“Otokar” yeni nəsil döyüş maşınlarını Bakıda sərgiləyəcək

“Otokar” yeni nəsil döyüş maşınlarını Bakıda sərgiləyəcək

Bakıda 6-8 sentyabr tarixlərində keçiriləcək ADEX-2022 Beynəlxaq Müdafiə Sərgisində Türkiyənin geniş iştirakçı siyahısında “Otokar” şirkəti də yer alır.

“Poliqon”un məlumatına görə, “Otokar” şirkəti ADEX-2022 sərgisində zirehli döyüş maşınlarını və döyüş modullarını nümayiş etdirəcək.

Türkiyənin ən böyük özəl sərmayəli müdafiə şirkəti olan və Asiya-Sakit okean regionunda mövcudluğunu gücləndirməyi hədəfləyən “Otokar” şirkəti 4×4, 6×6 və 8×8 təkər platformalı və tırtıllı zirehli döyüş maşınları, həmçinin mexaniki və uzaqdan idarəolunan döyüş modulları istehsal edir.

Şirkətin hazırladığı: 4×4 təkər platformalı “Akrep” və “Cobra” ailəsi; 6×6 və 8×8 təkər platformalı “Arma”; TULPAR zirehli döyüş maşınları qlobal bazarda kifayət qədər tələb görür.

“Cobra” ailəsindən “Cobra II”

“Cobra II” Türkiyədə və ixrac bazarlarında sərhəd mühafizəsi, daxili təhlükəsizlik və sülhməramlı əməliyyatları da daxil olmaqla bir çox vəzifələri uğurla yerinə yetirir. Nəqliyyat vasitəsi eyni zamanda sahib olduğu modul quruluşu sayəsində personal daşıyıcısı, silah platforması, müşahidə radarı, KBRN (kimyəvi, bioloji, radioloji və nüvə) kəşfiyyat vasitəsi, komanda idarəetmə vasitəsi və təcili yardım kimi xidmət göstərir.

“Cobra II” MRAP

“Otokar” mühəndisləri tərəfindən hazırlanmış “Cobra II” zirehli maşın ailəsinin minaya qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP) yüksək riskli ərazilərdə ekipaj üzvlərini ballistik təhdidlərdən qorunmasını təmin edir və üstün manevr qabiliyyəti var. Həmçinin, mina və əldəqayırma partlayıcı qurğulara (ƏPQ) qarşı yüksək mühafizə təmin edir.

“Cobra-II” MRAP-ın digər minaya qarşı qorumalı maşınlarla müqayisədə çəkisi yüngüldür və müstəqil asqı sisteminə sahibdir. Bu isə ona sadəcə düz yollarda deyil, eləcə də çətin ərazilərdə üstün manevr və sürətli hərəkət imkanı verir. “Cobra-II” MRAP-ı analoqlarından fərqləndirən üstün xüsusiyyətlərindən biri də nisbətən daha kiçik siluetə sahib olduğu üçün çətin aşkarlanmasıdır. “Cobra-II” MRAP “Otokar”ın digər zirehli nəqliyyat vasitələri kimi modulyar quruluşa sahibdir. Bunun sayəsində MRAP müxtəlif tapşırıqlara uyğun platforma kimi istifadə oluna bilir və istifadəçiyə döyüş bölgəsində logistik üstünlük verir.

Müxtəlif tərtib variantlarıyla 11 nəfərə qədər heyət daşıya bilən nəqliyyat vasitəsi, istifadəçinin istəklərinə görə, üç və ya beş qapılı olaraq konfiqurasiya edilə bilər.

“Akrep” ailəsi

2019-cu ildə “Otokar” şirkəti “Akrep” zirehli maşın ailəsinin “Akrep IIe” elektrik versiyası, IDEF-2021 sərgisində ilk dəfə “Akrep IId” dizel versiyasını nümayiş etdirib. Həmçinin, bu il “Akrep II”nin hibrid versiyasının təqdimatını planlaşdırıb.

“Akrep II” istifadəçilərin hər cür kəşfiyyat və müşahidə əməliyyatları daxil olmaqla, çox sayda silah sistemlərinin inteqrasiyasına imkan verən, kiçiksiluetli, yüksək ballistik qorumalı zirehli maşın ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanıb.

Modulyar platformaya sahib “Akrep IIe” kəşfiyyat və müşahidə sistemləri ilə təchiz edilib. “Akrep IIe” üzərindəki müasir aşkarlama və kəşfiyat sistemləri əldə etdiyi məlumatları eyni vaxtda rəqəmsal məlumat sistemlərinə ötürə bilər. Elektrik mühərriki və modern akkumulyator batareyaları ilə təchiz edilən zirehli maşın yüksək sürət və səssiz hərəkət avantajlarını bir arada təqdim edir.

“Arma” 6×6 və “Arma” 8×8

“Arma 6×6” və “Arma 8×8” zirehli maşınları yüksək ballistik və mina mühafizəsi olan zirehli monokok korpusu, müxtəlif texniki xüsusiyyətlərə malik missiya avadanlığı və ya silah sistemlərinin inteqrasiyasına imkan verən modul platformadır. “Arma” zirehli maşınlarında 7.62 mm-dən 105 mm-ə qədər olan silah sistemlərindən istifadə edilə bilər. “Arma” müasir orduların döyüş və sülhməramlı əməliyyatlarında sağ qalma qabiliyyəti, müdafiə səviyyəsi və hərəkətlilik tələblərinə cavab verə bilir. Zirehli avtomobil amfibiya dəsti sayəsində heç bir hazırlıq görmədən suda üzə və 8 km/saat sürətlə hərəkət edə bilir.

TULPAR ailəsi

Şirkətin istehsal etdiyi “Tulpar” ailəsinin “Tulpar” orta ağırlıqlı tankı və “Tulpar” piyadanın döyüş maşını hərəkət qabiliyyəti, yüksək atəş gücü və dözümlülük xüsusiyyətləri ilə seçilir. “Tulpar” zirehli vasitələri gələcək qlobal tələblərə tam cavab vermək üçün 28000 kq-dan 45000 kq-a qədər dəyişən variantları olan çoxməqsədli texnika kimi dizayn edilib.

Dünyanın müxtəlif yerlərində müxtəlif istifadəçilər tərəfindən ən çətin iqlimlərdə və ərazilərdə sınaqdan keçirilmiş “Tulpar”, təhlükələrə uyğun olaraq konfiqurasiya edilə və miqyaslana bilən zireh quruluşu ilə öz sinfində ən yaxşı ballistik və mina mühafizəsinə malikdir.

Mina, əldəqayırma partlayıcılar, kimyəvi və kinetik enerjili sursatlara qarşı müdafiə qabiliyyətinə sahib “Tulpar”ın mina partlayışlarına qarşı qoruması NATO STANAG 4569 səviyyəsinə uyğundur. Maşının ağırlığı 32 ton, yedən hündürlüyü 450 mm, heyəti 3 nəfərdir. “Tulpar”ın desant bölməsində 9 nəfər yerləşir. 720 at (530 kW) gücündə MTU 8V199 turbodizel mühərriklə təchiz olunmuş zirehli maşının maksimum sürəti 70 km/saat, geri hərəkətdə 40 km/saat, gediş ehtiyatı 600 kilometrdir.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş