“Otokar” adı açıqlanmayan xarici müştəridən zirehli maşın sifarişi alıb
Türkiyənin qlobal quru sistemləri istehsalçısı “Otokar” şirkəti adı açıqlanmayan xarici müştəridən 136 milyon ABŞ dolları dəyərində 4×4 təkər formullu zirehli maşın sifarişi alıb.
“Poliqon” “Otokar”a istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında imzalanan müqavilə ehtiyat hissələr, texniki qulluq avadanlıqları və təlim xidmətlərini də əhatə edir.
Müqavilə çərçivəsində zirehli nəqliyyat vasitələrinin müştəriyə çatdırılması prosesinin bu ilin sonunda başlanması və 1 il ərzində partiyalar şəklində tamamlanması planlaşdırılıb.
Qlobal müdafiə sənayesindəki mövqeyini hər il daha yüksək səviyyələrə qaldıran “Otokar” şirkətinin NATO və BMT təchizatçısı kimi 33 minə yaxın zirehli texnikası 40-dan artıq ölkənin silahlı qüvvələri və təhlükəsizlik qurumlarında istifadə olunur. Hazırda “Otokar”ın hərbi maşınları 60-dan çox son istifadəçi tərəfindən müxtəlif iqlim şərtlərində və müxtəlif coğrafi ərazilərdə aktiv şəkildə xidmətdədir.
Qeyd edək ki, hərbi təyinatlı məhsullarını 5 qitəyə ixrac edən “Otokar”ın müdafiə sənayesi dövriyyəsindəki ixracat payı 2023-cü ilin ilk 9 ayında 92 faiz olub.