“Otokar” şirkəti Rumıniya Ordusuna 1 milyard avroluq zirehli maşın tədarük edə bilər
Türkiyənin “Otokar” şirkəti Rumıniya Milli Müdafiə Nazirliyinə bağlı olan C.N. “Romtehnica S.A.” şirkətinin 4×4 təkər formullu zirehli maşınların alınması üçün açdığı tenderə təklif verib.
“Poliqon” xəbər verir ki, bu barədə “Otokar” şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında qeyd olunub.
“Defense Romania” saytının bildirdiyinə görə, sözügedən tenderdə “Otokar”dan başqa, ABŞ-nin “Oshkosh Defense” və Fransanın “Arquus” şirkətləri də iştirak edirdi. Ancaq maliyyə, aşağı qiymət marjası və müqavilənin sərt şərtləri digər şirkətlərin tenderdə iştirak etməməsinə səbəb olub. Beləliklə, Rumıniya Ordusuna 4×4 təkər formullu zirehli maşınların tədarük edilməsi üçün elan olunan tenderdə yalnız Türkiyənin “Otokar” şirkəti təklif verib.
Tenderin şərtlərinə əsasən, Rumıniya Ordusu üçün təxminən 1 milyard avro dəyərində 9 konfiqurasiyada 1059 ədəd zirehli maşının alınması planlaşdırılıb.
Qeyd edək ki, “Otokar” şirkətinin tenderdə 4×4 təkər formullu hansı zirehli maşını təklif etdiyi dəqiq bilinmir. Ancaq hərbi ekspertlərin fikrincə, “Otokar” Rumıniya Ordusu üçün “Cobra II” zirehli maşınlarını təklif edib.
Hazırda şirkət 4×4 zirehli nəqliyyat vasitəsi seqmentində “Cobra” ailəsini, “Kaya”, “Ural” və “Akrep II” maşınlarını istehsal edir.