Pakistan Taylanddan zirehli avtomobillər alır

Pakistan Taylanddan zirehli avtomobillər alır

Pakistan Taylandın “Chaiseri” şirkətinə zirehli avtomobillərin alınması üçün sifariş verib. 100 ədəd “First Win” (FW) 4×4 zirehli avtomobilinin alınması barədə müvafiq müqavilə cari ilin sentyabr ayında imzalanmış anlaşma memorandumunun bir hissəsi olaraq bağlanıb.

“Poliqon” “Defence Blog” nəşrinə istinadən xəbər verir ki, beləliklə, Pakistan, istehsalı Pakistan ərazisində də lokallaşdırılacaq bu tipli zirehli avtomobillərin növbəti ixrac müştərisi olub.

Müqaviləyə əsasən, zirehli avtomobillərin ilk partiyası Tayland ərazisində “Chaiseri Metal & Rubber” (“Chaiseri”) şirkəti tərəfindən, digərləri isə Pakistanın “Heavy Industries Taxila” müdafiə şirkətinin müəssisələrində istehsal olunacaq.

Qeyd etmək lazımdır ki, ilk ixrac müqaviləsi yeni maşın xəttinin nümayişindən 5 ay sonra imzalanıb. İstehsalçının fikrincə, avtomobilin modul konstruksiyası və müxtəlif silahların quraşdırılması imkanına sahib olması onun üstünlüklərinə aiddir.

Bu zirehli avtomobil Tayland Kral Ordusu tərəfindən silahlanmaya müxtəlif konfiqurasiyalarda qəbul edilib və mobillik, müdafiə və uyğunlaşma qabiliyyətinə görə hərbçilər tərəfindən yüksək qiymətləndirilir.

“First Win” zirehli avtomobillərinin yeni model çeşidinin nümayişi 2024-cü ilin may ayında DSA 2024 (Malaziya, Kuala-Lumpur) müdafiə sərgisi zamanı baş tutub.

Ümumilikdə “First Win” zirehli avtomobil ailəsinə müdafiə səviyyəsi, silahlanma və zirehli kuzovun konstruksiyası ilə fərqlənən üç təkərli zirehli maşın daxildir. Zirehli maşınlar 4×4 təkər bazasından istifadə etməklə yaradılıb və STANAG 4569 stsndartının üçüncü (Level III) və ikinci (Level II) səviyyəsinə malikdir.

Ağır zirehli avtomobil versiyası uzaqdan idarə olunan qurğuda 30 mm-lik top, həmçinin 12,7 mm, 7,62 mm-lik pulemyotlar və ya 40 mm-lik qumbaraatanlardan ibarət silahlarla təchiz oluna bilər.

“First Win” zirehli avtomobilinin pulemyotla silahlanmış və tam təchizatlı 11-ə qədər əsgər daşıya bilən təkərli zirehli transportyor versiyası da var.

Üçüncü variant isə hündürlüyü 2 metrdən az olan alçaq profilə malik zirehli kəşfiyyat maşını şəklində təqdim olunur.

Ümumiyyətlə, Taylandda yerləşən “Chaiseri” şirkəti, ilk növbədə, dünyanın 35-dən çox ölkəsinə tədarük etdiyi tırtılları və asfalt sürülən başmaqları, habelə Tayland Kral Ordusu üçün avtomobil təkmilləşdirmə işləri ilə tanınır.

Lakin 2009-cu ildə şirkət rəsmi olaraq tamamilə öz güc və vasitələri ilə hazırladığı bir avtomobili təqdim edib. Görünür, bu nailiyyətin əhəmiyyətini vurğulamaq üçün onu “First Win” 4×4 (FW) – “Birinci Qələbə” adlandırıblar.

“First Win”, Humvee üçün keçilməz olan çoxlu meşələrə malik ərazi əsasında Taylandın cənubunda üsyançılar və terrorçularla mübarizə üçün xüsusi olaraq yaradılıb.

Eyni zamanda, FW 4×4 elə ölçüdədir ki, palçıq, qum və ya qayalıq səthlər kimi çox sərt relyef şəraitində işləyərkən belə yüksək hərəkət qabiliyyətini və manevr qabiliyyətini qoruyub saxlayaraq, nisbətən məhdud məkanlarda işləməyə imkan verir. İşi asanlaşdırmaq üçün “First Win” zirehli avtomobilində daimi 4×4 ötürücü, sükanın hidravlik gücləndiricisi və avtomobil çox yüklü olsa belə, sürətli əyləc etməyə imkan verən pnevmatik sistem və “run-flat” tipli təkərləri var.

“First Win” zirehli avtomobilləri “Cummins” dizel mühərriki (orijinal konfiqurasiyada 300 at gücü, E versiyasında 250 at gücü) və “Allison” 3000 SP avtomatik transmissiya (E versiyasında Allison 2500 SP.) ilə təchiz edilmişdir ki, bu da onlara şossedə saatda 100 km-ə qədər yol sürətlə hərəkət etməni təmin edir.

“First Win” 4×4 taktiki avtomobili ilk dəfə Taylandda keçirilən Defense & Security 2009 müdafiə sərgisində geniş ictimaiyyətə təqdim edilib. Növbəti dəfə bu yeni 8 tonluq maşın BƏƏ-də keçirilən IDEX 2011 müdafiə sərgisində nümayiş etdirilib.

“First Win” 4×4 hərtərəfli ballistik müdafiəni təmin edən və partlayan minanın enerjisini dağıdan V formalı dibi olan bütünlüklə qaynaqlanmış gövdəyə malikdir. V-şəkilli gövdədə kompozit materiallardan geniş istifadə maşının çəkisini azaldılmasına səbəb olub. Balistik mühafizə səviyyəsi müştəri tələblərindən asılıdır və STANAG 4569 standartına uyğun olaraq 1-ci səviyyədən (Level I) 3-cü səviyyəyə (Level III) qədər dəyişir.

Qeyd edildiyi kimi, FW 4×4 zirehli avtomobili zirehli transportyor, komanda-kəşfiyyat maşını və ya tibb maşını kimi təklif olunur.

2015-ci ilin iyulunda məlum olub ki, Malaziya ordusu AV4 “Lipanbara” avtomobili qismində Taylandın “Chaiseri” şirkətinin “First Win” 4×4 zirehli avtomobilini seçib. 20 zirehli avtomobildən ibarət ilk partiyanın tədarükü üçün müqavilə imzalanıb. Şərtlərə əsasən, ilk altı ədəd Taylandda istehsal olunmalı və 2016-cı ilin birinci rübündə Malaziyaya çatdırılmalı idi. Sonradan isə maşınların yerli yığılması tədricən mənimsənilməli idi.

Malaziya ordusu və polisinə ümumilikdə 211 maşın verilməlidir. Malaziya güc strukturlarının əsas tədarükçüsü olaraq DEFTECH (“DRB-HICOM Defence Technologies Sdn Bhd”) şirkəti qalır və onun obyektlərində zirehli avtomobillərin yığılması təşkil olunub.

Malaziya və Tayland maşının konstruksiyasına əqli mülkiyyət hüquqlarını 50:50 nisbətində bölüşürlər.

Hazırda “First Win” zirehli avtomobilinin ordu və polis qüvvələri üçün “First Win II”, “First Win AAV” (Armored Ambulance Vehicle), “First Win ACV” (Armored Command Vehicle), “First Win AFV” (Armored Fighting Vehicle), “First Win AIFV” (Armored Infantry Fighting Vehicle), “First Win ALV” (Armored Light Vehicle), “First Win Anti-Riot”, “First Win APCV” (Armored Personnel Carrier Vehicle), “First Win ATV” (Armored Tactical Vehicle), “First Win ATV II”, “First Win AWAV” (Armored Wheel Amphibious Vehicle), “First Win-E”, “First Win IFV” (Infantry Fighting Vehicle), “First Win RV” (Reconnaissance Vehicle), “First Win MPV” (Multipurpose Vehicle), AV4 “Lipanbara” (Malaziya üçün), “Hanuman” (İndoneziya üçün) kimi variantları mövcuddur.

“First Win” zirehli avtomobilləri müxtəlif variantlarda Tayland, Malaziya, İndoneziya və Butan güc strukturlarının silahlanmasında yer tutur. Artıq Pakistan da bu sıraya qoşulub.

Əsas xüsusiyyətləri:

– təkərlərin sayı – 4 ədəd;

– sürücü təkərlərinin sayı – 4 ədəd;

– çəki – 11000 kq;

– yükgötürmə qabiliyyəti – 2000 kq;

– mühərrik gücü – 300 at gücü.

Əhəd Vahidoğlu

CATEGORIES