
Passiv radar sistemləri – ANALİZ
Ümumilikdə radiolokasiya dedikdə, radiodalğalardan istifadə etməklə müxtəlif obyektlərin yerinin müəyyən edilməsi (koordinatların aşkarlanması və ölçülməsi) və xassələrinin təyin edilməsi üsul və vasitələrini birləşdirən elm və texnologiya sahəsi başa düşülür. Radiolokasiyanın əsas texniki qurğusu isə radiolokasiya stansiyasıdır (RLS). RLS və ya radar – hava, dəniz və yerüstü obyektləri aşkar etmək, habelə onların məsafəsini, sürətini və həndəsi parametrlərini təyin etmək üçün nəzərdə tutulmuş radiotexniki sistemdir. Sistem radiodalğaların şüalanmasının və onların obyektlərdən əks olunmasının qeydiyyatına əsaslanan radiolokasiya metodundan istifadə edir.
Bu yazıda radiolokasiyanın passiv növünə baxılacaq və bəzi passiv radar sistemlərinə diqqət yetiriləcəkdir. Radar (ingiliscə radar – “radio detection and ranging” anlayışından götürülüb, radio aşkarlama və məsafəölçmə mənasını verir) terminin ingilis dilindəki variantı 1941-ci ildə səs abreviaturası (RADAR) kimi meydana çıxmış və sonra müstəqil söz kateqoriyasına keçmişdir. Radiolokasiya özlüyündə aktiv, yarıaktiv, passiv reaksiya ilə aktiv və passiv radiolokasiyaya bölünür. Radiolokatorlar istifadə olunan radiodalğaların diapazonuna, səs siqnalının növünə, istifadə olunan kanalların sayına, ölçülmüş koordinatların sayına və növünə, həmçinin RLS yerləşmə yerinə görə fərqlənir.
Passiv radar. Adi radar sistemləri, adətən, ötürmə və qəbul üçün ümumi antenanı paylaşan bir ötürücü və qəbuledicidən ibarətdir. Bir impuls siqnalı ötürülür və onun obyektə qədər getməsi və geriyə qayıtması üçün tələb olunan vaxt obyektin fəaliyyət məsafəsini təyin etməyə imkan verir.
Passiv radar sistemində xüsusi ötürücü yoxdur. Bunun əvəzinə qəbuledici ətraf mühitdə üçüncü tərəf ötürücülərindən istifadə edir və birbaşa ötürücüdən gələn siqnal ilə obyektdən əks olunan siqnal arasında çatma vaxtının fərqini ölçür. Bu, obyektin bistatik məsafəsini təyin etməyə imkan verir. Passiv radar radio və televiziya stansiyaları, baza mobil rabitə qüllələri və digər radarlar tərəfindən yaradılan şüalanmanı qəbul edərək işləyir. Müharibə zamanı bunlar ən sadə birdəfəlik şüalandırıcılardır. Passiv radiolokasiyada hədəfin özü elektromaqnit şüalanma mənbəyidir və radar bu mənbəyə istiqaməti müəyyən etmək üçün təyin edilmiş qəbuledici rolunu oynayır.
Bistatik diapazona əlavə olaraq, passiv radar adətən əks-sədanın bistatik Doppler effektini, həmçinin onun gəlmə istiqamətini də ölçür. Onlar obyektin yerini, istiqamətini və sürətini hesablamağa imkan verir. Bəzi hallarda, birdən çox ötürücü və/və ya qəbuledicilər bistatik diapazonun, Doppler istiqamətinin çoxsaylı müstəqil ölçmələrini yerinə yetirmək üçün istifadə edilə bilir və buna görə də son izləmə dəqiqliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Səpələng radar sistemi passiv hədəflər üzrə radiolokasiyanın bir növüdür. Onun xarakterik xüsusiyyəti: ötürücü və qəbuledici qurğular xeyli məsafə ilə ayrılır. Aktiv radiolokasiya, passivdən fərqli olaraq, yalnız hədəfə istiqaməti deyil, onun bütün koordinatlarını müəyyən etməyə imkan verir. Passiv sistemin üstünlüyü isə lokasiyanın gizli xarakteridir – RLS-dən şüalanma yoxdur. Radiolokasiyada hədəfin (obyektin) yerini təyin etməkdən ötrü ən çox obyektin fəzada və ya Yer səthində yerini müəyyən etmək üçün səthlərin və ya mövqe xətlərinin istifadəsinə əsaslanan mövqe metodundan istifadə edilir.
Mövqenin səthi özündə parametrin sabitlik şərtinə (istinad nöqtəsinə (məsafə, bucaq və s.) nisbətən ölçülmüş koordinat) cavab verən məkanda nöqtələrin yerini əks etdirir. Uçan aparatın fəzadakı yeri üç mövqe səthinin kəsişmə nöqtəsi kimi tapılır. İki mövqe səthinin kəsişməsi iki parametrin sabit dəyərli nöqtələrin yeri olan mövqe xəttini verir. Fəzada bir nöqtənin təyin edilməsi üçün üç mövqe səthinin və ya xəttin və mövqe səthinin kəsişməsi tələb olunur. Hədəf və dayaq nöqtələrinin eyni müstəvidə tapılması halında, iki mövqe səthi kifayət edir, yəni hədəfin iki koordinatı iki radiolokasiya qurğusu ilə müəyyən edilir.
“Passiv radar” termini bəzən səhvən radiotezlik şüalanmaları (məsələn, radar, rabitə və ya şüalanma transponderləri) ilə təyyarələri aşkarlayan və izləyən passiv sensorları təsvir etmək üçün də istifadə olunur. Bununla belə, bu sistemlər əks olunan enerjidən istifadə etmir və buna görə də daha dəqiq şəkildə ESM (Electronic Support Measure) sistemləri kimi təsvir edilir. Tanınmış nümunələrə Çexiyanın “Ramona”, “Tamara” və “Vera-E”, Ukraynanın “Kolçuqa” sistemlərini göstərmək olar.
Passiv radarların tipik işıqlandırıcıları. Passiv radar sistemləri bir neçə növ işıqlandırma mənbələrindən istifadə edir: analoq televiziya siqnalları; FM-radio siqnalları; mobil telefon baza stansiyaları; rəqəmsal audio yayımı; rəqəmsal video yayımı; Şimali Amerikada yerüstü yüksək dəqiqlikli televiziya (HDTV – High Definition Television) ötürücüləri; GPS peyklər (GPS- reflektometriya).
Peyk siqnalları ya gücün çox aşağı olması, ya da peyklərin orbitlərinin işıqlandırmasının çox nadir olması səbəbindən passiv radarların istifadəsi üçün adətən qeyri-adekvatdır. Bunun mümkün istisnası peyk əsaslı radar və peyk əsaslı elektron sistemlərin istifadəsidir. 2011-ci ildə Embry-Riddle Aviasiya Universitetinin tədqiqatçıları təyyarələrin yerini müəyyən etmək üçün ucuz yerüstü stansiyası olan XM Radio-dan istifadənin uğurunu təsdiqləyən nəticələri açıqlamışlar.
TwInvis sistemi. Almaniyanın “Hensoldt AG” (“Hensoldt”) şirkəti tərəfindən “TwInvis” passiv radar sistemi yaradılıb. “TwInvis”, müşahidə və vəziyyət məlumatlılığı dünyasına yeni ölçü əlavə edən passiv radardır. O, həlledici istismar üstünlükləri təklif edir. Belə ki, ötürülən enerjinin olmaması səbəbindən onun yerləşmə yerini müəyyən etmək mümkün deyil və hədəfləri tapmaq üçün onlardan heç bir şüalanmaya ehtiyac yoxdur. Sistem radio və televiziya yayımı ötürücülərinin mövcud elektromaqnit enerjisindən istifadə edir və obyekt tərəfindən əks olunarkən onların əks-sədasını qiymətləndirir. Hərbi sahədə “Twinvis” bir sıra üstünlükləri özündə birləşdirir. Yüksək hərəkətliliyinə əlavə olaraq, sistemin özü görünməz olaraq qalır və buna görə də istiqamətləndirilmiş bir fəaliyyətlə bloklana və ya məhv edilə bilmir. Eyni zamanda, o, indiyədək adi radar sistemləri üçün aşağı müşahidə olunma texnologiyasına malik olmasına görə aşkar edilə bilməyən görünməz (stealth, stels) təyyarələri aşkar etməkdən ötrü də istifadə edilə bilər.
“TwInvis” passiv radarının əsas xüsusiyyətlərinə 360° azimut əhatəsi, 3D rejimində 200-ə qədər təyyarəni izləmə imkanı, 250 km-ə qədər FM diapazonu – 300-500 m dəqiqlik, 100 km-ə qədər DAB/DVB-T diapazonu – 50-100 m dəqiqlik, 16 FM ötürücünün, 5 DAB və 5 DVB-T şəbəkəsinin real vaxt birləşməsi, <1,5 saniyəlik antena və izləmə arasında gecikmə, <0,5 saniyəyə bərabər izləmənin yeniləmə sürəti və < 5kW həcmində aşağı enerji istehlakı aiddir. Məlumatlar formatı ASTERİX-dir, rabitə isə Ethernet əsaslıdır, tapşırıq planlaşdırma aləti ilə təchiz edilib. Bunlardan başqa, sistem asan açıla bilir, yüngül çəkiyə malikdir və ona xidmət göstərilməsi asandır. İstehsalçının sözlərinə görə, satınalma qiyməti aşağıdır, dönmə hissələrinin, ötürücü və COTS kompüterlərinin tələb olunmaması səbəbindən texniki xidmət ucuz başa gəlir.
Bu sistem, hava hücumundan müdafiə, böyük hadisələrdən müdafiə və ya hava hərəkətinə nəzarət kimi tətbiqlər üçün tamamilə yeni imkanlar açır. “TwInvis” sistemi eyni vaxtda çoxlu tezlik diapazonunu təhlil edərək hava məkanının dəqiq təsvirini əldə edir. Məsələn, 16-ya qədər FM ötürücü (analoq radio) üstəgəl bir neçə DAB və DAB+ (rəqəmsal radio) ötürücüləri, həmçinin DVB-T və DVB-T2 (rəqəmsal, yerüstü televiziya) tərəfindən istifadə edilən 5 tezlik eyni vaxtda təhlil edilə bilir. Bundan başqa, yeni nəsil “Hensoldt” proqram təminatı diapazon və aşkarlama dəqiqliyi baxımından görünməmiş istehsalat imkanı təmin edir.
Sadə qəbuledicilər kimi fəaliyyət göstərən “TwInvis” passiv radar sistemi, radio və televiziya stansiyaları kimi mövcud üçüncü tərəf şüalanmaların əks etdirdikləri siqnalları təhlil edərək təyyarələri aşkarlayır. Mülki tətbiqlərdə passiv radar sistemi heç bir əlavə şüalanma olmadan və çatışmayan ötürmə tezliyindən istifadə etmədən hava hərəkətinə iqtisadi səmərəli nəzarət etməyə imkan verir.
Hərbi tətbiqlərdə sistem şəbəkəyə qoşulmuş qəbuledicilərdən istifadə edərək geniş ərazilərə nəzarət etməyə imkan verir, eyni zamanda passiv radar sistemlərinin düşmən tərəfindən aşkarlana bilməməsi üstünlüyünü təklif edir. Üstəlik, heç bir dövlət orqanının icazəsi tələb olunmur. Şüalanma olmadığı üçün sistemin tez bir zamanda yerləşdirməyə hazır olması, eləcə də şəhər yerlərində istifadəsi təmin olunur. Bu isə, yeni texnologiyanın daha bir üstünlüyünə gətirib çıxarır: sistem əhatə dairəsinin əvvəllər kifayət qədər olmadığı yerlərdə, xüsusən də, dağlıq ərazilərdə istifadə oluna bilir.
Fransanın “uçan passiv radarı”. Bir neçə il öncə bəzi kütləvi informasiya vasitələrinin xəbərlərinə görə Fransa Hərbi Hava Qüvvələri təyyarələrdə quraşdırmaq üçün nəzərdə tutulmuş perspektivli passiv elektron stansiyanı sınaqdan keçirib. Bu layihə Fransa Hərbi Hava Qüvvələri Tədqiqat Mərkəzinin (CReA), ONERA və SONDRA Laboratoriyasının – ONERA, Centrale-Supélec Məktəbi, Sinqapur Milli Universiteti və Sinqapur Müdafiə Araşdırma Laboratoriyası (DSO) birgə əməkdaşlığı sayəsində hasilə gəlib. Yeni radar digər passiv sistemlərdən hava hədəflərini onlardan əks olunan rəqəmsal yerüstü televiziyanın siqnalları ilə aşkar etmək qabiliyyətinə görə fərqlənir. Yeni radiolokasiya stansiya aşağı sürətlə və hündürlükdə olan təyyarələri aşkar etmək üçün təyin edilib.
Sınaqlar zamanı radar “ONERA Busard” planerində quraşdırılıb və iki saat havada qalıb. Bu uçuş zamanı radarın birbaşa və əks olunan televiziya siqnallarını qəbul və emal etmək qabiliyyəti yoxlanılıb. Planer layihə üçün, xüsusən də asqı (POD) qurğusuna inteqrasiya etməkdən ötrü xüsusi olaraq hazırlanmış tam qəbuletmə sistemini təchiz edilmişdir.
Hədəfləri aşkar etmək üçün radar, təkcə televiziya ötürücülərinin əks olunan siqnallarından deyil, həm də radiostansiyaların və mobil rabitə qüllələrinin yaydığı dalğalar da daxil olmaqla hər hansı digər əks olunan elektromaqnit dalğalarından istifadə edə bilir. Passiv radarın üstünlüyü onun elektromaqnit şüalanma vasitələrinə görünməməsidir. Bu radar yalnız elektromaqnit dalğalarını qəbul etməyə qadirdir, lakin onları özündən yaymır.
Sözügedən yeni texnologiya görünməz qalaraq aşağı hündürlükdə və aşağı sürətlə hərəkət edən potensial hava təhlükələrini aşkar etmək imkanı təklif edir. Yeni radar sisteminin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, yalnız qəbuledici rolunu oynayır və artıq ətraf mühitdə mövcud olan elektromaqnit şüalarından istifadə edir. Bu isə, həqiqətən, rəqəmsal yerüstü televiziya (TNT – Télévision Numérique Terrestre) ötürülməsi kimi mülki ötürücülər tərəfindən yaradılan əks-sədalardan istifadə etmək məsələsidir.
“Cassidian” şirkətinin passiv radarı. EADS Avropa müdafiə şirkətinin “Cassidian” bölməsi stels-təyyarələr kimi çətin görünən hədəfləri belə aşkar etməyə qadir olan passiv radar (Cassidian Passive Radar) işləyib hazırlayıb. Yeni stansiyanın özünün işini aşkar etmək mümkün deyil. Radar ən son rəqəmsal qəbuledici imkanlarını və təkmil siqnal emalı texnologiyalarını birləşdirir ki, bu da müxtəlif hədəflərin aşkarlanması məsafəsini və dəqiqliyini əhəmiyyətli dərəcədə artırıb.
Passiv radar texnologiyasındakı irəliləyişlər sayəsində “Cassidian” şirkəti, şüalanan radarların istifadə edilə bilməyəcəyi və ya məhdud dərəcədə istifadə olunduğu hərbi və mülki hava məkanına nəzarət sistemlərini inkişaf etdirmək niyyətindədir. Mülki sektorda əlçatan radiotezliklərin sayı məhdud olduqda, passiv radarlardan istifadə iqtisadi cəhətdən səmərəli ola bilər. Hərbi məqsədlər üçün belə radarlar şəbəkə qəbuledicilərinin məlumatlarından istifadə edə, həmçinin düşmən üzərində həlledici əməliyyat üstünlüyü təmin edə bilər. Şüalanan radarlardan müxtəlif növ radiosiqnalların qəbulu stels-təyyarələri və stels-gəmiləri aşkar etməyə imkan verəcək.
Yeni texnologiyanın digər üstünlüyü onun “radiolokasiya kölgəsi” adlanan zonalarda, o cümlədən dağlıq ərazilərdə hədəfləri aşkaretmə qabiliyyətinin artırılması, həmçinin son dərəcə aşağı sürətlə və yüksəklikdə uçan hədəfləri aşkar etmək imkanıdır.
“Cassidian” şirkətinin passiv radarları mikroavtobus ölçülü nəqliyyat vasitələrinə yerləşdirilə və buna görə də çox logistik səy göstərmədən asanlıqla hava nəqliyyatı ilə çatdırıla bilir.
Passiv radar quraşdırılmış avtomobil inteqrasiya olunmuş antena dirək sisteminə malikdir və radar avadanlığı ilə yanaşı, operatorların və sərnişinlərin yerləşməsini təmin edir. Antena, dirək, prosessor və operator displeyləri kommersiya furqonuna sığdırmaq üçün layihələndirlib. FM, DAB və DVB-T yayımlarından əksetməni aşkar edən passiv radar sistemi displeylər və operator oturacaqları da daxil olmaqla bir mobil furqonda daşınır. Avtomobil hərəkətdə olarkən antena dirəyi avtomobilin üzərinə və arxasına qatlanmaq üçün yığışdırılır. Bütün digər xarici hissələr isə avtomobilin daxilinə yerləşdirilir.
“Cassidian” şirkətinin ilk sınaq passiv radar sistemi 2008-ci ildə yalnız FM yayımlarını əhatə edirdi, lakin 2011-ci ilə qədər şirkət əhatə dairəsini rəqəmsal radio (DAB) və rəqəmsal yerüstü televiziya (DVB-T) yayımlarına qədər genişləndirib. Passiv radar artıq Almaniya Federal Müdafiə Texnologiyaları və Satınalmaları İdarəsinin (BWB – Bundesamt für Wehrtechnik und Beschaffung) qiymətləndirməsindən keçib.
Passiv radar yüksək aşkaretmə-yenilənmə sürətinə malikdir (hər 0,5 saniyədən bir); 360 dərəcə müstəvini əhatə edir; təxminən 40.000 fut (təqribən 12,2 km) hündürlüyə qədər 3D imkanına malikdir.
Sistem maksimum 200 kilometr (125 mil) məsafədə yerləşmə yerinin dəqiqliyini 500 metr (1650 fut) təmin etmək üçün eyni vaxtda səkkiz FM ötürücüdən istifadə edə bilir. Eyni anda yalnız bir DAB tezliyi və bir DVB-T tezliyindən istifadə edilə bilir, lakin daha qısa maksimal 50 kilometr (30 mil) məsafədə 10 metr (33 fut) dəqiqliyə nail olmaq mümkündür. İstehsalçının qeyd etdiyi kimi, “Cassidian” passiv radar sistemi hər üç diapazondan məlumatları birləşdirə bilər.
MUSCL passiv radarı. Finlandiyanın “Patria Group” şirkətinin istehsalı olan MUSCL passiv radarı bir çox MUSCL (Monotonic Upstream-centered Scheme for Conservation Laws) stansiyalarından istifadə etməklə həm avtonom, həm də şəbəkəyə qoşulmuş etibarlı, gizli və asanlıqla yerləşdirilə bilən hava məkanına nəzarəti təmin edən passiv radar sistemidir.
Sistem imkan mənbələri kimi xarici yayım siqnallarından istifadə edir. O, heç bir siqnal izi qoymur, onu düşmənin kəşfiyyat vasitələri və radiasiya əleyhinə raketləri üçün faktiki olaraq görünməz edir, həmçinin şəhər ərazilərində təhlükəsiz yerləşdirmə və istifadə təmin olunur.
Multistatik əməliyyat həndəsəsi və adi hava məkanı müşahidə radarlarına nisbətən daha aşağı iş tezlikləri ilə MUSCL erkən xəbərdarlıq imkanlarını təmin edərək az gözəçarpan və kiçik hədəfləri aşkar edə bilir. Yayım siqnallarının sıx şəbəkəsindən istifadə aşağı hündürlükdə hədəfləri aşkar etməyə imkan verir.
Əsas xüsusiyyətlərinə hərbi hava müşahidəsi zamanı yüksək döyüş qabiliyyəti, yüzlərlə kilometrə qədər müşahidə məsafələri üçün 360O əhatə dairəsi, 100-dən çox hədəf üçün hava vəziyyətinin təsvirinin yenilənməsinin yüksək sürəti, PUA, dron, sursat və görünməz hədəflərin aşkarlanması, eləcə də hədəflərin təsnifat və tanınması məqsədləri üçün hava hədəfinin konkret tipli haqqında məlumatın verilməsi aiddir.
“Vera-NG” passiv radar sistemi. Çexiyanın “Omnipol Group” korporasiyasının tərkibinə daxil olan “ERA” şirkətinin istehsalı “ESM Tracker (PET) VERA-NG” passiv radarı, diferensial gəliş zamanının çoxaldılmasından (TDOA – Time Difference Of Arrival) istifadə edən ən qabaqcıl passiv müşahidə sistemidir.
Unikal sistem hava, quru və dəniz hədəflərinin aşkarlanması, lokallaşdırılması, izlənilməsi və identifikasiyası, həmçinin impulslu və davamlı dalğa siqnallarının müstəsna təhlili üçün təyin edilib.
“VERA-NG” qonşu ölkələrə xəbərdarlıq etmədən transsərhəd, uzunmüddətli və uzun məsafəli müşahidələri dəstəkləyir. Sistem sıfır elektromaqnit enerjisi yayır ki, bu da onu “görünməz” edir, yəni “görür”, amma “özü görünmür”. O, həmçinin istinad bazası üçün ESM məlumatlarının toplanması, işlənməsi və qiymətləndirilməsindən ötrü strateji ELINT (Electronic Intelligence) məlumatını təqdim edir.
“VERA-NG” passiv radar sistemi müasir təhdidlərə uyğunlaşdırılmış passiv radar innovasiyasıdır. Əsas xüsusiyyətləri multistatik passiv nəzarət sistemindən, TDOA prinsipinə əsaslanan yüksək dəqiqlikli hədəf lokalizasiyasının (2D, 3D) pelenqatorları üstələməsindən, hədəfləri, o cümlədən PUA-ları real vaxt rejimində izləməsindən, siqnal parametrlərinin dəqiq ölçülməsindən, impuls və davamlı dalğaların (CW – Continuous Wave) emalından, ELINT analizindən (daxili və impulslararası), uyğun olmayan hədəflərin avtomatik identifikasiyasından (NCTI – Non-Cooperative Target Identification), AirC2 hava komandanlığı və nəzarəti (Air Command and Control) və EWC2 (EDIUS WaveForm Cache) uyğunluğundan, mobil/stasionar olmasından və məsafədən idarə edilməsindən ibarətdir. Radar 400 km-ə qədər məsafədə 2D/3D rejimlərdə və 360O əhatə dairəsində hədəfləri izləyə bilir. Azimutal dəqiqliyi 0,01O təşkil edir. Real vaxtda 500 izləmə yerinə yetirir.
“Tropa” passiv radarı. Rusiyanın “OKB-Planeta” müəssisəsi tərəfindən havadan aşkar edilə bilməyən passiv radar yaradılıb. Radar təyyarələr və kəşfiyyat PUA-ları üçün görünməzdir. “Tropa” artıq sınaqlardan keçirilib və stansiya təyyarənin şəhərdəki rabitə qüllələrindən əks olunan siqnalını tutub. Bu radarda da sadə ideya tətbiq olunub – sistem televiziya yayımı və mobil rabitə qüllələrindən əksi istifadə edir, yəni radar yalnız qəbul üçün işləyir və özü heç nə şüalandırmır. Beləliklə düşmənin radiotexniki kəşfiyyat avadanlığı tərəfindən “görünmür və eşidilmir”.
Bir çox hərbi ekspertlərin fikrinə görə, bu texnologiyanın aşkarlama diapazonu yüzlərlə kilometrə bərabərdir. Təkcə, təyyarəni aşkar etmək deyil, həm də onun yaydığı siqnallar külliyatı ilə onun tipini və üzərində quraşdırılmış avadanlığı təyin etmək mümkündür. Onlar hesab edirlər ki, radar həm hərbi, həm də mülki sahədə öz tətbiqini tapacaq.
Hərbçilər üçün bu texnologiya həm də görünməzliyi ilə maraqlıdır. Belə ki, şüalanma antenası yoxdur və müvafiq olaraq, onu aşkar etmək və şüalanan radara yönəlmiş antiradar raketini tuşlamaq faktiki olaraq mümkün deyil.
Radar mülki sahədə, hava məkanına nəzarət üçün də tətbiq oluna bilir. Onu da qeyd etmək lazımdır ki, bu texnologiya böyük təkmilləşmə potensialına malikdir, çünki onun əsas hissəsi kompüter proqram təminatıdır.
Rusiya KİV-nin bildirməsinə görə, artıq potensial müştərilər, o cümlədən güc strukturları və toxunulmazlığı təmin etmək və özlərini casus dronlardan qorumaq istəyən fərdi müştərilər “Tropa” ilə maraqlanır.
Türkiyə şirkətlərinin inkişafları. Türkiyədə passiv radar sahəsində əhəmiyyətli işlər “Tübitak Bilgem”, “Aselsan”, “Havelsan” və “Havelsan EHSİM” şirkətləri tərəfindən aparılır.
Passiv yayım aşkaretmə sistemi “Tübitak” tərəfindən başladılıb. Layihə ilə qarşıya qəbuledici sistemlərlə təyyarədə müxtəlif yayımları təsbit edə bilən, əldə edilən məlumatları rəqəmsal emal edən, heç bir yayım etmədən mənbələri aşkar edib izləyə bilən bir sistemin yaradılması məqsəd qoyulmuşdu. Bundan başqa, “Tübitak” layihəsi ilə “Havelsan EHSİM” şirkətində yerüstü TV/radio ötürücülərindən istifadə edərək aviasiya vasitələrini aşkarlaya və izləyə bilən Passiv Birləşmələri Aşkaretmə Sistemi (PBAS – Pasif Bileşik Algılama Sistemi / Passive Compound Detection System) tətbiq olunub.
“Aselsan” şirkətinin Radar, Radioelektron Mübarizə və Kəşfiyyat Sistemləri (Radar, Elektronik Harp ve İstihbarat Sistemleri – REHİS) Sektorunun Radar Sistemləri Mühəndisliyi bölməsi passiv radar araşdırmalarını belə izah edib: “Türkiyədə bu mövzuda araşdırmalar aparılıb. Söhbət iki növ passiv radar qeyd olunur. Bunlardan biri aviasiya vasitələrində naviqasiya üçün istifadə edilən avionik cihazlardan yayılan yayımları dinləməklə daha çox radioelektron mübarizə sistemi kimi işləyən PYAS (Pasif Yayın Algılama Sistemi – passiv yayım aşkarlama sistemi) yayımlardır. PYAS müxtəlif yerlərdə yerləşən qəbuledicilərlə hava hədəflərində müxtəlif aşağı və yuxarı tezlik diapazonlu elektromaqnit enerji mənbələrinin yayımlarını/siqnallarını tutur və üçölçülü (3D) məkanda hədəfin mövqelənməsini həyata keçirir. Hava hədəflərindən yayımlanan aşağı tezlik diapazonunda siqnallar Mod 1, 2, 3AC, Mod-S, TDL (Link 16) və TACAN-dır. Üst tezlik diapazonunda isə siqnallar Radar və RF müdaxilələrindən qaynaqlanır. Digəri isə PBAS-dır, əsasən radio və ya televiziya stansiyalarının verilişlərinin hədəfə dəyib bizim qəbuledici antenalarımıza gəlməsi nəticəsində və ya yayımımız olmadığı halda, onlar mobil ötürücü mənbələrlə yaradılır. Bu mənada sistem bir az multistatikə bənzəyir. Bu məsələ ilə bağlı işlər də davam etdirilir. Bir sıra prototiplər də hazırlanmışdır. Bunlar araşdırmalı olduğumuz məsələlərdir. Burada şəbəkələşmiş işdə yaradılmış məlumatların vahid mərkəzdə birləşdirilməsi və oradan izlərin silinməsi kimi yüksək məlumatların vahid mərkəzə ötürülməsində rabitə problemlərini həll etmək lazımdır.”
Şirkət tərəfindən paylaşılan təqdimatda fərqli passiv radar sistemləri ilə ortaq mənzərə yaratmaq konsepsiyası yer alır. Konsepsiyada Türkiyə Silahlı Qüvvələrinin (TSK) kommunikasiya infrastrukturu olan TSK NET açıq şəkildə görünərkən, SSB tərəfindən Məlumat Sorğu Sənədi paylaşılan PARS ilə eyni adlı bir terminal adlandırılması görünür. Bundan başqa, təqdimatda tam vəzifəsi açıqlanmayan PEAS (ehtimal olunur ki, Performance Environment Actuators Sensors – Performans Ortamı Aktüatörleri Sensörler bildirir) adlı başqa bir sistem də var. Bu baxımdan Türkiyənin havada aşkarlama və izləmə işləri üçün passiv radar sahəsində ciddi araşdırmaların olduğu qiymətləndirilir. Ayrıca, passiv radar tədqiqatlarında verilənlərin birləşdirilməsi və şəbəkə tərəfindən dəstəklənən struktur təsviri gələcək nəsil aşkarlama və diaqnostika sistemləri üçün vacibdir.
PARS layihəsi üçün passiv radar sistemi həllində 16 maşından və PARS uzaqdan radar idarəetmə terminalından (PARS uzaktan radar kontrol terminali – PURKT) ibarət olan sistemə əlavə maşın (opsiyonel araç) kimi daxil edilən ayrıca 2 mobil məlumat mənbəsi maşını (mobil veri kaynağı aracı) və rele maşını (role aracı) bu vasitələrə TSK-NET vasitəsilə qoşulur. Ərazidəki passiv radarlar arasında olan və 3 aşkaretmə maşını (algılayıcı araç) və 1 ədəd məlumat inteqrasiyası və idarəetmə maşını (veri entegrasyon ve kontrol aracı) və PEAS sistemi barədə məlumatlar şirkət tərəfindən açıqlanmır. Bəzi məlumatlara görə, PEAS PARS layihəsinin optik sensorlarla təchiz edilmiş alt sistemidir.
“Tübitak Bilgem” İnformasiya Texnologiyaları İnstitutu (BTE) Radar Sistemləri şöbəsi, İstanbul Medipol Universiteti və Gebze Universiteti ilə birgə həyata keçirilən PYAS layihəsi çərçivəsində milli resurslara əsaslanaraq Hərbi Hava Qüvvələri üçün unikal passiv radar sistemi hazırlayıb. Hazırda sınaqları davam etdirilir.
“Havelsan EHSİM” şirkətinin qalibi olduğu tender Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının ehtiyacları üçün PBAS inkişafı “Tübitak Savtag” tərəfindən maliyyələşdirilən Ar-Ge layihəsi olaraq başladılıb. Layihənin məqsədi analoq FM radio, rəqəmsal radio (yerüstü) və rəqəmsal TV yayımlarından istifadə edən PBAS inkişaf etdirməkdir.
Layihə çərçivəsində ilk olaraq passiv radar siqnallarının alınması və qeydiyyatı sistemi (Pasif Radar Sinyal Toplama ve Kayıt Sistemi – STKS) istehsal edilmiş və bu sistemlə toplanan məlumatların sistem alqoritmləri hazırlanmışdır. STKS kommersiya avtomobilinə inteqrasiya edilmiş, FM və DAB diapazonları üçün antenalar istehsal edilmiş, antena şüalarını formalaşdıran qurğular və qəbuledicilər hazırlanmış, daha sonra qəbuledici və antenalar STKS avtomobilinə yerləşdirilmişdir. SKTS vasitəsi ilə siqnalları və məlumatları toplamaq üçün sahə sınaqları aparılmışdır. Toplanmış və qeydə alınmış siqnalların laboratoriya mühitində tədqiqi ilə hədəf aşkarlama və izləmə alqoritmləri hazırlanmışdır.
“Havelsan EHSİM” şirkətinin 4 nəqliyyat vasitəsindən ibarət PBAS/STKS məhsulu “Tübitak Bilgem” tərəfindən hazırlanmış və 4 ayrı konteynerdən ibarət PYAS ilə inteqrasiya və ya qarşılıqlı əlaqədə fəaliyyət göstərə bilər. PBAS/STKS və PYAS sistemləri aşağı radiolokasiya görünməsi sayəsində HİSAR-O/RF üçün hazırlanmış Land Rover Defender TTA şassisi üzərində qurulmuş elektro-optik sistem maşını tərəfindən dəstəklənir.
“Havelsan” şirkəti ilə Ukraynanın “Ukroboronprom” dövlət müdafiə sənayesi müəssisəsi arasında PASİS birgə istehsalına dair 2016-cı ildə Anlaşma Memorandumu imzalanıb. Bundan sonra, Kiyevdə keçirilən “Silah və Təhlükəsizlik-2016” sərgisi zamanı “Havelsan” şirkəti bu dəfə “Ukroboronprom”un nəzdində olan “Ukrinmaş” dövlət şirkəti ilə passiv radar istehsalı üçün əməkdaşlıq müqaviləsi imzalayıb. Layihə ilə qarşıya Türkiyə və Ukraynanın uzaqdan zondlama qabiliyyətini 600 km məsafəyə qədər artırmaq məqsədi qoyulub. Razılaşmaya əsasən, yeni passiv radar sisteminin yaradılması işləri Türkiyə tərəfindən maliyyələşdiriləcək və əldə edilən məhsul dünya bazarında tanınmış “Kolçuqa” passiv radarından fərqli olacaq (ESM/EDT sistemi 800 km məsafəni aşkar edə bilir).
Yeni deyil, bəs fərqi nədir? Uzaq ötürücüdən əks olunan ətraf radiosiqnallardan istifadə edərək passiv radar aşkarlama konsepsiyası yeni deyil. Yaxın tarixə qısa nəzər saldıqda və keçmiş zamanların radiotexniki kəşfiyyat stansiyalarını (RTK) araşdırdıqda ortaya bir neçə sual çıxır: Müasir dövrdə inkişaf etdirilmiş passiv radar sistemləri ilə mövcud RTK stansiyaları arasında fərq nədən ibarətdir? Çexiyanın “Ramona”, “Tamara” və “Vera-E”, Ukraynanın “Kolçuqa” RTK sistemləri passiv radar sistemlərindən nə ilə fərqlənir? Fərq ondadır ki, bu sadalanan RTK stansiyaları təyyarənin elektron avadanlığından şüalanmanı aşkarlayır. Əgər təyyarə radiosusma rejimində uçarsa və ya dar istiqamətli şüalanmadan istifadə edərsə, o zaman RTK heç nə aşkar edə bilmir. Qeyd etmək lazımdır ki, ABŞ-ı “dağıdan” yeni alman “TwInvis” texnologiyası eyni vaxtda ilkin siqnalı, məsələn, işlədiyi yer məlum olan kənar televiziya ötürücüsü ilə eyni, lakin təyyarədən əks olunan siqnalı və məsafəni alaraq, təyyarəyə qədər olan məsafəni bu siqnallar arasındakı vaxt fərqi ilə müəyyən edir.
Cari tədqiqatlar. Passiv radar sistemləri ilə bağlı tədqiqatlar bütün dünyada artan maraq doğurur. Müxtəlif açıq mənbə nəşrləri fəal tədqiqat və inkişafları göstərir. Bunlara misal olaraq: ABŞ-da Hərbi Hava Qüvvələri Tədqiqat Laboratoriyalarını, “Lockheed-Martin Missiya Systems” və “Raytheon” şirkətlərini, Vaşinqton Universitetini, Georgia Tech / Georgia Tech Araşdırma İnstitutunu və İllinoys Universitetini; Böyük Britaniyada “Roke Manor Research” mərkəzini, “QinetiQ” və “BAE Systems” şirkətlərini, Birmingham Universitetini, London Universitet Kollecini; Fransada ONERA hökumət laboratoriyaları daxil olmaqla bir neçə şirkəti; Almaniyada Fraunhofer-FHR-dəki laboratoriyalar daxil olmaqla bir neçə şirkəti; Polşada Varşava Texnologiya Universiteti daxil olmaqla bir neçə şirkəti; NATO-da Niderlanddakı C3 Agentliyini göstərmək olar.
Həmçinin Çin, İran, Avstraliya, İtaliya və Cənubi Afrikada da bir neçə dövlət və ya universitet laboratoriyalarında bu texnologiya üzərində fəal tədqiqatlar aparılır. Sistemin aşağı qiyməti bu texnologiyanı universitet laboratoriyaları və büdcəsi məhdud olan digər agentliklər üçün xüsusilə cəlbedici edir, çünki əsas tələblər daha az texniki təchizat və daha çox alqoritmik mürəkkəblik və hesablama gücüdür.
Hazırda bir çox cari tədqiqatlar müasir rəqəmsal yayım siqnallarının istifadəsinə yönəlib. ABŞ HDTV standartı passiv radarlar üçün xüsusilə yaxşıdır, çünki o, əla qeyri-müəyyənlik funksiyasına və çox güclü ötürücülərə malikdir. Dünyanın əksər yerlərində istifadə olunan DVB-T rəqəmsal televiziya standartı və onunla əlaqəli DAB rəqəmsal audio standartı daha mürəkkəbdir, ötürücü gücü daha aşağıdır və bir çox şəbəkələr bütün ötürücülərin işlədiyi zaman və tezlik üzrə sinxronlaşdırılmış “vahid tezlikli şəbəkə” rejimində konfiqurasiya edilmişdir. Diqqətli emal olmadan, passiv radar üçün xalis nəticə müxtəlif susdurucu retranslyatorlara bənzəyir.
Passiv radar aşkarlama sistemlərinin perspektivləri. Hədəfin koordinatlarını müəyyən etmək üçün ən azı iki, ən yaxşısı isə üç və ya daha çox qəbuledici antena olmalıdır. Buna uyğun olaraq sistem bistatik və ya multistatik radiolokasiya adlanır. Bu arada qeyd etmək yerinə düşər ki, artıq Rusiyada və bir çox xarici ölkələrdə, sıx mobil rabitə ilə əhatə olunmuş böyük şəhərlərdə və şəhərətrafı ərazilərdə 9 baza mobil rabitə qülləsi üçün bir qəbuledicili multistatik passiv radarlar yerləşdirilmişdir. Gələcəkdə az enerji sərfiyyatı tələb edən multistatik qəbuledicilərin pilotsuz uçuş aparatlarında (PUA) quraşdırılması və dar istiqamətləndirilmiş radiokanallardan istifadə edərək yüksək istehsalat imkanlı kompüterlərlə təchiz edilmiş yerüstü stansiya ilə vahid sistemə qoşulması nəzərdə tutulur. Bistatika əks olunan şüalanma əsasında işləyir, lakin burada söhbət şüalanmanın qüllələrə qaldırılmış (eləcə də perspektivdə PUA-larda) həm ötürücülü, həm də qəbuledicili multistatik radiolokasiyasından gedir.
Kommersiya və akademik passiv radar sistemləri. Hazırda hərbi təyinatlı passiv radar sistemləri ilə yanaşı həm kommersiya, həm də akademik təyinatlı passiv radar sistemləri yaradılıb və fəaliyyət göstərir.
Kommersiya təyinatlılar arasında açıq elan edilmiş və məlum olan sistemlərə bunlar daxildir: “Lockheed-Martin’s Silent Sentry” – FM-radiostansiyaların istifadəsi üçün; “BAE Systems Celldar” – GSM baza stansiyalarının istifadəsi üçün; “Aulos Selex ES” – passiv radar; “Thales Air Systems Homeland Alerter” – FM-radio əsaslı system; “Hensoldt” – çoxdiapazonlu passiv radar.
Akademik təyinatlılar arasında növbəti sistemlər yer tutur: Manastaş dağ silsiləsi radarı (Manastash Ridge Radar); Meteorun radio müşahidəsi üzrə beynəlxalq layihə (The International Project for Radio Meteor Observations, Radio Meteor Observation – RMOB); Alim radar sistemi (Alim radar system).
Müsbət və mənfi cəhətləri. Xatırladaq ki, hazırda passiv radar sistemlərinin həm tərəfdarları, həm də əleyhdarları mövcuddur. Və bu tərəflər arasında uzun müddətdir mübahisələr davam edir. Texnologiyanın tərəfdarları aşağıdakı üstünlükləri qeyd edirlər:
alış xərclərinin daha aşağı olmasını; ötürücünün və hərəkət edən hissələrin olmaması səbəbindən aşağı istismar və texniki xidmət xərclərinə malik olmasını; gizli əməliyyatların yerinə yetirilməsi imkanını, o cümlədən tezliklərin bölüşdürülməsinə ehtiyacın olmamasını; fiziki (qabarit ölçüləri) cəhətdən kiçik və buna görə də adi radarların açıla bilmədiyi yerlərdə asanlıqla yerləşdirilə bilməsini; adətən saniyədə bir dəfəyə bərabər tez yeniləmələrin mövcudluğunu; maneələrin yaradılması mürəkkəbliyini; radiasiya əleyhinə raketlərə qarşı müqavimətin mövcudluğunu.
Texnologiyanın əleyhdarları aşağıdakı çatışmazlıqları səsləndirirlər:
yetişməmişliyi; üçüncü tərəf işıqlandırıcılarına etibar olunmasını; ərazidə yerləşdirmə mürəkkəbliyini; 1D/2D rejimlərində işləmə, lakin 3D rejimi üçün 2 fərqli sistemdən (hündürlük + məsafə) istifadə etmək mümkünlüyünü.
ABŞ əleyhinədir. Baxmayaraq ki, ABŞ-ın “Avtec Systems”, “Dynetics” və “Lockheed-Martin Silent Sentry” şirkətləri də passiv radarların yaradılması istiqamətində inkişaf işləri yerinə yetirirlər, ABŞ kütləvi informasiya vasitələri Almaniyanın “TwInvis” “möcüzə radarını” F-35 təyyarəsini aşkar etmək qabiliyyətinə görə “boş şey” adlandırıblar. İddia olunur ki, passiv radar sistemi adi radarları hədəfə yönəldən kimi potensial hədəfin müdafiə sistemləri bundan xəbər tutacaq. Yeni nəsil stels qırıcılar marşrutu dəyişdirmək üçün məlumatlılıqlarından istifadə edəcəklər. Həmçinin, yerləşmə yeri haqqındakı məlumatları saxtalaşdıra və ya radar sistemlərini kor edə bilən radioelektron mübarizə vasitələrindən istifadə ediləcək. Bundan başqa, onun qoşulduğu təyyarə və ya digər platformalar bu obyektləri məhv edə bilər, çünki passiv radarlardan fərqli olaraq axtarış və aşkarlama sistemləri aktiv şüalanma mənbəyidir.
Mütəxəssis rəyi. Bəzi hərbi mütəxəssislər bildirilər ki, passiv sistem yuxarı yarımkürədə onların əksini axtarmaq üçün mülki televiziya və radio ötürücülərinin siqnallarından istifadə edir. Bu cür ötürücülərin gücünü nəzərə alsaq, bu, çox real bir işdir. Bu sistemin ikinci üstünlüyü isə məkan olaraq ayrılmış ötürücü və qəbuledici üçün təyyarənin güzgü əksindən istifadə edilməsidir. Almaniyanın “TwInvis” passiv radar sistemi Polşada yerləşən güclü ultraqısa dalğalı (UQD, VHF – very high frequency) metrlik diapazonlu yayım ötürücüləri ilə birlikdə bistatik rejimdə işləyir. Bu radiodalğalar diapazonunda stels texnologiya yalnız silahlanmadan çıxarılan yeganə F-117 təyyarəsinin malik olduğu tinli planer tərəfindən təmin edilə bilir.
Lakin “Popular Mechanics” nəşrinin bildirməsinə görə, “Hələlik “TwInvis” yalnız yaxınlaşan görünməz qırıcı üçün erkən xəbərdarlıq radarı kimi faydalıdır. “TwInvis” radarı kifayət qədər mükəmməl deyil. Texnologiya perspektivli səslənir, lakin “TwInvis” sisteminə F-35 təyyarəsinii tapmağa kömək edən bir sıra amillər var. Birincisi, onlar F-35 təyyarəsinin nə vaxt yaxınlaşdığını bilirdilər və onu müəyyən etmək üçün təyyarənin ADS-B (Automatic dependent surveillance-broadcast) avtomatik asılı müşahidə-yayım transponderlərindən gələn siqnallardan istifadə edə bilirdilər. Müharibə zamanı düşmənlər təyyarənin nə vaxt gələcəyini bilməyəcəklər və ADS-B şüalandırıcıları söndürüləcək”.
Nəşr daha sonra qeyd edir ki, radarla bağlı başqa bir problem isə bu iş metodu üçün fundamental bir şey olaraq stels təyyarələri aşkar etməkdən ötrü mülki ötürücülərdən gələn siqnallardan istifadə olunmasıdır. Dünyanın bir çox yerlərində, xüsusən su üzərində və ya quruda ucqar bölgələrdə məlumat toplamaq üçün çoxsaylı siqnal olmayacaq. Stels təyyarələri olan bir ölkə, “TwInvis” sisteminə bənzər radarları məhv etmək üçün kiberhücumlar və bomba zərbələri ilə mobil şəbəkələri söndürə bilər. Bununla yanaşı, “TwInvis” sistemi stels təyyarələri aşkar etmək üçün nəzərdə tutulmuş əlavə sistemlər zərfinin bir hissəsi ola bilər. Bu da göz qabağındadır ki, “TwInvis” F-35 təyyarələrini 150 km məsafədə aşkar edə bilən yeganə passiv radar sistemidir.
Nəticə. Qeyd edildiyi kimi sistemin həm tərəfdarları, həm də əleyhdarları mövcuddur. Və bu tərəflər sistemin ətrafında uzun müddətdir ki, mübahisə edirlər. Tərəfdarların fikrincə unutmaq lazım deyil ki, “stealth” görünməzlik demək deyil, əleyhdar olan ABŞ mütəxəssisləri isə bunu əsla eşitmək istəmir. Əslində, “stealth” termini “az nəzərə çarpan” mənasını verir. Yəni, əgər adi bir təyyarəni, məsələn, 500 km məsafədən “sezmək” olarsa, o zaman “stealth” təyyarəni 150-200 km məsafədən “sezmək” mümkündür. Qeyd edək ki, “stealth texnologiya”nın boş şey və effektiv səpələnmə sahəsinin (ESS) effektivliyinin çox şübhəli olduğu qənaətinin tərəfdarları getdikcə daha da artır.
Bununla belə, illər keçdikcə passiv radar hələ də stels-texnologiyanı yararsız hala salacaq həddi aşa bilməyib. Niyə? Bu səbəblərin tam siyahısı isə çox böyükdür.
Ümumilikdə isə demək olar ki, indiyədək iki informasiya qrupu özünü biruzə verib: onlardan biri “stealth eranın sonu”nu bəyan edir, digəri “stealth” texnologiyaya qarşı dünyada “üsul” olmadığını bütün gücü ilə bəyan etməyə çalışır.\
Əhəd Əzizov