“Otokar” zirehli maşınları Amerika yollarında – FOTO
Türkiyənin “Otokar” şirkəti Perunun paytaxtı Limada keçiriləcək SITDEF-2021 sərgisində “Arma 8×8” zirehli döyüş maşınını və “Ural” taktiki təkərli zirehli avtomobilini nümayiş etdirir.
“Otokar” şirkətindən “Poliqon”a verilən məlumata görə, 28-31 oktyabr tarixlərində keçiriləcək sərgi öz işinə başlayıb.
“Arma” zirehli maşını döyüş və sülhməramlı əməliyyatlardakı müasir orduların sağ qalma imkanlarına, qorunma səviyyəsinə və hərəkətlilik tələblərinə cavab verir. “Arma” seriyası yüksək döyüş çəkisi və geniş interyerinə əlavə olaraq aşağı silueti ilə də diqqət çəkir. Amfibiya dəsti sayəsində nəqliyyat vasitəsi heç bir hazırlıq olmadan suda hərəkət edə bilir. Zirehli maşının suda hərəkət sürəti 8 km/saat təşkil edir.
“Arma 8×8” yüksək ballistik və mina mühafizəsi olan zirehli monokok korpusu, müxtəlif texniki xüsusiyyətlərə malik missiya avadanlığı və ya silah sistemlərinin inteqrasiyasına imkan verən modul bir platformadır. “Arma” zirehli maşını 7.62 mm-dən 105 mm-ə qədər olan silah sistemlərindən istifadə edilə bilər.
“Ural” zirehli transportyoru üstün hərəkət qabiliyyəti və yüksək qoruma səviyyəsinə malikdir. 4×4 təkər formulu üzərində yaradılan “Ural”ın müxtəlif versiyaları var. Maşın 7.62 mm silahlara uyğun distans idarə olunan silah sistemi, 360 dərəcə dönən və məsafədən idarəolunan kamera və yaddaş sistemi, 3 qapılı konfiqurasiyada 10 nəfərlik, 5 qapılı konfiqurasiyada isə 9 nəfərlik oturacaqla təchiz olunub.
Maşının monoblok gövdəsi və divarları minaya və güllələrə qarşı daha üstün qorumaya sahibdir. Bu maşın “Otokar”ın təhlükəsizlik və daxili təhlükəsizlik vasitələri sahəsində təcrübəsi nəzərə alınmaqla hazırlanıb.