“Otokar” yeni ARMA II zirehli döyüş maşınını təqdim edib – VİDEO
Türkiyənin “Otokar” şirkəti yeni ARMA II zirehli döyüş maşınını təqdim edib.
“Otokar”dan “Poliqon”a verilən məlumata görə, ARMA II zirehli döyüş maşını sinifinin ən yüksək qoruma səviyyəsi və atəş gücü ilə birlikdə təqdim olunur.
Dünyanın müxtəlif coğrafi və iqlim şəraitində aktiv şəkildə istifadə edilən ARMA ailəsini 8×8 təkər formullu ARMA II zirehli döyüş maşını ilə genişləndirən “Otokar” şirkəti bununla dünyada Türkiyənin quru platformaları sahəsindəki yerini daha yüksəklərə qaldıracaq.
Mövcud şəraitə, müxtəlif istifadəçi istəklərinə və müasir təhdidlərə uyğun formada dizayn edilən ARMA II, üstün ərazi qabiliyyəti və modul quruluşu ilə seçilən yeni nəsil zirehli döyüş maşınıdır.
Hərbi maşınları Türkiyə ilə yanaşı beş qitədə 40-dan çox dost və müttəfiq ölkənin həm silahlı qüvvələrində, həm də təhlükəsizlik qüvvələrində xidmət göstərən “Otokar”, ARMA II-ni biri yerli olmaqla iki fərqli mühərrik variantında istifadəçilərə təqdim edir.
“Otokar” şirkətinin baş direktoru Serdar Görgüç bildirib ki, ARMA zirehli maşın ailəsinin ilk təqdimatı 2010-cu ildə keçirilib. Onun sözlərinə görə, bu gün təqdim olunan yeni zirehli döyüş maşını ARMA ailəsindən qazanılan təcrübə əsasında hazırlanıb: “Biz ARMA II-ni bu ailədən qazanılan təcrübə ilə daha yüksək imkanlara malik yeni nəsil zirehli avtomobil kimi inkişaf etdirdik. ARMA bu gün öz sinfində dünyanın aparıcı zirehli döyüş maşınlarından biri hesab olunur. 10 ildən artıqdır ki, ARMA ilə unikal biliklərə yiyələnmişik.
Bu gün 500-dən çox ARMA avtomobilimiz dünyanın fərqli ölkələrində müxtəlif vəzifələr üçün istifadə olunur. Bundan əlavə, ARMA dünyanın bir çox coğrafiyalarında – bataqlıqlardan səhralara, çətin qış şərtlərindən ekvatorial iqlimə qədər müxtəlif regionlardakı istifadəçilərin ciddi sınaqlarından keçib”.
Baş direktor qeyd edib ki, dünyada bu təcrübələri qısa müddət ərzində qazanan və satışlarda üstün rəqəmlərə çatan 8×8 təkər formullu zirehli maşınların sayı məhduddur: “Biz müştərilərimiz tərəfindən real istifadə baxımından əldə edilən məlumatları, onların verdikləri rəyləri və istehsalda qazandığımız təcrübələri ARMA II-ni inkişaf etdirməyə yönəltdik”.
Bütün bunlara baxmayaraq Serdar Görgüç hazırkı ARMA-nın (ARMA 6×6 və ARMA 8×8) istehsalını davam etdirməyi planlaşdırdıqlarını vurğulayıb: “ARMA ailəmiz yüksək səviyyədə istifadəçi məmnuniyyətinə nail oldu. Bizim ARMA avtomobilimiz çəkisinə görə öz sinfində amfibiya qabiliyyətinə malik yeganə zirehli döyüş maşınıdır. Çox təkərli zirehli maşın ailəmiz, istifadəçilərimizin artan ehtiyac və tələbləri, eləcə də yaranan yeni təhlükələr nəzərə alınmaqla öz resurslarımız hesabına hazırladığımız ARMA II ilə daha da genişləndi. İnanırıq ki, ARMA II də ailənin digər üzvləri kimi tezliklə müasir orduların əsas prioritetləri sırasında olacaq. Biz “Otokar”ın zirehli döyüş maşınlarında qazandığı uğuru ARMA II ilə gücləndirməyi hədəfləyirik”.
Serdar Görgüç bildirib ki, qurulduğu ildən indiyə qədər yeniliklərə imza atan “Otokar” şirkəti ARMA II-də yerlilik miqdarını daha da artırıb: “60 ildir Türkiyənin qabaqcıl nəqliyyat vasitələrini istehsal edən şirkət olaraq, ARMA II-ni inkişaf etdirərkən yerlilik nisbətini artırmaqla ölkəmizin quru sistemlərində xarici asılılığının azaldılması istiqamətində mühüm bir addım atmaq istədik. Beləliklə ARMA II-də öz resurslarımız hesabına dizayn və istehsal etdiyimiz ötürmə qutusu ilə asma sistemdən istifadə etdik”.
Şirkətin baş direktoru ARMA II-də yerli və milli sistemlərdən istifadəyə xüsusilə diqqət yetirdiklərini qeyd edib: “Bu cəhətdən ən vacib amil zirehli maşının yerli mühərrik alternativi ilə təklif olunmasıdır. Beləliklə ARMA II həm də Türkiyənin yerli mühərriklə təchiz edilən 8×8 təkər formullu ilk zirehli maşını oldu”.
Serdar Görgüç vurğulayıb ki, ARMA II müştərilərə iki fərqli mühərrik seçimi ilə təklif edilir: “ARMA II-ni biri yerli omaqla iki fərqli mühərrik variantı ilə təklif edirik. Hər iki mühərrik seçimi ilə bağlı bütün sınaq və kalifikasiyaları yerinə yetirmişik. Bununla da hər bir infrastrukturunu öz resurslarımız hesabına tamamlayaraq ARMA II-ni iki fərqli mühərrik variantı ilə kütləvi istehsala hazır vəziyyətə gətirmişik”.
Serdar Görgüç buradakı əsas məqsədin yerli mühərrikləri inkişaf etdirərək xarici asılılığın azaldılması olduğunu diqqətə çatdırıb.
ARMA II “Otokar” mütəxəssisləri tərəfindən fərqli regionlarda üzləşilən çətinliklər, döyüşlər və asimmetrik təhlükələr nəzərə alınmaqla hazırlanıb.
Zirehli maşın istifadəçiyə çətin relyef şəraitində effektiv hərəkət qabiliyyəti, öz sinfində ən yüksək ballistik, mina və əldəqayırma partlayıcı qurğulardan (ƏPQ) müdafiə təklif edir.
Maksimum yükgötürmə bacarığı 40 ton olan ARMA II maşını 720 at gücündə mühərrikə sahibdir. ARMA II-nin dizaynı onun üzərinə 120 mm çapa qədər ağır silah sistemlərini inteqrasiya etməyə imkan verir. Zirehli döyüş maşınının təchiz olunduğu sükan sistemi bütün oxları (həm ön, həm də arxa) idarə etmək funksiyasına malikdir.
ARMA II-nin modul platforma olaraq dizayn edilməsi, onu müxtəlif tapşırıqlar üçün uyğun vasitə halına gətirir. O, piyada bölmələri üçün standart təkərli zirehli döyüş maşını və zirehli transportyor olmaqla bərabər həm də müxtəlif silah sistemləri ilə avadanlıqların inteqrasiyasına imkan verir.
ARMA II müşahidə və dinləmə vasitələri ilə kəşfiyyat maşını, geniş daxili həcm və sürətli yerdəyişmə bacarığı ilə komanda-kontrol maşını, habelə istifadəçinin istəyindən asılı olaraq təmir-təxliyə və ambulans kimi müxtəlif konfiqurasiyalarda hazırlana bilər.