənayesi güclənirÖtən il Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələri tərəfindən 18 mövzu üzrə təcrübi konstruktor işləri tam başa çatdırılıb, 20 məmulatın istehsalı mənimsənilərək silahlanmaya tövsiyə edilib. “AzeriDefence”nin məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyətinə dair Milli Məclisə göndərdiyi hesabatda bildirilib.
Sənəddə qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən Dövlət Müdafiə Sifarişi Proqramı (DMSP) çərçivəsində müəssisələrdə texnoloji avadanlıq parkının yeniləşdirilməsi və bərpa işlərinin aparılması, müdafiə təyinatlı məmulatların yaradılması və istehsalını mənimsənilməsi məqsədilə geniş tikinti və yenidənqurma işləri həyata keçirilib.
“Son illərdə MSN-in müəssisələrində yaradılan yeni istehsalat sahələri Silahlı Qüvvələrin müasir tələblərə cavab verən bir sıra müdafiə təyinatlı məmulatlarla təmin etməklə yanaşı xalq təsərrüfatının, maşınqayırma, cihazqayırma, elektrotexnika və rabitə sahələrində də istifadə olunan avadanlıq və ehtiyat hissələrinin istehsalına imkan verir”,- deyə qeyd olunub.
2011-ci ildə güc strukturlarının sifarişləri üzrə MSN tərəfindən bağlanmış müqavilələr əsasında əvvəlki illə müqayisədə 2,1 dəfə çox məhsul istehsal edilib.
DMSP üzrə nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə 2010-cu illə müqayisədə 1,7 dəfə çox vəsait ayrılıb. Ötən il 10 yeni istehsal sahəsi istifadəyə verilib, 4 obyektdə isə işlər 2012-ci ildə davam etdiriləcək. 2010-cu illə müqayisədə 2011-ci ildə məhsul istehsalının ümumi həcmi 61,1 milyon manat artaraq, 150,8 milyon manat təşkil edib.
Hazırda MSN aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş dövlətlərinin 60-dan çox şirkət və firması ilə sıx əməkdaşlıq edir.