
Özbəkistan Hərbi Hava Qüvvələri (HHQ) Çin istehsalı olan ilk J-10CE qırıcı təyyarələrini təhvil alıb.
“Poliqon” xəbər verir ki, bu, Özbəkistan Müdafiə Nazirliyinin J-10CE qırıcıları ilə bağlı yayımladığı videogörüntüdə öz əksini tapıb.
Hərbi ekspertlər bunu J-10CE qırıcılarının ilk partiyasının Özbəkistana təhvil verildiyini təsdiqləyən ilk görüntü kimi qiymətləndirirlər.
Qeyd edək ki, sözügedən videoda altı ədəd J-10CE qırıcısı əks olunub. Bu isə Özbəkistan HHQ-nin ilk partiyada altı ədəd təyyarə təhvil aldığını deməyə əsas verir.
Xatırladaq ki, ötən il Özbəkistanın Çindən təxminən 1 milyard ABŞ dolları qarşılığında 24 ədəd J-10CE qırıcısı almağa razılaşdığı iddia edilmişdi. Ancaq bu məlumatlar yayımlanan videogörüntülərə qədər Daşkənd tərəfindən rəsmi olaraq təsdiqlənməmişdi.
J-10CE Çinin “Chengdu Aircraft Industry Group” şirkəti tərəfindən istehsal olunan bir mühərrikli, təkoturacaqlı J-10C qırıcısının ixrac versiyasıdır. 4+ nəsil çoxməqsədli qırıcı olan J-10CE AESA radarı ilə təchiz edilib və PL-15E “hava-hava” raketindən istifadə edə bilir. Təyyarə yaxın məsafəli hava döyüşləri üçün PL-10 “hava-hava” raketi ilə də silahlandırılır.
J-10C 2025-ci ilin mayında Hindistan və Pakistan arasında baş vermiş qısamüddətli münaqişədən sonra beynəlxalq diqqəti daha çox cəlb edib. Həmin dövrdə Pakistan Hərbi Hava Qüvvələri PL-15 raketləri ilə silahlandırılmış J-10C qırıcılarından istifadə edərək Hindistanın döyüş təyyarələri ilə hava döyüşlərinə girmişdi. Pakistan rəsmiləri toqquşmalar zamanı J-10C-lərin bir neçə Hindistan təyyarəsini, o cümlədən ən azı bir “Rafale” qırıcısını vurduğunu bildirmişdi.
Bu döyüşlər Çin istehsalı qırıcıların real döyüş şəraitində Qərb istehsalı təyyarələri vurmasının ilk nümunələrindən biri kimi geniş şəkildə qiymətləndirilib. Hadisə J-10 ailəsinə, o cümlədən Özbəkistana təhvil verildiyi bildirilən ixrac versiyasına beynəlxalq marağı əhəmiyyətli dərəcədə artırıb.





