“Otokar” şirkəti Afrikaya ixracını artırmağı hədəfləyir

“Otokar” şirkəti Afrikaya ixracını artırmağı hədəfləyir

Türkiyənin beynəlxalq quru sistemləri istehsalçısı olan “Otokar” şirkəti müdafiə sənayesi sahəsindəki məhsul və bacarıqlarını dünyanın müxtəlif ölkələrində tanıtmağa davam edir.

“Otokar”dan “Poliqon”a verilən məlumata görə, şirkət 21-25 sentyabr tarixlərində Cənubi Afrika Respublikasının (CAR) “Tshwane” şəhərində AAD-2022 (Afrika Aviasiya və Müdafiə) sərgisində iştirak edəcək.

Burada şirkət özünün zirehli nəqliyyat vasitələrindəki geniş məhsul çeşidləri ilə barabər həm də quru sistemlərindəki imkanlarını sərgiləyəcək.

“Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc bildirib ki, şirkət tərəfindən istehsal edilən hərbi maşınlar beş qitədə, fərqli bölgədə və iqlim şərtlərində aktif şəkildə istifadə olunur: “Türkiyədə və dünyanın müxtəlif yerlərində əldə etdiyimiz təcrübələri nəqliyyat vasitəsinin təkmilləşdirilməsi işlərimizə əks etdiririk. Mühəndislik gücümüz, dizayn qabiliyyətimiz və texnologiya sahəsindəki üstünlüyümüz sayəsində indiki və gələcək təhdidlərə qarşı inkişaf və istehsal etdiyimiz hərbi maşınlarımız və məhsul çeşidliyimiz ilə fərq yaradırıq. 4×4, 8×8 kimi fərqli model və xüsusiyyətlərə sahib hərbi maşınlarımız hazırda Afrikanın müxtəlif bölgələrində xidmət göstərir. Beynəlxalq rəqabətdə məhsul xaricində bizi ən çox fərqləndirən və önə çıxaran sahələr isə, inteqrasiya olunmuş logistika dəstəyimizdir. İstənilən halda satışdan sonra da istifadəçilərimizin yanındayıq. Ötən dövrlərdə Afrikanın çətin şərtlərində verdiyimiz fasiləsiz dəstək bizi həmişə bir addım irəli apardı. AAD sərgisi zamanı mövcud əlaqələrimizi yaxşılaşdırmaq və regionda yeni əməkdaşlıq imkanlarını qiymətləndirmək istəyirik. Bu yolla ölkəmizin ixracına daha çox töhfə verməyi hədəfləyirik”.

Sərdar Görgüc qeyd edib ki, xüsusilə “Cobra II” döyüş maşını Afrika bölgəsindəki uğurlu performansı ilə diqqət çəkir: “Öz sinfində dünyada azsaylı nəqliyyat vasitələrindən biri sayılan “Cobra II” Afrikada müxtəlif əməliyyatlarda istifadə olunaraq özünü sübut edib. Həmçinin asimmetrik döyüş şəraitində effektivliyini göstərmiş vəziyyətdədir. Nəqliyyat vasitəmiz hazırda Afrika İttifaqı və Birləşmiş Millətlər Təşkilatının regiondakı sülhməramlı əməliyyatlarında geniş istifadə olunur. Bütün bunlarla yanaşı, “Cobra II” dünya üzrə 10-dan çox istifadəçiyə uğurla xidmət göstərir. Hazırkı istifadəçilərimizin məhsulumuzun performansından duyduğu məmnunluq yeni istifadəçilər üçün də istinad rolunu oynayır. Bütün bunlar bizi son dərəcə qürurlandırır. İnanırıq ki, önümüzdəki illərdə “Cobra II” ilə yanaşı ARMA 6×6 və ARMA 8×8 döyüş maşınlarımız da bölgədəki bir çox istifadəçi tərəfindən seçiləcək”.

“Cobra II” Türkiyədə və ixrac olunan ölkələrdə sərhəd mühafizəsi, daxili təhlükəsizlik və sülhməramlı əməliyyatları da daxil olmaqla bir çox vəzifələri uğurla yerinə yetirir. Nəqliyyat vasitəsi eyni zamanda sahib olduğu modul quruluşu sayəsində personal daşıyıcısı, silah platforması, müşahidə radarı, KBRN (kimyəvi, bioloji, radioloji və nüvə) kəşfiyyat vasitəsi, komanda idarəetmə vasitəsi və təcili yardım kimi xidmət göstərir.

“Cobra II” zirehli maşının uzunluğu 6400 mm, eni 2500 mm, hündürlüyü 2300 mm, klirensi 400 mm, sürəti 110 km/saat, gediş ehtiyatı 700 km təşkil edir. Maşının amfibiya versiyasının isə uzunluğu 6000 mm, eni 2700 mm, hündürlüyü 2300 mm, klirensi 500 millimetrdir. “Cobra II” 400 mm hündürlüyündə dik maneələri, 900 mm enində xəndəkləri və yarğanları dəf edə, 30 dərəcə bucaq altında yana maili, 60 dərəcə bucaq altında yüksəkliyə qalxa bilir. Zirehli maşının üzmə sürəti 8 km/saat təşkil edir. Altı silindirli, 360 at gücündə “Cummins” dizel mühərriklə təchiz olunmuş maşının yanacaq çəni 200 litr tutur. Maşın təkərlərinin təzyiqinin avtomatik tənzimlənməsi sistemi, run-flat təkərlər, avtomatik yanğınsöndürmə, ABC əyləc, mina partlayışının təsirini azaldan oturacaqlarla təchiz edilir.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş