
Finlandiyanın “Patria” şirkəti Slovakiyaya 8×8 təkər formullu “Patria AMV XP” zirehli ambulanslarının son partiyasını təhvil verib.
“Poliqon” “Patria”ya istinadən xəbər verir ki, çatdırılan 10 ədəd zirehli ambulans 2022-ci ildə imzalanmış G2G müqavilə çərçivəsində Slovakiya Ordusuna tədarükü nəzərdə tutulmuş 76 ədəd “Patria AMV XP” zirehli döyüş maşını proqramının (60 ədəd piyada döyüş maşını, 10 ədəd zirehli ambulans və 6 ədəd komanda məntəqəsi maşını) tərkib hissəsidir.
Şirkətin bildirdiyinə görə, layihə çərçivəsində Slovakiya müdafiə sənayesi ilə əməkdaşlıq edilib.
Beləliklə, bu proqram yalnız hərbi mobilliyi gücləndirmir, həm də texnologiya transferi vasitəsilə Slovakiyanın yerli sənaye potensialını artırır və uzunmüddətli təchizat təhlükəsizliyinə töhfə verir.
Qeyd olunub ki, texnologiya transferi “Patria”nın biznes modelinin əsas istiqamətlərindən biridir və bu yanaşma yerli istehsal və texniki imkanların inkişafına şərait yaradır.
“Patria AMV XP” modul quruluşa malik və yüksək qoruma səviyyəsi ilə seçilən müasir zirehli maşın ailəsi kimi tanınır. O, döyüş şəraitində yüksək hərəkətlilik və müdafiə qabiliyyəti təqdim edir. Zirehli döyüş maşını istifadəçiyə əldəqayırma partlayıcı qurğu və ballistik hücumlara qarşı üstün mühafizə, həmçinin mina partlayışlarına qarşı STANAG lv 4a/4b qorunma təmin edir.
Zirehli maşın fərqli döyüş modulları, hava hücumundan müdafiə sistemləri və pulemyotlarla silahlandırıla bilər ki, bu da personala müxtəlif əməliyyatları yerinə yetirməyə imkan verir. Bundan başqa, ondan radar, elektronik müharibə, mühəndis və tibbi təxliyə maşını kimi də istifadə etmək mümkündür.
15000 kq faydalı yük götürə bilən “Patria AMV XP”nin maksimum döyüş ağırlığı 32000 kiloqramdır. 600-1000 kilometr mənzilə sahib zirehli maşın quruda maksimum 100 km/saat sürətlə hərəkət etmək, suda isə 6-10 km/saat sürətlə üzmək bacarığına malikdir.
7+2 pilləli avtomatik sürətlər qutusu ilə təcihz edilən “Patria” AMV XP-ni 450 kVt güc və 2250 Nm fırlanma anına sahib sıralı altı silindirli mühərrik hərəkətə gətirir.




