Özbəkistan Sərhəd Qoşunlarının Komandanı Azərbaycanda rəsmi səfərdə olub

Özbəkistan Sərhəd Qoşunlarının Komandanı Azərbaycanda rəsmi səfərdə olub

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sədrinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-mayor Səlimjon Xusanovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 13-15 dekabr tarixlərində Azərbaycanda rəsmi səfərdə olub.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Dövlət Sərhəd Xidməti və Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ölkənin ərazi bötüvlüyünün bərpa edilməsi, dövlət sərhədlərinin bir hissəsinin Ermənistan tərəfindən işğalına son qoyulması, azad edilmiş ərazilərdə dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barəsində ətraflı məlumat verilib.

Tərəflər son müddətdə Azərbaycan və Özbəkistan arasında bütün istiqamətlərdə, o cümlədən sərhəd təhlükəsizliyi sahəsində münasibətlərin uğurla inkişaf etməsini vurğulayıblar.

Müzakirə zamanı dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində müasir texniki vasitələrin və texnologiyaların tətbiqi ilə həyata keçirilən fəaliyyətlər, peşəkar kadrların hazırlanması sistemi barəsində məlumat mübadiləsi aparılıb.

Görüşdə sərhəd təhlükəsizliyinə qarşı təhdidlər, o cümlədən beynəlxalq terrorizm, qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsinə hazırlıq ifadə olunub.

Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidmətinin Aparatı, Sahil Mühafizəsi, Sərhəd Nəzarəti, DSX Akademiyası, Xüsusi Məktəbi və digər struktur qurumları ilə tanış ediliblər.

Poliqon.az

CATEGORIES
TAGS